Ana Sayfa > Siyasət > YAP-ın VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələsinə real baxış idi

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələsinə real baxış idi


Bu gün, 10:32. Yazar: azer
YAP-ın VIII Qurultayı Azərbaycanın yeni tarixi mərhələsinə real baxış idi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirak etmək mənim üçün ölkəmizin keçdiyi mürəkkəb və şərəfli tarixi yolun nəticələrini bir daha dəyərləndirmək, Azərbaycanın bugünkü reallıqları və gələcək hədəfləri haqqında düşünmək baxımından əlamətdar hadisə oldu. Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultay təkcə siyasi təşkilatın növbəti toplantısı deyildi. Bu, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni şəraitdə ölkənin qarşısında dayanan vəzifələrin müzakirəsi, əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və gələcəyə baxışın müəyyənləşdirilməsi baxımından mühüm hadisə idi.

Qurultayda iştirakım zamanı diqqətimi çəkən əsas məqamlardan biri tədbirin daşıdığı tarixi məna ilə bağlı idi. Yeni Azərbaycan Partiyasının əvvəlki qurultayları da ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutub. Lakin VIII Qurultayın fərqli xüsusiyyəti ondan ibarət idi ki, bu toplantı Azərbaycanın uzun illər qarşısında dayanan ən mühüm milli məqsədlərindən birinə-ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasına nail olmasından sonra keçirilirdi. Belə bir mərhələdə görülmüş işlərə nəzər salmaqla yanaşı, gələcək inkişafın istiqamətlərini müəyyənləşdirmək xüsusi əhəmiyyət daşıyırdı. Qurultayın ümumi ab-havasında dövlətçilik məsuliyyəti, milli maraqlara bağlılıq və qarşıdakı dövrün vəzifələrinə diqqət aydın hiss olunurdu. Mənim qənaətimə görə, belə toplantıların əhəmiyyəti yalnız qəbul edilən qərarlarla ölçülmür.

Onlar həm də cəmiyyətin siyasi düşüncəsinə təsir göstərir, ölkənin inkişaf istiqamətləri barədə ümumi təsəvvür yaradır və insanların qarşısında dayanan vəzifələrə münasibətini formalaşdırır. Qurultayın əsas məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı oldu. Dövlət başçısı Azərbaycanın keçdiyi tarixi yolu, qazandığı nailiyyətləri və yeni şəraitdə qarşısında duran strateji vəzifələri geniş şəkildə diqqətə çatdırdı. Çıxışın məzmunu göstərirdi ki, ölkəmizin əldə etdiyi nəticələr təsadüfi hadisələrin deyil, uzunmüddətli siyasi xəttin, məqsədyönlü fəaliyyətin, milli iradənin və ardıcıl dövlət quruculuğunun nəticəsidir. Mənim üçün bu nitqin mühüm cəhətlərindən biri Azərbaycanın bugünkü uğurlarına tarixi ardıcıllıq daxilində nəzər salınması idi.

Ölkəmizin müasir inkişaf yolunu anlamaq üçün 1990-cı illərin əvvəllərindəki ağır vəziyyəti, dövlət müstəqilliyinin təhlükə altında olduğu dövrü və xalqın qarşılaşdığı çətinlikləri xatırlamaq lazımdır. Həmin illərdə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı və dövlət idarəçiliyindəki böhran Azərbaycanın gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında mühüm dönüş nöqtəsi oldu. 1992-ci ilin noyabrında keçirilən təsis qurultayı Azərbaycanın gələcəyindən narahat olan insanların vahid siyasi platforma ətrafında birləşməsinin ifadəsi idi. Sonrakı illərdə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi sabitliyin yaradılması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar müasir Azərbaycanın inkişafının əsasını formalaşdırdı.

Cənab İlham Əliyevin çıxışında Ulu Öndərin siyasi irsinin davamlılığına xüsusi diqqət yetirilməsi də bu baxımdan əhəmiyyətli idi. Dövlətçilik ənənələrinin qorunması yalnız keçmişin xidmətlərini xatırlamaq demək deyil. Bu, həmin irsdən güc alaraq dəyişən dünyanın çağırışlarına uyğun qərarlar vermək, milli maraqları qorumaq və ölkənin inkişafını təmin etmək məsuliyyətidir. Azərbaycanın son onilliklərdə keçdiyi yol bu ardıcıllığın əhəmiyyətini aydın göstərir.

