Ana Sayfa > Siyasət > YAP Tovuz və Qazax rayon təşkilatlarının birgə təşkilatçılığı ilə tədbir keçirilib
YAP Tovuz və Qazax rayon təşkilatlarının birgə təşkilatçılığı ilə tədbir keçirilibBu gün, 15:54. Yazar: azer |
![]() YAP Tovuz rayon təşkilatının Səməd Vurğun küçəsi ərazi partiya təşkilatında (2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarələri) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elşən Şirinov və partiya fəalları iştirak ediblər. İlk olaraq çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn mühüm məsələlərə toxunub. O, çıxışında ölkəmizin qarşısında duran vəzifələrin yerinə yetirilməsində ideoloji işin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu istiqamətdə partiya fəallarının üzərinə böyük məsuliyyət düşür. Qeyd edib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin, həyata keçirilən məqsədyönlü siyasətin və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinin ictimaiyyətə düzgün və dolğun şəkildə çatdırılması vacibdir. Nihad Pənahov vurğulayıb ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan qüvvələrə qarşı ən tutarlı cavab ölkəmizin real nailiyyətlərini, inkişafını və əldə etdiyi uğurları əsaslı faktlarla ictimaiyyətə çatdırmaqdır. Bu baxımdan partiya fəalları ideoloji işdə daha fəal olmalı, cəmiyyətdə düzgün ictimai rəyin formalaşmasına öz töhfələrini verməlidirlər. Sonra çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində toxunduğu mühüm məsələlər barədə ətraflı danışıb. O, çıxışında fiziki risklər və mövcud çağırışlar, 2027-ci ildə pensiyaların və sosial ödənişlərin artırılması məsələsi, eləcə də Azərbaycanın digər sahələrdə qazandığı uğurlar barədə fikirlərini bölüşüb. Anar Nəbiyev qeyd edib ki, müasir dövrdə qarşıya çıxan ideoloji və fiziki risklərə çevik, düşünülmüş və düzgün yanaşmaq, baş verən prosesləri obyektiv qiymətləndirmək və dövlətimizin maraqlarını hər zaman üstün tutmaq mühüm əhəmiyyət daşıyır. O, partiya fəallarını üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə, ideoloji işin səmərəliliyini artırmağa, ölkəmizin uğurlarının təbliğində fəallıq göstərməyə və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb. Digər çıxış edənlər – 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elşən Şirinov, partiya fəalları Polad Ağakişyev, Aqil Qasımov və Afət Eyyubova da Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, dövlət başçısının qurultayda səsləndirdiyi fikirlər və müəyyən etdiyi strateji hədəflər partiyanın hər bir üzvü üçün mühüm fəaliyyət istiqaməti, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından isə aydın yol xəritəsidir. Bildirilib ki, hər bir partiya üzvü öz fəaliyyətində bu hədəfləri əsas götürməli, dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi, ölkəmizdə həyata keçirilən islahatların və əldə olunan nailiyyətlərin təbliği istiqamətində fəallıq göstərməlidir. Çıxış edənlər, həmçinin ideoloji işin gücləndirilməsinin, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının və dövlət başçısının müəyyən etdiyi vəzifələrin həyata keçirilməsinə dəstək verilməsinin vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların geniş ictimaiyyətə çatdırılması, dövlət siyasətinin mahiyyətinin izah edilməsi və milli maraqların qorunması hər bir partiya fəalının əsas vəzifələrindəndir. Geri dön |