Ana Sayfa > Dünya > Vens Fransadakı iğtişaşlara görə onları ittiham etdi

Vens Fransadakı iğtişaşlara görə onları ittiham etdi


Bu gün, 12:30. Yazar: vasif
Vens Fransadakı iğtişaşlara görə onları ittiham etdi


ABŞ-nin vitse-prezidenti Cey Di Vens Fransada baş verən kütləvi iğtişaşları şərh edərkən Qərb liberallarının miqrasiya siyasətini sərt tənqid edib.
aia.az xəbər verir ki, Vens bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Qərb liberalları müxtəliflik və humanizm prinsiplərini əsas gətirərək üçüncü dünya ölkələrindən gələn miqrantların Fransaya və digər Avropa ölkələrinə axınına şərait yaradıblar.

“Qərb liberalları müxtəliflik və mərhəmət naminə üçüncü dünyanı Fransaya və digər ölkələrə gətirdilər. Onlar assimilyasiya və uyğunlaşma ilə bağlı fundamental məsələlərə məhəl qoymadılar. Bunun belə nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edilmişdilər, lakin qulaq asmadılar”, – Vens bildirib.

ABŞ-nin vitse-prezidenti Fransada vəziyyətin daha da gərginləşməməsinə ümid etdiyini vurğulayıb.

“Ümid edirəm ki, gözəl ölkə və möhtəşəm insanlara sahib olan Fransa daha çox tarixi abidəsi yanmadan bu çılğınlığa son qoyacaq. Amerikalıların da baş verənlərə diqqət yetirməsini istəyirəm. Konqresdəki demokratların ölkəniz üçün arzuladığı gələcək budur”, – o əlavə edib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 550 min nəfər, o cümlədən Parisdə 110 min insan iştirak edib.

Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları yüzlərlə şəxsi saxlayıb.

Vensin iğtişaşlarla miqrasiya siyasəti arasında əlaqə yaratması onun siyasi qiymətləndirməsidir.
Geri dön