Ana Sayfa > Özəl > 41 qadının 811 dəfə yumurta hüceyrəsi satdığı iddia olunur – Türkiyədə böyük əməliyyat

41 qadının 811 dəfə yumurta hüceyrəsi satdığı iddia olunur – Türkiyədə böyük əməliyyat


Bu gün, 18:14. Yazar: vasif
41 qadının 811 dəfə yumurta hüceyrəsi satdığı iddia olunur – Türkiyədə böyük əməliyyat




Türkiyədə qanunsuz yumurta hüceyrəsi ticarəti ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin 14 şəhərini əhatə edən əməliyyat zamanı 53 şübhəli müəyyən edilib, onlardan 36-sı saxlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlekin açıqlamasına görə, istintaq zamanı 41 qadının maddi qazanc müqabilində ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satdığına dair iddialar araşdırılır.

Məlumata əsasən, cinayətkar şəbəkənin Türkiyə ilə yanaşı, Şimali Kipr Türk Respublikası, Albaniya və Gürcüstanda da fəaliyyət göstərdiyi ehtimal olunur.

Araşdırma CİMER-ə daxil olan məlumat əsasında İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən başlanılıb. İstintaq çərçivəsində telefon danışıqları, maliyyə əməliyyatları və şübhəlilərin xarici ölkələrə səfərləri yoxlanılıb.

İddialara görə, Türkiyə vətəndaşı olan qadınlar pul müqabilində yumurta hüceyrələrini satmaq məqsədilə xarici ölkələrə yönləndirilib.

Şübhəlilər arasında təşkilat rəhbəri, beş idarəçi, 41 qadın, iki mama-ginekoloq və dörd səyahət təşkilatçısının olduğu bildirilir.

Rəsmi məlumata görə, şübhəlilərdən biri artıq həbsdədir, yeddi nəfər xaricdədir. Digər şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Ədliyyə naziri Akın Gürlek insan orqanizmi və reproduktiv hüceyrələrlə bağlı qanunsuz kommersiya fəaliyyətinə qarşı mübarizənin davam etdiriləcəyini bildirib.

Hazırda istintaq davam edir və şübhəlilərin cinayət məsuliyyəti məhkəmə qərarı ilə müəyyənləşdiriləcək.
Geri dön