Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan Avrasiyada sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edir
Azərbaycan Avrasiyada sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edirBu gün, 15:09. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi imkanlarla deyil, eyni zamanda qlobal proseslərə təsir göstərmək, milli maraqları qorumaq və müxtəlif ölkələr arasında etibarlı əməkdaşlıq qurmaq bacarığı ilə ölçülür. Azərbaycanın xarici siyasəti bu prinsiplərə əsaslanaraq regional və beynəlxalq miqyasda fəal mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə vurğuladığı fikirlər ölkəmizin beynəlxalq münasibətlərə yanaşmasını və gələcək əməkdaşlıq prioritetlərini ifadə edir. Azərbaycanın coğrafi mövqeyi ölkəmizə Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində xüsusi imkanlar yaradır. Şərqlə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin genişlənməsi, ticarət marşrutlarının şaxələndirilməsi, rəqəmsal bağlantıların inkişafı bu imkanların praktiki nəticələrə çevrilməsinə şərait yaradır. Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də müxtəlif tərəfdaşları ortaq maraqlar ətrafında birləşdirən etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyev çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə münasibət bildirib. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir. Lakin təcrübə göstərir ki, bəzi hallarda bu prinsiplərə münasibətdə ikili standartlar tətbiq edilir. Belə yanaşma beynəlxalq hüququn nüfuzuna xələl gətirməklə yanaşı, münaqişələrin həllini də çətinləşdirir. Azərbaycanın üzləşdiyi işğal problemi bu baxımdan ciddi nümunədir. Uzun illər ərzində ölkəmizin ərazilərinin bir hissəsinin işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi beynəlxalq ictimaiyyətin prinsipial və ardıcıl mövqeyinə ehtiyac olduğunu göstərirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra edilməməsi beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı suallar yaratmışdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ölkəmizin suverenliyinin bütün ərazilərində təmin olunması ilə nəticələndi. Bu mərhələ Azərbaycanın müasir tarixində yeni siyasi reallıqlar yaratdı və regionda uzunmüddətli sülhün qurulması üçün imkanlar yaratdı. Hazırda Azərbaycanın əsas məqsədlərindən biri müharibədən sonrakı reallıqları dayanıqlı sülhə çevirməkdir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində mövqeyini ortaya qoyub. Bu prosesdə qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından imtina və əldə olunan razılaşmaların icrası xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi təkcə region dövlətlərinin deyil, daha geniş coğrafiyanın iqtisadi və nəqliyyat əlaqələri üçün də faydalı nəticələr verəcəkdir. AQEM çərçivəsində əməkdaşlıq isə bu yanaşmanın daha geniş beynəlxalq müstəvidə inkişafına xidmət edir. Azərbaycanın təşkilata ikiillik sədrliyi dövründə qurumun institusional imkanlarının gücləndirilməsi, hüquqi əsaslarının möhkəmləndirilməsi və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində olub. Nəqliyyat, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində birgə fəaliyyət üçün yeni imkanların yaranması təşkilatın praktik rolunu artırır. Bu istiqamətlər üzrə əməkdaşlıq Asiya ölkələri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və ortaq problemlərin birgə həllinə töhfə verəcəkdir. Xüsusilə qlobal iqtisadi əlaqələrin dəyişdiyi, nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə regional platformaların fəallığı daha çox aktuallıq qazanır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr bu proseslərdə ölkəmizin rolunu artırır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”. Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışı Azərbaycanın xarici siyasətində ardıcıllığın və prinsipiallığın qorunduğunun göstəricisidir. Ölkəmiz bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsini vacib sayır, digər tərəfdən dialoq, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsinə çalışır. Bu yanaşma milli maraqların qorunması ilə beynəlxalq tərəfdaşlığın inkişafını uzlaşdırır. Nəticə etibarilə, Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti yalnız təşkilata sədrliyin icrası ilə məhdudlaşmır. Bu fəaliyyət ölkəmizin Asiya məkanında əlaqələrinin genişlənməsinə, Avropa ilə Asiya arasında əməkdaşlıq imkanlarının artırılmasına və beynəlxalq dialoqun güclənməsinə xidmət edir. Azərbaycanın sülhə, suverenliyə və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan siyasəti regionda sabitliyin möhkəmlənməsi ilə yanaşı, daha geniş beynəlxalq əməkdaşlıq üçün də əlverişli zəmin yaradır. Bədəl Bədəlov Milli Məclisin deputatı Geri dön |