Ana Sayfa > Siyasət > Cavahir Əhmədova: Zəngilan – Tarixi Zəfərin təntənəsi
Cavahir Əhmədova: Zəngilan – Tarixi Zəfərin təntənəsiBu gün, 14:13. Yazar: azer |
![]() Azərbaycanın müasir tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına yalnız təqvim tarixi kimi deyil, milli iradənin, dövlət qüdrətinin və Vətənə bağlılığın təntənəsi kimi həkk olunur. 20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlıların sevincini, Azərbaycan xalqının qürurunu və dövlətimizin tarixi ədaləti bərpa etmək əzmini özündə birləşdirir. 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan 27 il ərzində ağır sınaqlarla üzləşdi. Doğma evlərindən didərgin düşən sakinlər Vətən həsrəti ilə yaşasalar da, torpaqlarına qayıdacaqlarına olan inamlarını itirmədilər. 2020-ci ildə başlanan Vətən müharibəsi isə bu inamı gerçəyə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Zəngilanın azad edilməsindən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri bu ərazilərdə həyatın yenidən qurulması, sakinlərin təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi idi. Möhtərəm Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri bu istiqamətdə görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir. Dövlət başçısının 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaltması suverenliyimizin təntənəsinin rəmzinə çevrildi. Sonrakı səfərlərdə isə konkret quruculuq layihələrinin təməli qoyuldu, mühüm infrastruktur obyektləri istifadəyə verildi və sakinlərin doğma torpaqlarına qayıdışı istiqamətində ardıcıl addımlar atıldı. Zəngilanın inkişafında Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi əhəmiyyət daşıyır. Müasir yaşayış evləri, sosial obyektlər, təhsil və xidmət infrastrukturu ilə seçilən Ağalı kəndi Böyük Qayıdışın ilk mühüm nümunələrindən biri oldu. İnsanların öz doğma torpaqlarında yenidən məskunlaşması, uşaqların doğma kəndlərində təhsil alması və ailələrin gələcəyə inamla baxması dövlətimizin həyata keçirdiyi siyasətin ən mühüm nəticələrindəndir. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı da rayonun gələcək inkişafı baxımından mühüm hadisə oldu. Möhtərəm Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Bu layihə Zəngilanın nəqliyyat imkanlarının genişlənməsi, bölgənin iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Sonrakı illərdə elektrik enerjisi, yol infrastrukturu, yaşayış kompleksləri və sosial obyektlər sahəsində görülən işlər rayonun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. 2025-ci ildə Ağalı və Məmmədbəyli kəndlərində yeni yaşayış imkanlarının genişləndirilməsi, 2026-cı ilin mayında isə Zəngilan şəhərində ilk 104 mənzilli yaşayış kompleksinin istifadəyə verilməsi doğma yurda qayıdış prosesinin davamlı xarakter aldığını göstərir. Bu tədbirlər insanların yalnız evlə təmin olunması deyil, həm də öz torpaqlarında sosial və iqtisadi həyata yenidən qoşulması baxımından mühüm əhəmiyyət kəsb edir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycanın tarixi Zəfərinin, dövlətimizin qüdrətinin və milli birliyimizin təcəssümüdür. Zəngilanda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin gələcəyinə dair aydın inkişaf strategiyasına malik olduğunu nümayiş etdirir. Möhtərəm Prezident İlham Əliyevin cənablarının rəhbərliyi ilə həyata keçirilən bu siyasət Zəngilanın iqtisadi və sosial potensialının reallaşdırılmasına, bölgənin ölkəmizin ümumi inkişafına daha böyük töhfə verməsinə zəmin yaradır. Bu gün Zəngilanın yenidən qurulması Azərbaycanın tarixi torpaqlarında həyatın bərpasının və gələcəyə inamla irəliləməsinin mühüm göstəricisidir. Cavahir Əhmədova YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini Geri dön |