Ana Sayfa > Özəl > COP17 ərəfəsində İrəvanda gərginlik: “Bakı Ermənistana xəbərdarlıq etməlidir”
COP17 ərəfəsində İrəvanda gərginlik: “Bakı Ermənistana xəbərdarlıq etməlidir”Dünən, 23:00. Yazar: vasif |
![]() Oktyabrın 19-dan 30-dək İrəvanda keçirilməsi nəzərdə tutulan BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflər Konfransı (COP17) ərəfəsində Qarabağdan köçmüş ermənilərin etiraz aksiyası siyasi müzakirələrə səbəb olub. Tədbir zamanı Azərbaycanla bağlı məsələlərin gündəmə gətiriləcəyi ehtimalı diqqət mərkəzindədir. Oktyabrın 15-də İrəvanda hökumət binası qarşısında keçirilən aksiyada iştirakçılar Qarabağa qayıdış və mədəni irslə bağlı iddialar səsləndiriblər. Keçmiş separatçı qurumun nümayəndəsi Artak Beqlaryan bu məsələlərin COP17 çərçivəsində müzakirəyə çıxarılmasını tələb edib. Milli Məclisin deputatı Arzuxan Əlizadə hesab edir ki, bəzi erməni siyasi dairələri beynəlxalq konfransdan Azərbaycan əleyhinə kampaniya aparmaq məqsədilə istifadə etməyə çalışa bilərlər. “Azərbaycanın bu məsələyə münasibəti ilk növbədə diplomatik kanallar vasitəsilə ifadə oluna bilər. Bakı Ermənistan hökumətinin diqqətinə çatdırmalıdır ki, beynəlxalq tədbirlərdən Azərbaycan əleyhinə siyasi kampaniyalar üçün istifadə olunması normallaşma prosesinə mənfi təsir göstərə bilər”, – deyə deputat bildirib. Arzuxan Əlizadənin fikrincə, bioloji müxtəlifliyə həsr olunmuş konfransın siyasi qarşıdurma meydanına çevrilməsinə yol verilməməlidir. O, Ermənistan hökumətinin sülh prosesinə zərər verə biləcək təxribatların qarşısını almalı olduğunu vurğulayıb. Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların icrası, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh müqaviləsi istiqamətində irəliləyiş üçün konstruktiv mühitin qorunması vacibdir. Onun sözlərinə görə, COP17 çərçivəsində yarana biləcək siyasi gərginlik iki ölkə arasında dialoqu çətinləşdirə bilər. Qeyd edək ki, etiraz aksiyasının keçirilməsi özlüyündə konfransın rəsmi gündəliyinin dəyişdirildiyini göstərmir. Qarabağla bağlı iddiaların COP17-nin rəsmi müzakirələrinə daxil ediləcəyi barədə təsdiqlənmiş məlumat təqdim olunmayıb. Geri dön |