Şübhəsiz ki, qurultayın tarixi məzmununu müəyyənləşdirən əsas amillərdən biri Azərbaycanın hərbi-siyasi Zəfərləri və dövlət suverenliyinin tam bərpası idi. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ölkəmizin tarixində yeni mərhələ açdı. 2023-cü il sentyabrın 20-də dövlət suverenliyinin tam bərpası isə bu tarixi prosesin mühüm nəticəsi oldu. Bu nailiyyətlər Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və milli birliyimizin əhəmiyyətini bir daha nümayiş etdirdi. Zəfərin əhəmiyyəti yalnız hərbi nəticələrlə məhdudlaşmır. Onun siyasi, iqtisadi və mənəvi nəticələrini qorumaq, azad edilmiş ərazilərdə həyatın bərpasını davam etdirmək, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və həmin bölgələri ölkənin ümumi inkişafına qovuşdurmaq da qarşıda duran mühüm vəzifələrdir. Qurultayda səslənən fikirlər Azərbaycanın yeni tarixi mərhələdə məhz bu istiqamətlər üzrə ardıcıl fəaliyyətini davam etdirmək əzmində olduğunu göstərirdi. Dövlət başçısının çıxışında təhlükəsizlik məsələlərinə verilən önəm də diqqətəlayiq idi. Müasir dünyada baş verən münaqişələr, beynəlxalq münasibətlərdəki gərginliklər və mövcud təhlükələr göstərir ki, dövlətin təhlükəsizliyi daimi diqqət tələb edir. Qurultay mənə bir daha göstərdi ki, ölkənin gələcək uğurları tarixi nailiyyətlərlə kifayətlənməməkdən, onların üzərində yeni inkişaf mərhələsi qurmaqdan asılıdır. Təhsil, elm, texnologiya, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və insan kapitalının inkişafı dövlətin uzunmüddətli gücünü müəyyən edən əsas amillərdir. Yeni Azərbaycan Partiyasının üzərinə düşən vəzifələr də məhz bu geniş mənzərənin tərkib hissəsidir. Partiyanın tarixi ənənələrini qorumaqla yanaşı, cəmiyyətlə əlaqələrini gücləndirməsi, gənclərin təşəbbüslərinə dəstək verməsi, insanların qayğı və gözləntilərini diqqətdə saxlaması mühüm əhəmiyyət daşıyır. Siyasi təşkilatın nüfuzu yalnız tarixi xidmətləri ilə deyil, bu gün cəmiyyət üçün gördüyü işlərin nəticələri ilə də müəyyən olunur.

Qurultaydan ayrılarkən gəldiyim əsas qənaət bu oldu ki, Azərbaycanın yeni tarixi mərhələsi daha böyük məsuliyyət, uzaqgörənlik və davamlı fəaliyyət tələb edir. Qazanılmış Zəfər xalqımızın qürur mənbəyi, dövlətimizin qüdrətinin ifadəsidir. İndi əsas vəzifə bu nailiyyətləri qorumaq, ölkəmizin inkişafını sürətləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır. YAP-ın VIII Qurultayı mənim yaddaşımda Azərbaycanın keçdiyi tarixi yolun nəticələrini dəyərləndirmək və qarşıda duran məqsədləri daha aydın təsəvvür etmək imkanı yaradan mühüm siyasi hadisə kimi qalacaq. Qurultayda iştirakım zamanı qazandığım təəssüratları ümumiləşdirərək belə bir nəticəyə gələ bilərəm. Dövlətçiliyin gücü tarixi uğurlarla yanaşı, həmin uğurları gələcəyin davamlı nailiyyətlərinə çevirmək bacarığında təzahür edir.

Fuad Rzayev
Tovuz Rayon İcra Hakimiyyəti, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri,YAP-ın VIII qurultayının nümayəndəsi

Geri dön