Ana Sayfa > Özəl > Azərbaycanda bu sahələrdə iş saatları azaldıla bilər – 36 saatlıq iş həftəsi gündəmdə

Azərbaycanda bu sahələrdə iş saatları azaldıla bilər – 36 saatlıq iş həftəsi gündəmdə


Bu gün, 19:21. Yazar: vasif
Azərbaycanda bu sahələrdə iş saatları azaldıla bilər – 36 saatlıq iş həftəsi gündəmdə




Azərbaycanda iş saatlarının azaldılması və daha çevik iş rejiminə keçidlə bağlı təkliflər gündəmə gəlib. Bəzi sahələrdə həftəlik iş vaxtının 40 saatdan 36 saata endirilməsi mümkün hesab olunur.

Milli Məclisin deputatı Razi Nurullayev Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, əsas diqqət işçilərin iş yerində neçə saat keçirməsinə deyil, gördükləri işin nəticəsinə yönəldilməlidir.

Məsələni şərh edən iqtisadçı ekspert Anar İsayev hesab edir ki, Azərbaycanda iş saatlarının azaldılması mümkündür, lakin bu dəyişiklik bütün sahələrdə eyni vaxtda tətbiq edilməməlidir.

Ekspertin fikrincə, iş vaxtının azaldılmasının ilkin mərhələdə sınaqdan keçirilə biləcəyi sahələr bunlardır:

Dövlət idarəçiliyi: Elektron xidmətlər və sənəd dövriyyəsinin avtomatlaşdırılması hesabına iş yükünün azaldılması.

İnformasiya texnologiyaları: Proqramlaşdırma və rəqəmsal xidmətlərdə nəticəyə əsaslanan çevik iş rejimi.

Bank və maliyyə sektoru: Elektron bankçılıq və avtomatlaşdırılmış əməliyyatlar vasitəsilə iş vaxtına qənaət.

Təhsil və elm: Müəllimlərin inzibati yükünün və əlavə hesabatların azaldılması.

Sənaye və istehsalat: Müasir avadanlıqlar və avtomatlaşdırma hesabına iş proseslərinin sürətləndirilməsi.

Anar İsayev bildirib ki, həftəlik iş vaxtı 40 saatdan 36 saata endirilərsə, bu, 10 faizlik azalma deməkdir. Eyni istehsal həcmini qorumaq üçün isə saatlıq əmək məhsuldarlığı təxminən 11,1 faiz artmalıdır.

Ekspertin sözlərinə görə, səhiyyə, nəqliyyat, ticarət və digər fasiləsiz xidmət sahələrində də iş qrafikinin optimallaşdırılması mümkündür. Lakin bu zaman kadr çatışmazlığı və xidmətlərin davamlılığı nəzərə alınmalıdır.

İqtisadçı ilk mərhələdə 36 saatlıq iş həftəsinin ayrı-ayrı müəssisələrdə sınaqdan keçirilməsini təklif edir. Nəticələr müsbət olarsa, bu modelin mərhələli şəkildə genişləndirilməsi mümkün ola bilər.

Qeyd edək ki, söhbət hələlik deputatın təklifi və ekspertin tövsiyələrindən gedir. Azərbaycanda bütün işçilər üçün 36 saatlıq iş həftəsinə keçidlə bağlı qərar qəbul edildiyi bildirilmir.
Geri dön