Ana Sayfa > Siyasət > Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq perspektivləri
Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq perspektivləriBu gün, 09:56. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki dövlət arasında münasibətlərin inkişaf istiqamətlərini, iqtisadi tərəfdaşlıq imkanlarını və beynəlxalq əməkdaşlığın prioritetlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. 2026-cı il oktyabrın 12-də Bakıda keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Kamboca əlaqələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi və əməkdaşlığın daha praktik müstəviyə keçirilməsi baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcək tərəfdaşlıq üçün əlverişli zəmin yaratdığını vurğuladı. Azərbaycan ilə Kamboca arasında münasibətlər otuz ildən artıq tarixə malikdir. Dövlətlər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi beynəlxalq platformalarda əməkdaşlıq edir, bir sıra məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyevin bəyanatında ikitərəfli təmasların intensivləşdirilməsinə xüsusi diqqət yetirilməsi siyasi dialoqun daha da genişləndirilməsinin vacibliyini göstərir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı siyasi əlaqələrin qurulması və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan və Kamboca arasında mövcud siyasi dialoqun yeni istiqamətlərlə zənginləşdirilməsi qarşılıqlı maraqların uzlaşdırılmasına və əlaqələrin davamlı inkişafına xidmət edə bilər. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hələlik məhdud səviyyədə olduğunu qeyd edərək, bu sahədə böyük imkanların mövcudluğunu diqqətə çatdırdı. Dövlət başçısı əməkdaşlığın inkişafı üçün məsafənin və məlumat çatışmazlığının əsas maneələrdən olduğunu bildirsə də, müasir dövrdə bu çətinliklərin aradan qaldırılmasının mümkünlüyünü vurğuladı. Bəyanatda ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması xüsusi yer tutdu. Bu təşəbbüs iki ölkənin biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı bazar imkanlarının öyrənilməsi və yeni investisiya layihələrinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli mexanizm ola bilər. Sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması, turizm əlaqələrinin inkişafı, nəqliyyat və rəqəmsal transformasiya istiqamətləri də müzakirə olunan məsələlər sırasındadır. Bu sahələr üzrə əməkdaşlığın konkret layihələrlə dəstəklənməsi iqtisadi münasibətlərin daha geniş məzmun qazanmasına şərait yarada bilər. Dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində təhsil və humanitar əlaqələr mühüm rol oynayır. Prezident İlham Əliyev keçmişdə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının vacibliyini qeyd etdi. Tələbə mübadiləsinin genişləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq və elmi əlaqələrin qurulması xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verə bilər. Səfər çərçivəsində təhsil sahəsində əməkdaşlıq üçün də institusional zəmin yaradılması diqqətəlayiq məqamlardandır. Bu istiqamətdə görüləcək işlər gənclərin bilik və təcrübə mübadiləsini genişləndirməklə yanaşı, iki ölkənin gələcək əməkdaşlıq imkanlarının inkişafına da xidmət edə bilər. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın dövlət xidmətləri sahəsində təcrübəsinin, xüsusilə “ASAN xidmət” modelinin Kamboca tərəfindən maraqla qarşılanmasını müsbət əməkdaşlıq istiqaməti kimi qeyd etdi. Dövlət idarəçiliyi və rəqəmsal xidmətlər üzrə təcrübə mübadiləsi tərəfdaşlığın yeni sahələrini formalaşdırmaq potensialına malikdir. Prezidentin bəyanatında sülh və təhlükəsizlik məsələləri də mühüm yer tutdu. Dövlət başçısı inkişafın əsas şərtlərindən biri kimi sülhün və təhlükəsizliyin təmin edilməsini göstərərək, bu prinsiplərin beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında qorunmasının vacibliyini vurğuladı. Azərbaycanın otuz ilə yaxın davam etmiş işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin və Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkəmizin müharibədən sonrakı inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Prezidentin bəyanatında həmin ərazilərdə insanların yaşaması və işləməsi üçün yaradılan imkanlara toxunulması Azərbaycanın quruculuq prosesinin davam etdiyini göstərir. Dövlət başçısı mina təhlükəsinin hər iki ölkə üçün aktual problem olduğunu da diqqətə çatdırdı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışları nəticəsində insanların həlak olması və yaralanması bu problemin humanitar ölçüsünü ortaya qoyur. Bu sahədə təcrübə və bilik mübadiləsi, mütəxəssis hazırlığı və təhlükəsizlik üzrə əməkdaşlıq mühüm praktiki əhəmiyyət daşıya bilər. Kamboca Baş naziri Hun Manetin səfəri zamanı ticarət, iqtisadi əməkdaşlıq və təhsil sahələrini əhatə edən sənədlərin imzalanması iki ölkənin əlaqələri konkret istiqamətlər üzrə inkişaf etdirmək niyyətini nümayiş etdirir. Bundan əlavə, biznes dairələri arasında birbaşa təmasların genişləndirilməsi və aviasiya əlaqələrinin inkişafı imkanlarının müzakirəsi tərəfdaşlığın praktiki məzmununu artırmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin mətbuata bəyanatı göstərir ki, Azərbaycan xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əlaqələrin qurulmasına, iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və beynəlxalq platformalarda tərəfdaşlığın genişləndirilməsinə önəm verir. Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat və bağlantılar sahəsindəki imkanlarından istifadə etməklə də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyə çalışır. Beləliklə, Azərbaycan Prezidentinin bəyanatı Azərbaycan–Kamboca münasibətlərinin gələcək inkişafı üçün prioritetləri aydın şəkildə ortaya qoyur. Siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhsil və humanitar əməkdaşlığın inkişafı, eləcə də təhlükəsizlik məsələlərində təcrübə mübadiləsi iki ölkə arasında tərəfdaşlığın əsas istiqamətləri kimi çıxış edir. Bu istiqamətlər üzrə əldə ediləcək konkret nəticələr qarşılıqlı əlaqələrin daha sistemli və davamlı xarakter almasına imkan yarada bilər. Kamran Əmirov, YAP Qusar rayon təşkilatının sədri Geri dön |