Ana Sayfa > Dünya > Tramp Avropada qiyam törətdi, “qoca qitə”də sabitlik dövrü bitdi: Fransada xaos dərinləşir, parçalanma mərhələsi başlayır

Tramp Avropada qiyam törətdi, “qoca qitə”də sabitlik dövrü bitdi: Fransada xaos dərinləşir, parçalanma mərhələsi başlayır


Bu gün, 23:11. Yazar: vasif
Tramp Avropada qiyam törətdi, “qoca qitə”də sabitlik dövrü bitdi: Fransada xaos dərinləşir, parçalanma mərhələsi başlayır


Fransa da daxil olmaqla, Avropa ölkələrinin düçar olduqları sosial-iqtisadi böhranın kökləri çox dərindir və onun yaxın vaxtlarda aradan qaldırılması üçün ölkədaxili qətiyyən resurslar yetərli deyil... Ona görə də, Avropa ölkələrində yaşayış səviyyəsinin sürətlə aşağı düşməsindən narazı olan əhali kütləvi şəkildə etiraza qalxır, hətta küçə iğtişaşları törədirlər və belə anlaşılır ki, “qoca qitə”də firavan həyat, sabitlik dövrü artıq arxada qalıb...
Avropa məkanında sülh, sabitlik və əmin-amanlıq dövrü tədricən sona çatmağa doğru yaxınlaşır. Belə ki, son vaxtlar “qoca qitə” ölkələrində xarici hərbi təhlükə ilə bağlı ciddi narahatlıq və daxili problemlərin doğurduğu gərginlik bir-birinə paralellik təşkil edir. Ona görə də, hazırda əksər Avropa ölkələrində, xüsusilə də, Fransa, İtaliya, Belçika və Albaniyada siyasi-iqtisadi böhran dərinləşir. Və bu prosesin yaxın vaxtlarda digər ölkələrə də sıçrayaraq, bütün Avropa məkanını bürüyə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, hazırda adıçəkilən ölkələri genişmiqyaslı kütləvi etiraz dalğası bürüyüb. Hələlik küçə toqquşmalarının, iğtişaşların və kütləvi etiraz dalğasının dərinləşdiyi Avropa ölkələri mövcud vəziyyətdən çıxış yolu tapmaqda açıq-aşkar çətinlik çəkirlər. Ona görə də, yerli hökumətlər ölkədaxili sosial-siyasi böhranı müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Məsələn, Albaniya siyasi dairələri bu ölkəyə kənardan kobud müdaxilə olduğunu, hakimiyyət çevrilişinə cəhd göstərildiyini iddia edir. Və bu baxımdan, rəsmi Tirana Rusiyanı Albaniyada dövlət çevrilişi etməyə çalışmaqda suçlayır.

Ancaq Fransa, İtaliya və Belçikada baş verənlər daha çox ölkədaxili sabitliyin pozulmasına yol açan sosial-iqtisadi böhrandan qaynaqlanır. Ancaq burada da kənar təsirlərin rolu olmamış deyil. Belə ki, ABŞ-ın son davranışları, Ağ Evin Avropa Birliyi ölkələri ilə münasibətləri korlaması indiki mərhələdə həlledici faktor kimi diqqəti çəkir. Çünki Ağ Ev Avropa məkanının təhlükəsilik məsuliyyətini ABŞ-ın üzərindən tamamilə atmağa başlayıb. Və Tramp administrasiyası “qoca qitə” ölkələrinin hərbi təhlükəsiliyini təmin etmək üçün ABŞ büdcəsindən maliyyə vəsaiti ayırmaqdan imtina edir.

Təbii ki, bu məsələ ilə bağlı Tramp administrasiyasının mövqeyi konkret xarakter daşıyır. Ağ Ev Avropa ölkələrinə sərt şəkildə xəbərdarlıq edib ki, ABŞ bundan sonra “qoca qitə”nin təhlükəsizliyini təmin etmək üçün maliyyə vəsaiti xərcləməyəcək. Yəni, Ağ Evdə hesab edirlər ki, Avropa ölkələri “qoca qitə”nin hərbi təhlükəsizliyini özləri təmin etməlidirlər. Ona görə də, Tramp administrasiyası Avropa ölkələrini öz hərbi xərclərini artırmağa çağırıb. Və bu baxımdan, “qoca qitə” ölkələri onilliklər boyu maliyyə vəsaiti xərcləməyə ehtiyac duymadıqları hərbi təhlükəsizlik sahəsinə əlavə qaynaqlar axtarmaq məcburiyyətində qalıblar.

