Ana Sayfa > Gündəm > Nazir: İşğal olunmuş ərazilərdəki xarici şirkətlər "qara siyahı"ya salınacaq
Nazir: İşğal olunmuş ərazilərdəki xarici şirkətlər "qara siyahı"ya salınacaq18-04-2017, 18:30. Yazar: admin |
Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən xarici şirkət "qara siyahı"ya daxil ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib: "Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Dağlıq Qarabağın işğal olunduğu ərazilərdə bizim tarixi abidələri guya yenidən təhlil etmək üçün onların bəziləri üzərində qazıntılar aparılır, yalandan tarix uydurmaq məqsədilə işlər aparılır. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Əgər hansı bir xarici şirkət orada qanunsuz aparılan qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, o, Azərbaycanda "qara siyahı"ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə dayandırılacaq". Ə.Qarayev bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin də öz narahatçılığını bildirdiyini söyləyib: "Biz, nazirlik olaraq YUNESKO, İSESKO səviyyəsində narahatlığımızı bildirmişik". AİA.az Geri dön |