Ana Sayfa > Manşet / Siyasət > “Ölkəmizin milli maraqlarına, müstəqil siyasətinə və konstitusion quruluşuna hörmət göstərilməsi dəyişməz prinsipdir”
“Ölkəmizin milli maraqlarına, müstəqil siyasətinə və konstitusion quruluşuna hörmət göstərilməsi dəyişməz prinsipdir”Dünən, 23:33. Yazar: azer |
![]() Azərbaycan və Türkiyə arasında münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, sarsılmaz qardaşlıq bağlarına və strateji müttəfiqliyə əsaslanır. Bu münasibətlər hər iki dövlətin siyasi iradəsi, xalqlarımızın qarşılıqlı etimadı və ölkə rəhbərliyi tərəfindən formalaşmış strateji əməkdaşlıq sayəsində yeni mərhələyə yüksəlib. Məhz buna görə də Türkiyənin bəzi media orqanlarında, sosial şəbəkələrdə, eləcə də ayrı-ayrı siyasi şəxslərin açıqlamalarında Azərbaycana qarşı səsləndirilən ittihamlar ciddi narahatlıq doğurur. Xüsusilə, siyasi və ideoloji fərqliliklərin Azərbaycanı hədəfə almaq, ölkəmizin daxili məsələlərini müzakirə predmetinə çevirmək və dövlətimizin suveren qərarlarına təsir göstərmək vasitəsinə çevrilməsi təəccüb doğurur. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə qardaşlığının siyasi və mənəvi əsasını təşkil edir. Lakin bu ifadənin mahiyyəti iki dövlətin müstəqilliyinə, suverenliyinə və bərabərhüquqlu tərəfdaşlığına əsaslanır. Qardaşlıq bir-birinin daxili işlərinə müdaxilə etmək deyil, qarşılıqlı qərarlara hörmət göstərmək, çətin məqamlarda həmrəy olmaq və ortaq strateji məqsədlər naminə əməkdaşlıq etmək deməkdir. Azərbaycan öz daxili və xarici siyasətini milli maraqlarına, Konstitusiyasına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə müəyyən edən müstəqil dövlətdir. Azərbaycan cəmiyyətinə kənardan siyasi və ya ideoloji yanaşmaların diktə edilməsi cəhdləri isə dövlətimizin müstəqil seçim hüququ ilə uzlaşmır. Türkiyə ilə münasibətlərimizdə yaranan həssas məsələlərə yanaşarkən bir məqamı da unutmamalıyıq: ayrı-ayrı şəxslərin bəyanatları bütövlükdə Türkiyə xalqının mövqeyi kimi təqdim edilməməlidir. Azərbaycan xalqı Türkiyə xalqına qardaş münasibəti bəsləyir və bu münasibət ayrı-ayrı açıqlamalardan daha dərin tarixi köklərə malikdir. Strateji tərəfdaşlıq münasibətlərini gücləndirən əsas amil əsassız emosional bəyanatlar deyil, suverenliyə hörmət, etibarlı tərəfdaşlıq və gələcəyə xidmət edən konkret addımlardır. Azərbaycan Türkiyə ilə dostluq və strateji müttəfiqlik münasibətlərinin daha da inkişafında maraqlı olduğunu dəfələrlə ifadə edib. Bununla yanaşı, ölkəmizin milli maraqlarına, müstəqil siyasətinə və konstitusion quruluşuna hörmət göstərilməsi dəyişməz prinsipdir. Müttəfiqlikdə bir-birinin müstəqil siyasətini qəbul etmək, qarşılıqlı etimadı qorumaq olduqca vacibdir. Geri dön |