Ana Sayfa > Manşet / Parlament > Azərbaycanda iş saatları azaldılır?
Azərbaycanda iş saatları azaldılır?Bu gün, 12:25. Yazar: Subhan |
![]() “Əsas məqsəd işçinin saatlarla iş yerində olması deyil, gün ərzində hansı nəticəni əldə etməsidir”. aia.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, iş saatları arasında səmərəliliyin artırılması və iş gününün müddətinin azaldılması istiqamətində düşünmək lazımdır. Onun sözlərinə görə, bir çox iş yerlərində əsas diqqət işçinin səhər saat 9-da işə gəlib axşam saat 5-də çıxmasına yönəldilir. Halbuki əsas meyar işçinin iş saatları ərzində əldə etdiyi nəticə olmalıdır. Razi Nurullayev qeyd edib ki, iş yerində uzun müddət olmaq həmin vaxtın hamısında eyni məhsuldarlıqla işləmək demək deyil. Bəzi xarici şirkətlərdə bir neçə saata görülən işin yerli müəssisələrdə günlərlə uzanmasının səbəbləri araşdırılmalıdır. Deputat problemin səbəblərinin yalnız işçilərlə əlaqəli olmadığını, işin təşkilində, idarəetmədə və lazımsız bürokratik prosedurlarda da axtarılmalı olduğunu vurğulayıb. O əlavə edib ki, işin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə bir-iki saat tez gəlib daha tez çıxması kimi çevik iş rejimləri nəzərdən keçirilə bilər. Razi Nurullayev iş rejiminin çevikləşdirilməsini və iş vaxtından səmərəli istifadəni təşviq etməyin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, müasir əmək münasibətlərinin gələcəyi daha çox saat işləməkdə deyil, daha səmərəli işləməkdədir. Deputat insan əməyinə və vaxta daha böyük dəyər verilməsinin vacibliyini diqqətə çatdırıb. aia.az Geri dön |