Ana Sayfa > Özəl > Neftin qiyməti nə vaxt ucuzlaşacaq? – Hörmüz boğazı ilə bağlı kritik 7 gün
Neftin qiyməti nə vaxt ucuzlaşacaq? – Hörmüz boğazı ilə bağlı kritik 7 günBu gün, 20:17. Yazar: vasif |
![]() Hörmüz boğazı ətrafında İran və ABŞ arasında davam edən qarşıdurma dünya enerji bazarlarında qeyri-müəyyənliyi artırır. Tərəflər strateji su yoluna nəzarət etdiklərini bəyan etsələr də, neft daşımalarında yaranan çətinliklərin aradan qalxmadığı bildirilir. İran Ordusunun komandanı, general-mayor Əmir Hatəmi Hörmüz boğazının ölkəsinin nəzarətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, İranın hüquqlarına hörmət edilməyənədək boğaz bağlı qalacaq. İranın xarici işlər naziri Abbas Əraqçi isə Qətər vasitəsilə ABŞ-yə yeddi günlük plan təqdim edildiyini bildirib. Nazir qeyd edib ki, müəyyən şərtlər yerinə yetirilərsə, boğaz açıla və gəmilərin hərəkəti yeddi gün ərzində adi rejimə qayıda bilər. ABŞ rəsmiləri isə öz növbəsində boğaza nəzarətin Amerika qüvvələrində olduğunu iddia edirlər. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, tərəflərin açıqlamalarından asılı olmayaraq, əsas göstərici enerji daşımalarının faktiki vəziyyətidir. Deputatın sözlərinə görə, neftin yüksək qiyməti daşımalarla bağlı problemlərin davam etdiyini göstərir. O hesab edir ki, Hörmüz boğazından yüklərin sərbəst daşınması bərpa edildikdən sonra neft bazarında sabitləşmə baş verə bilər. İqtisadçı Xalid Kərimli də bildirib ki, dünya neft ticarətinin mühüm hissəsi Hörmüz boğazından keçir. Bu marşrut mayeləşdirilmiş təbii qazın daşınması üçün də strateji əhəmiyyət daşıyır. Ekspertin fikrincə, bölgədə qeyri-müəyyənlik davam etdikcə neft qiymətlərində dalğalanmalar da qalacaq. Hərbi qarşıdurmanın başa çatması və təhlükəsiz gəmiçiliyin bərpası isə qiymətlərin sabitləşməsinə şərait yarada bilər. Qeyd edək ki, yeddi günlük müddət neftin ucuzlaşacağına dair dəqiq proqnoz deyil. Bu, İranın təklif etdiyi şərtlər qəbul olunacağı təqdirdə gəmi hərəkətinin bərpası üçün səsləndirilən müddətdir. Geri dön |