Ana Sayfa > Siyasət > “Azərbaycan AQEM-də də etibarlı tərəfdaş kimi qəbul olunur”

“Azərbaycan AQEM-də də etibarlı tərəfdaş kimi qəbul olunur”


Bu gün, 10:05. Yazar: azer
“Azərbaycan AQEM-də də etibarlı tərəfdaş kimi qəbul olunur”

AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşü vacib qərarlar və strateji mesajlarla yadda qaldı.
Zirvə Görüşünün ən mühüm nəticələrindən biri Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması oldu. Üzv dövlətlərin bu qərara yekdil dəstəyi ölkəmizə göstərilən beynəlxalq etimadın və Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin bariz nümunəsidir. Çıxışlarda Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrin xüsusi vurğulanması da bu reallığı təsdiqləyir.
Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Azərbaycanın mövqeyinin ifadəsi ilə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində mövcud problemlərə prinsipial yanaşma idi. Dövlət başçısı beynəlxalq hüququn aliliyinin təmin olunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, ikili standartlara son qoyulmasının vacibliyini diqqətə çatdırdı. Xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər icrasız qalması ilə bağlı səsləndirilən fikirlər beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi üçün təsirli mexanizmlərin yaradılması zərurətini bir daha gündəmə gətirdi.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Ermənistana sülh təklif etməsi də dövlətimizin regional sabitliyə verdiyi önəmin göstəricisidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud sülhün qorunması və möhkəmləndirilməsi mühüm vəzifədir.
Dövlət başçımızın beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin yaradılması barədə çağırışı qlobal əhəmiyyət daşıyır.
Azərbaycan AQEM platforması üzərindən də ədalətli və dayanıqlı beynəlxalq nizamın formalaşması üçün qəbul olunmuş qərarların kağız üzərində qalmamasını, münaqişələrin qarşısının alınması üçün real və işlək mexanizmlərin yaradılmasını tələb edir.
Zirvə Görüşündə həmçinin iqtisadi və nəqliyyat əlaqələri, rəqəmsallaşma və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirildi. Trans-Xəzər fiber-optik xətti, Xəzər Yaşıl Enerji Dəhlizi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı səsləndirilən təşəbbüslər Azərbaycanın Avrasiyada strateji bağlantı mərkəzi kimi rolunun daha da gücləndiyini göstərir.
Bakı Bəyannaməsinin qəbul edilməsi, AQEM-in institusional inkişafının dəstəklənməsi və təşkilatın tamhüquqlu beynəlxalq təsisata çevrilməsi istiqamətində irəliləyişlər də Zirvə Görüşünün mühüm siyasi nəticələri sırasındadır. Bu prosesdə Azərbaycanın fəal iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfəsini bir daha nümayiş etdirdi.
Geri dön