Ana Sayfa > Ölkə > “30 il sənin qulun olmuşam!” — Kürəkənlə qayınatanın 14 milyonluq “Atlant” davası

“30 il sənin qulun olmuşam!” — Kürəkənlə qayınatanın 14 milyonluq “Atlant” davası


Bu gün, 22:42. Yazar: vasif
“30 il sənin qulun olmuşam!” — Kürəkənlə qayınatanın 14 milyonluq “Atlant” davası


Bakı Ağır Cinayətlər Məhkəməsində 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluq etməkdə ittiham olunan Nofəl Hacıyev və “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə diqqətçəkən əsas məqamlardan biri tanınmış iş adamı, Nabrandakı “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adının bu qalmaqalda hallanmasıdır. Belə ki, T.Qədəşov məhkəmə prosesində maraqlı şəxs və şahid qismində tanınsa da, onun kürəkəni Nofəl Hacıyev müttəhimlər kürsüsündə əyləşib.

Aparılan istintaq zamanı məlum olub ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri vətəndaşlara satsa da, binalar təhvil verilməyib və vətəndaşlar evlərinə sahib çıxa bilməyiblər.

Dələduzluq yolu ilə mənimsənilən 14 milyon manatdan artıq vəsaitin harada olması ilə bağlı suallara cavab verən N.Hacıyev bildiri ki, o, həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Təqsirləndirilən şəxsin sözlərinə görə, vətəndaşlardan toplanan pullar qayınatasının təkidilə “Atlant”ın təmir-tikinti işlərinə, genişləndirilməsinə və abadlaşdırılmasına yönəldilib.

Məhkəmə prosesləri zamanı kürəkənlə qayınata arasında kəskin gərginlik yaşanıb. Məhkəmə zalında qayınatasını ağır ittiham edən Nofəl Hacıyev “Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!” deyərək etirazını bildirib. T.Qədəşov bu sözlərə reaksiya verməsə də, sərbəst ifadəsində tikinti işlərinə qarışmadığını və MTK-da baş verənlərdən xəbərsiz olduğunu iddia edib. N.Hacıyev isə əlavə edib ki, 2000-ci illərdən bəri tikinti sektorunda uğurla fəaliyyət göstərsə də, 2022-ci ildən yaranan maliyyə çətinlikləri zamanı qayınatası vəd etdiyi köməyi göstərməyib. Hətta borcları bağlamaq üçün “Atlant”ın satılması təklif olunub, alıcı tapılsa da, T.Qədəşov son anda satmaqdan imtina edib. Kürəkən həmçinin iddia edib ki, qayınatası istirahət mərkəzinin ərazisini genişləndirmək üçün 800-dən çox ağacı kəsdirərək təbiətə də zərər vurub.

Hazırda ibtidai istintaq zamanı “Atlant” ailəvi istirahət mərkəzinin üzərinə həbs qoyulub. Mənzillərini ala bilməyən və zərərə düşən vətəndaşlar məhkəmədə kəskin tələblərlə çıxış ediblər. Zərərçəkənlər “Atlant”ın satılaraq dəymiş 14 milyon manatlıq zərərin ödənilməsini və pulların mənimsənilməsində şərik olan Tahir Qədəşovun da azadlıqda qalmayıb həbs olunmasını tələb edirlər.

Qeyd edək ki, 2002-ci ildə Nabranın meşəlik və dənizsahili ərazisində salınmış “Atlant” istirahət mərkəzi 4 akvaparkı, 200-ə yaxın kotteci, otelləri, restoranları və geniş əyləncə infrastrukturu ilə regionun en böyük turizm obyektlərindən biridir. Müstəqil qiymətləndiricilər kompleksin dəyərini 80-100 milyon manat civarında qiymətləndirirlər. İndi məhkəmənin verəcəyi qərar 171 ailənin taleyini və bu böyük kompleksin gələcəyini müəyyən edəcək. Növbəti proses oktyabrın 20-nə təyin olunub.
Geri dön