Ana Sayfa > Manşet / Özəl > Kainatın gizli əlifbası: İnsan kəşf edir, yoxsa mövcud olanı aşkarlayır?
Kainatın gizli əlifbası: İnsan kəşf edir, yoxsa mövcud olanı aşkarlayır?Bu gün, 11:02. Yazar: azer |
![]() İnsan nəyisə kəşf edəndə daxili bir qürurla elə zənn edir ki, həmin hadisə, yaxud imkan məhz onun zəkası sayəsində, o anda yaranıb. Halbuki tarixin ən böyük tapıntıları belə bizdən çox-çox əvvəl də sükunət içində öz vaxtını gözləyirdi. Elektrik lampası icad olunanda elektrik enerjisi yenicə yaranmamışdı, yaxud radio dalğaları ilk qəbuledici istehsal olunanda meydana gəlməmişdir. Planetlər Nyutondan əvvəl də eyni qanunlarla dövr edirdi. Dəyişən təbiətin özü deyil, dəyişən insanın onu anlamaq, sirlərinə nüfuz etmək və imkanlarından faydalanmaq bacarığıdır. Bu mənzərə məni həmişə varlığın mahiyyəti barədə düşünməyə vadar edib. Bəlkə də bəşəriyyətin real tarixi sıfırdan nəsə yaratmaq deyil, əvvəldən mövcud olanı tanımaq, oxumaq və həyatda tətbiq etməyi öyrənmək prosesidir. Əlbəttə, texnoloji nailiyyətlərimiz real yeniliklərdir. Lakin unuduruq ki, o texnologiyaları işlədən fiziki qanunlar, riyazi münasibətlər insan iradəsindən və arzusundan tamamilə asılı olmayaraq zatən mövcud olub. Burada daha mürəkkəb, bir az da narahat edici bir sual ortaya çıxır: Əgər kainat biz onu dərk etməzdən əvvəl də belə mükəmməl bir nizama tabe idisə, bu nizamın arxasında daha dərin, gizli bir proqram, bir memarlıq üslubu dayana bilərmi? Başımıza gələnlər və ətrafımızda baş verənlər sadəcə kortəbii proseslərin gedişatıdır, yoxsa kainatın ümumi axınına yön verən, bizə hələ məlum olmayan qərarverici qüvvələrin mövcudluğunu da fəlsəfi bir ehtimal kimi masaya qoymalıyıq? Açığı, bugünkü elmi biliklərimizlə bu suala birmənalı "hə" və ya "yox" cavabı vermək imkanımız yoxdur. Amma sualın özü belə insan idrakının sərhədlərini aşır. Məqsədim mifik və ya mistik qüvvələrin varlığını iddia etmək deyil, sadəcə hələ tam izah edə bilmədiyimiz reallıq üzərində düşünmək imkanlarımızı xatırlatmaqdır. Bunun üçün ilk növbədə dilimizdəki iki mühüm anlayışı – "kəşf" və "ixtira"nı bir-birindən mütləq ayırmalıyıq. Kəşf – təbiətdə gizlənən bir qanunu aşkar etmək, pərdəni qaldırmaqdır. İxtira isə həmin tapılmış biliklə yeni bir vasitə, üsul ərsəyə gətirməkdir. Biz uçmaq üçün təyyarə düzəldirik (ixtira edirik), amma bizi havada saxlayan aerodinamika qanunlarını özümüz yaratmadıq. Kompüteri biz yığırıq, lakin onun beyni riyazi məntiqin əzəli prinsipləri ilə işləyir. Deməli, insanın yaradıcı gücü yoxdan qanun var etmək deyil, mövcud qanunları oxuyub onlardan istifadə yolları tapmaqdır. Təsəvvür edin ki, qarşımızda nəhəng, qədim bir kitab var. Səhifələri, mətni yerindədir, amma oxucu hələ əlifbanı bilmir. Kitabın varlığı danılmazdır, sadəcə onun məzmunu hələki əlçatan deyil. İnsanlıq da bu gün həmin kitabın ilkin səhifələrini hecalaya-hecalaya, yavaş-yavaş oxumağa başlayıb. Zaman keçdikcə, əlifbanı öyrəndikcə səhifələr vərəqlənir. Kainatla münasibətimiz də tam olaraq belədir. Elm hadisələri müşahidə edir, riyaziyyat bu hadisələrin dilini yazır, fizika və kimya maddəni öyrənir, biologiya isə həyatın mexanizmini anlamağa çalışır. Hər yeni kəşf, o böyük mətndən oxuya bildiyimiz növbəti bir cümlədir. Bəs biz sadəcə kənardan baxan passiv müşahidəçilərik, yoxsa bu nizamın daxili məntiqini dərindən hiss edə biləcək bir bağa sahibik? Bu suallar elmi aksiomalar deyil, fəlsəfənin ucu-bucağı görünməyən cığırlarıdır. Dünyada hər şey qaçılmaz səbəblərləmi baş verir, hər şey