Ana Sayfa > Siyasət > AQEM-in VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik uğurlarının göstəricisidir.
AQEM-in VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik uğurlarının göstəricisidir.Bu gün, 09:52. Yazar: azer |
![]() Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı bu məsələlərin aktuallığını bir daha gündəmə gətirib. Dövlət başçısı Azərbaycanın keçdiyi tarixi yola, ərazi bütövlüyünün bərpasına, beynəlxalq hüququn aliliyinə və təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, eləcə də müstəqil xarici siyasəti ilə Avrasiya məkanında birləşdirici mərkəz kimi çıxış edir. Ölkəmizin müxtəlif dövlətlərlə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı həm qarşılıqlı maraqlara xidmət edir, həm də regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin vurğulanması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini nümayiş etdirir. Bu yanaşmaya görə, beynəlxalq hüquq bütün dövlətlərə eyni qaydada tətbiq olunmalı, siyasi maraqlar hüquqi öhdəliklərin yerinə yetirilməsinə mane olmamalıdır. Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ikili standartlarla üzləşdiyini, ərazilərimizin uzun illər Ermənistanın işğalı altında qaldığını xatırladıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra edilməməsi beynəlxalq hüququn təminatı ilə bağlı ciddi problemləri üzə çıxarıb. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz qalıb. Ermənistanın işğal siyasəti, azərbaycanlıların doğma torpaqlarından qovulması və yaşayış məntəqələrinin dağıdılması fonunda beynəlxalq ictimaiyyətin təsirli addımlar atmaması problemin uzun illər həllsiz qalmasına şərait yaradıb. Beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onların icrasını təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Əks halda, təcavüzkarın cəzasız qalması yeni münaqişələrə və təhlükəsizlik risklərinə yol aça bilər. 2020-ci ilin Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat hərbi əməliyyatları dayandırsa da, ölkəmizin suverenliyinin tam bərpası məsələsi həll olunmamış qalırdı. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi və separatizmin fəaliyyətinə son qoydu. Beləliklə, ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyevin “Müharibə bizim seçimimiz olmayıb” fikri münaqişənin tarixi səbəblərinə və Azərbaycanın mövqeyinə aydınlıq gətirir. Ölkəmiz uzun illər diplomatik yollarla problemin həllinə çalışsa da, beynəlxalq qərarların icra edilməməsi və işğalın davam etməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Azərbaycan qələbədən sonra sülh gündəliyini irəli sürməklə regionda sabitliyin təmin olunmasına üstünlük verdiyini nümayiş etdirib. Bununla belə, dayanıqlı sülh qarşılıqlı hörmət, ərazi iddialarından imtina və dövlətlərin suverenliyinin tanınması əsasında qurulmalıdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində görülən işlərə də toxunub. Dövlətimizin başçısı qeyd edib ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür: “Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”. Nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi önəmin göstəricisidir. Bu istiqamətlər iqtisadi əlaqələrin möhkəmlənməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və üzv dövlətlər arasında qarşılıqlı etimadın artmasına xidmət edir. Ümumilikdə, Bakı Zirvə Görüşündə səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, milli maraqlarını qətiyyətlə müdafiə edən və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş xarici siyasət kursunun təqdimatı oldu. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş suverenlik və təhlükəsizlik nailiyyətlərini qorumaqla yanaşı, regional sabitliyə, iqtisadi inteqrasiyaya və Avrasiya məkanında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına töhfə verməkdir. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |