Ana Sayfa > Ölkə > Xocalıda 147 sakin tibbi müayinədən keçirilib

Xocalıda 147 sakin tibbi müayinədən keçirilib


Bu gün, 17:00. Yazar: Subhan
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib

İşğaldan azad olunmuş Xocalı rayonunda “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi aksiya keçirilib.

aia.az xəbər verir ki, aksiya Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən həyata keçirilib.

Tibbi müayinələrin əsas məqsədi əhalinin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkarlamaq və tibbi xidmətlərin əlçatanlığını artırmaq olub.

Xüsusi avadanlıqlarla təchiz edilmiş mobil klinika və modul tipli səyyar laboratoriya vasitəsilə sakinlərə yaşadıqları ərazidə müxtəlif diaqnostik xidmətlər göstərilib.

Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və kardioloqlar, eləcə də şüa diaqnostikası və laboratoriya mütəxəssisləri fəaliyyət göstəriblər. Sakinlər üçün flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin analizi aparılıb.

Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə yönləndirmələr edilib.

Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi müayinələrdən keçib. Sakinlərə, həmçinin ağciyər xəstəliklərinin risk faktorları, ilkin əlamətləri və profilaktikası barədə məlumat verilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində səyyar tibbi müayinələrin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.

aia.az
Geri dön