Ana Sayfa > Siyasət > Zəngilanın azadlığı və dirçəlişi – yeni inkişafın təməli
Zəngilanın azadlığı və dirçəlişi – yeni inkişafın təməliBu gün, 14:16. Yazar: azer |
![]() Zəngilan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq siyasətinin mühüm nümunələrindən biridir. Burada məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, həm də müasir infrastruktur yaratmaq, əhalinin rifahını yüksəltmək və bölgənin iqtisadi inkişafını təmin etməkdir. Zəngilanın timsalında Böyük Qayıdış siyasətinin həm sosial, həm iqtisadi, həm də strateji əhəmiyyəti aydın görünür. Zəngilanın bərpasında Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi yer tutur. 2021-ci il aprelin 26-da təməli qoyulan layihə müasir texnologiyaların tətbiqini, enerji və su ehtiyatlarından səmərəli istifadəni, sosial xidmətlərin inkişafını nəzərdə tutur. Kənddə günəş panelləri, su elektrik stansiyası, yüksəksürətli internet, məktəb, bağça və tibb məntəqəsi yaradılıb. 2022-ci ilin mayında ilk sakinlərin Ağalıya köçürülməsi Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərdi. Ağalıda qurulan müasir yaşayış modeli Zəngilanın digər ərazilərinin inkişafı üçün də nümunədir. Cənab Prezident İlham Əliyevin Zəngilana səfərləri zamanı bölgədə görülən işlərə diqqət yetirilməsi dövlətin bu ərazinin inkişafına verdiyi önəmi göstərir. Zəngilan Beynəlxalq Hava Limanı rayonun nəqliyyat imkanlarını genişləndirir, gələcəkdə yükdaşımaların və iqtisadi əlaqələrin inkişafına şərait yaradır. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu isə azad edilmiş ərazilərin ölkənin nəqliyyat sisteminə inteqrasiyasında mühüm rol oynayacaq. Bu layihələr Zəngilanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Böyük Qayıdışın davamlı olması üçün sakinlərin işlə təmin edilməsi, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığın yaradılması, sosial infrastrukturun inkişafı vacibdir. Bu gün Zəngilanda yaşayış məntəqələri bərpa olunur, yollar çəkilir, istehsal layihələri həyata keçirilir və insanların doğma torpaqlarına qayıdışı təmin edilir. Oktyabrın 20-də qeyd olunan Zəngilan Şəhəri Günü həm tarixi Zəfərin, həm də bölgədə başlayan yeni inkişaf mərhələsinin rəmzidir. Zəngilanda həyata keçirilən layihələr Azərbaycanın azad edilmiş əraziləri yenidən qurmaq, əhalinin rifahını yüksəltmək və regionun gələcəyini möhkəm təməllər üzərində formalaşdırmaq məqsədini əks etdirir. Sevinc Hüseynova "KQİ" tresti, Protokol, icraya nəzarət və sosial şöbənin böyük mühəndisi,YAP Dəniz Neftçiləri ƏPT-nin üzvü Geri dön |