Ana Sayfa > Siyasət > Qalib Azərbaycanın sülh məramı

Qalib Azərbaycanın sülh məramı


Bu gün, 10:16. Yazar: azer
Qalib Azərbaycanın sülh məramı

Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə yanaşı, müharibədən sonra sülhün təmin olunması da mühüm strateji istiqamətə çevrilib. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı bu həqiqəti bir daha nümayiş etdirdi. Dövlət başçısının toxunduğu məsələlər Azərbaycanın qələbəyə aparan yolunu, münaqişənin yaranma səbəblərini və regionda dayanıqlı sülhün qorunmasının vacibliyini vahid məntiqi çərçivədə birləşdirirdi.

Vətən torpaqlarının 20%-i otuz il işğal altında qalan Azərbaycan xalqının səbri və sülh yolu ilə həllə olan ümidi uzun müddət davam etsə də, Ermənistanın hərbi təxribatları və revanşist siyasəti vəziyyəti dəyişdirdi. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı qəbul etməsi hərbi əməliyyatların dayandırılması ilə nəticələndi. Lakin ölkəmizin suverenliyinin tam bərpası hələ qarşıda idi. Azərbaycan sonrakı üç il ərzində bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Ermənistanın hərbi potensialını bərpa etməsi və bölgədə gərginliyin davam etməsi isə təhlükəsizlik risklərini aradan qaldırmadı. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin mövcudluğuna son qoyuldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bununla da Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində konstitusiya quruluşunu bərpa etdi.

Qələbədən sonrakı davranış Azərbaycanın dövlət siyasətinin mühüm xüsusiyyətlərindən birini üzə çıxardı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının başına gətirilən faciələrə, itkilərə və dağıntılara baxmayaraq, ölkəmiz məğlub tərəfdən qisas almaq yolunu seçmədi. Azərbaycan döyüş meydanında qalib gəldikdən sonra Ermənistana sülh təklif etdi. Bu mövqe hərbi gücün siyasi məqsədlərə tabe edilməsinin, qələbənin isə yeni qarşıdurma üçün deyil, təhlükəsiz gələcəyin qurulması üçün əsas götürülməsinin göstəricisidir.

Bununla yanaşı, sülhün mövcudluğu onun avtomatik olaraq davamlı olacağı demək deyil. Dövlətlər arasında etimadın möhkəmləndirilməsi, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və yeni gərginlik mənbələrinin aradan qaldırılması daimi diqqət tələb edir. Azərbaycan sülhün qorunmasını regional əməkdaşlıqdan ayrı təsəvvür etmir. Çünki iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat marşrutlarının inkişafı və humanitar təmasların artması dövlətlər arasında qarşılıqlı maraqları gücləndirərək sabitliyə əlavə təminatlar yarada bilər.

Bu baxımdan AQEM Azərbaycanın regional və beynəlxalq təşəbbüslərini təqdim etdiyi mühüm platformadır. Ölkəmizin ikiillik sədrliyi dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi təşkilatın fəaliyyət imkanlarını genişləndirib. Üzv dövlətlərin yekdil dəstəyi ilə AQEM-in institusional və hüquqi əsaslarının gücləndirilməsi də çoxtərəfli dialoqun inkişafına xidmət edib. Azərbaycanın təcrübəsi bir həqiqəti təsdiqləyir: sülhün möhkəm təməli suverenliyə hörmət, ədalətli münasibət və beynəlxalq hüququn bütün dövlətlərə eyni qaydada tətbiq edilməsidir. Prezident İlham Əliyevin Bakı Zirvə Görüşündəki çıxışı bu prinsiplərin yalnız Azərbaycanın maraqları baxımından deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik üçün vacib olduğunu göstərir. Qalib Azərbaycanın sülh çağırışı keçmişin unudulması deyil, tarixi ədalətin təmin olunduğu şəraitdə gələcəyin qarşıdurma yox, əməkdaşlıq üzərində qurulması deməkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.



Geri dön