əvvəlcədənmi yazılıb, yoxsa reallıqda təsadüfə, azad seçimə və xaosa da yer var? Gündəlik həyatın qaçhaqaçında biz çox vaxt hadisələrin yalnız görünən, səthi tərəfi ilə qarşılaşırıq. Səbəblər isə dərində gizlənir. Bəzən başımıza gələn bir hadisənin real səbəbi və ya nəticəsi illər sonra aydın olur, bəzən isə ömür boyu o düyünü açmağa gücümüz çatmır. Bax, elə bu acizlik bizdə "bəlkə də hər şey daha böyük bir ssenarinin tərkib hissəsidir" düşüncəsini reallaşdırır. "Kainat tərəfindən idarə olunma" fikri mənə həmişə maraqlı gəlib. Bunu kainatın özünün şüurlu bir varlıq olması kimi də anlamaq olar, yaxud bizə naməlum qalan qərarverici mexanizmlərin təsir gücü kimi də. Hər iki yanaşma fərqli fəlsəfi suallar doğurur. Təbii ki, bu gün əlimizdə belə bir gizli idarəetməni sübut edən etibarlı elmi fakt yoxdur. Lakin məsələni "fakt" kimi iddia etməklə, onu bir "fəlsəfi ehtimal" kimi araşdırmaq arasında dağlar qədər fərq var. Birincisi insanı ehkama aparır, ikincisi isə düşüncənin üfüqlərini genişləndirir. Biz dünyanı necə var, elə görmürük. Onu hiss orqanlarımızın, beynimizin və əlimizdəki cihazların imkan verdiyi qədər qavrayırıq. Gözümüz elektromaqnit şüalanmanın yalnız kiçik bir hissəsini (görünən işığı) tutur, qulağımız müəyyən tezliklərdən o tərəfə keçə bilmir. Deməli, birbaşa yaşadığımız dünya ilə obyektiv reallıq arasında böyük bir boşluq var. İdrakımız bu qədər məhduddursa, kainatın bütöv mənzərəsini anladığımızdan necə əmin ola bilərik? Buna baxmayaraq, tariximiz göstərir ki, insan öz bioloji məhdudiyyətlərini aşmağı bacaran yeganə varlıqdır. Gözümüzün görmədiyini teleskopla və mikroskopla gördük, yaddaşımızın yetmədiyi yerdə kitablar, kitabxanalar və indi də internet köməyimizə çatdı. Bu gün heyranlıqla izlədiyimiz süni intellekt də bu təkamülün növbəti mərhələsidir. Onun əhəmiyyətini "insanı əvəz edəcək, ya yox" kimi bəsit suallarla məhdudlaşdırmaq düzgün olmazdı. Süni intellekt insanın gözdən qaçırdığı nəhəng məlumatlar dəryasındakı gizli əlaqələri tapmaq üçün sadəcə güclü bir fənərdir. Amma o fənəri hara tutmağı yenə də insan zəkası və onun təfəkkürü müəyyən edir. Bəlkə də gələcəkdə "Ali İntellekt" dediyimiz anlayış ayrıca bir robot və ya super-kompüter olmayacaq. O, insan şüurunun, rəqəmsal alətlərin və bəşəriyyətin ortaq yaddaşının birləşməsindən doğan yeni bir idrak modelinə çevriləcək. Lakin burada başqa bir əbədi dilemma qarşımızı kəsir: Əgər hər şey əvvəlcədən qurulmuş böyük bir nizamın içində cərəyan edirsə, bizim fərdi seçimlərimiz, iradəmiz və məsuliyyətimiz hara yox olur? Bu, fəlsəfənin ən qədim yarası olan determinizm və azad iradə qarşıdurmasıdır. Kainatda bizə naməlum qüvvələrin hökmranlığını fərz etsək belə, bu, insanın üzərindəki məsuliyyəti götürmür. Çünki insan qərar verir, səhv edir, o səhvdən nəticə çıxarır və yolunu dəyişir. Hadisələrin daha dərin zəncirlərlə bir-birinə bağlı olması bizim düşünmək və əsil insan vazifəmizi ləğv edə bilməz. Hər şeyi bildiyini düşünən beyin yeni suallara qapalıdır, inkişafı dayandırır. Öz bilmədiklərinin miqyasını qəbul edən təfəkkür isə həmişə yoldadır, axtarışdadır. Mənim üçün bu mövzunun əsl dəyəri kainatın sirlərinə birdəfəlik cavab tapmaq iddiası deyil. Əsas məsələ insanın görünən reallıqla kifayətlənməyib, pərdənin arxasını görmək cəhdində, öz idrakının sərhədlərini sorğulamaq cəsarətindədir. Bəlkə də "Kainatın gizli əlifbası" elə budur. Onun dilini öyrənib, özümüzü o böyük nizama kökləmək. Rövşən Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Geri dön |