Ana Sayfa > Özəl > Alimlərdən maraqlı kəşf: Ölmüş fil təbiətə illərlə təsir göstərir
Alimlərdən maraqlı kəşf: Ölmüş fil təbiətə illərlə təsir göstərirBu gün, 20:16. Yazar: vasif |
![]() Alimlər müəyyən ediblər ki, fil öldükdən sonra belə ətraf mühitə ən azı səkkiz il ərzində təsir göstərə bilər. Cənubi Afrika Respublikasının Krüger Milli Parkında aparılan araşdırma iri heyvanların ekosistemdəki roluna dair maraqlı nəticələr ortaya çıxarıb. Tədqiqat 2009-cu ildə Aleksandr adlı filin ölümündən sonra başlayıb. Cənubi Afrika Ekoloji Müşahidələr Şəbəkəsinin əməkdaşı Deyv Tompson heyvanın cəsədinin parçalanmasını müşahidə edərək bu prosesin torpağa, bitkilərə və digər canlılara təsirini araşdırmaq qərarına gəlib. Məlum olub ki, filin cəsədi parçalanmağa başladıqda ətrafdakı torpağın kimyəvi tərkibi kəskin dəyişir. Bəzi ərazilərdə azotun miqdarı adi göstəricidən 3000 dəfə yüksək ola bilir. Bu isə ilkin mərhələdə bitkilərin məhvinə səbəb olur. Dəyişikliklər torpaqdakı mikroorqanizmlərə də təsir göstərir. Bakteriyaların müxtəlifliyi azalır, bəzi mikroorqanizmlərin fəaliyyəti isə güclənir. Zaman keçdikcə torpağın vəziyyəti sabitləşir və həmin ərazidə sürətlə böyüyən ot növləri üstünlük təşkil etməyə başlayır. Bu bitkilər ot yeyən heyvanları cəlb edir. Heyvanların mütəmadi olaraq əraziyə gəlməsi və ifrazatları torpağın əlavə qida maddələri ilə zənginləşməsinə şərait yaradır. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, filin ölümü təkcə bir canlının həyatının başa çatması deyil, ətraf mühitdə illərlə davam edən dəyişikliklərin başlanğıcıdır. Alimlərin fikrincə, bu araşdırma təbiətdə baş verən hadisələrin təsirinin onların özündən xeyli uzun müddət davam edə biləcəyini göstərir. Geri dön |