Maraqldır ki, Avropa Birliyi artıq “qoca qitə”nin ABŞ-dan asılı olmayacaq yeni müdafiə sisteminin qurulmasına 850 milyard avroya yaxın maliyyə vəsaiti ayırıb. Bu vəsaitin böyük bir hissəsinin Avropa ölkələri üçün silah-sursat idxalı, hərbi-sənaye komplekslərinin inkişafı, yeni ordu quruculuğu və s. kimi istiqamətlərə xərclənməsi nəzərdə tutulyb. Eyni zamanda, Avropa ölkələrinin hər birisi də avtonom şəkildə öz hərbi xərclərini artırmağa başlayıblar. Avropa məkanında sürətlə artan hərbi xərclər həm də Rusiya ilə yaxın gələcəkdə baş verə biləcək savaş təhlükəsi ilə arqumentləşdirilir. Və bu arqumentlər daha çox Avropa ölkələrinin daxili auditoriyasında kütləvi narazılıq ehtimalının tarazlaşdırılmasına hesablanıb.

Ancaq son hadisələr onu göstərir ki, Avropa ölkələri istənilən halda, daxili kütləvi narazılıq prosesindən yayınmaq şansına sahib deyillər. Çünki əksər ölkələr hərbi xərclərin artırılmasına yönəlik əlavə qaynaqları məhz əhalinin sosial təminatına bağlı maiyyə vəsaitini azaltmaq hesabına qazanmağa çalışıb. Ona görə də, indiyə qədər yüksək həyat səviyyəsinə vərdiş etmiş avropalılar sosial vəziyyətin ağırlaşmağa başlamasından ciddi şəkildə narazıdırlar. Bu baxımdan, İtaliya, Belçika və s. kimi Avropa ölkələrində sosial-siyasi böhranın yaranması, əhalinin küçələrə axışması, kütləvi etiraz dalğasının genişmiqyaslı xarakter alması qətiyyən gözlənilməz deyil.

Fransaya gəldikdəsə, rəsmi Paris hazırda ikiqat zərbə altında qalmış kimi görünür. Belə ki, rəsmi Paris də bir tərəfdən, Fransanın hərbi təhlükəsizlik xərclərini artırmaq məcburiyyətində qalıb. Bu isə birbaşa müxtəlif sosial təbəqələrin həyat şəraitinin daha da aşağı düşməsinə səbəb olub. Digər tərəfdənsə, Fransa Afrikadakı müstəmləkələrini bir-birinin ardınca itirməyə başlayıb. Halbuki, rəsmi Paris həmişə məhz həmin müstəmləkə ölkələrinin təbii sərvətlərini dəyər-dəyməzinə mənimsəyərək, Fransa iqtisadiyyatını çox ucuz xammal ilə təmin edirdi. Və Fransa iqtisadiyyatı, eləcə də, fransızların həyat şəraiti məhz başqalarının istismar olunması sayəsində yüksək inkişaf səviyyəsindəydi.

Ancaq rəsmi Paris artıq müstəmləkələri itirməyə başladığından Fransa iqtisadiyyatını əvvəlki kimi ucuz xammal ilə təmin edə bilmir. Bu baxımdan, Fransada istehsal və istehlak bahalı prosesə çevrilir, inflyasiya güclənir, büdcə xərcləri artır, əhalinin rifah səviyyəsi isə böyük sürətlə aşağı düşür. Müstəmləkəçi Fransanın hakimiyyət dairələri isə bütün bu neqativ proseslərin tənzimlənməsində ciddi cətinliklərlə üzləşirlər. Hətta son məlumatlara görə, Fransanın dövlət borcu artıq 3,6 trilyon avroya yaxınlaşıb. Və Makron hakimiyyəti bu ağır maliyyə yükünün altından qalxmaq inkanından çox-çox uzaq görünür.

Göründüyü kimi, hətta gələcəkdə parçalanma təhlükəsi ilə üzləşə biləcək Fransa da daxil olmaqla, Avropa ölkələrinin düçar olduqları sosial-iqtisadi böhranın kökləri çox dərindir. Ən əsası isə bu böhranın yaxın vaxtlarda aradan qaldırılması üçün ölkədaxili resurslar yetərli deyil. Ona görə də, yaşayış səviyyəsinin sürətlə aşağı düşməsindən narazı olan əhali Fransa və digər ölkələrdə kütləvi şəkildə etiraza qalxır, aksiyalar keçirirlər və hətta küçə iğtişaşları törədirlər. Və belə anlaşılır ki, Avropa məkanında firavan həyat, eləcə də, sabitlik dövrü artıq arxada qalmaqdadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Geri dön