Ana Sayfa > Siyasət > Şəmkirdə YAP-ın VIII Qurultayının hədəfləri müzakirə olunub

Şəmkirdə YAP-ın VIII Qurultayının hədəfləri müzakirə olunub


Bu gün, 17:53. Yazar: azer
Şəmkirdə YAP-ın VIII Qurultayının hədəfləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələrinin və müəyyənləşdirilmiş strateji vəzifələrin müzakirəsi məqsədilə YAP Şəmkir rayon təşkilatı tərəfindən təşkil olunan tədbirlər davam edir. Bu istiqamətdə növbəti görüş Şəmkir Dəryaçası, Çinarlı qəsəbə və Yeni-Həyat kənd ərazi partiya təşkilatlarında görüşlər keçirilib.
Görüşlərdə YAP Şəmkir rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının sədri, qurultay nümayəndəsi Qətibə Məmmədova, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşları YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən danışıblar. Bildiriblər ki, qurultay partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yeni mərhələnin prioritetlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra VIII Qurultayın nümayəndəsi Qətibə Məmmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və irəli sürdüyü mühüm hədəflər barədə ətraflı məlumat verib. O, dövlət başçısının çıxışında yer alan əsas məqamları diqqətə çatdıraraq yeni dövrdə partiya fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb.
Qeyd edilib ki, ideoloji fəaliyyətin köhnəlmiş yanaşmalardan uzaq, dövrün çağırışlarına uyğun şəkildə təşkili, xüsusilə yerli partiya təşkilatlarının üzərinə mühüm məsuliyyət qoyur. Zəfər qazanmış, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın davamlı inkişafı fonunda milli həmrəyliyin möhkəmləndirilməsi, sağlam ideoloji mühitin formalaşdırılması və dövlətçilik prinsiplərinin təşviqi əsas prioritetlərdəndir.
Görüşdə çıxış edən ərazi partiya təşkilatlarının üzvləri qurultayın nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini dəstəklədiklərini bildirərək, YAP-ın müasir ideoloji istiqamətlərinin rayonda həyata keçirilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin təbliği istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini qeyd ediblər.
Geri dön