Ana Sayfa > Özəl > Paşinyanın 2031-ci il planı suallar doğurdu: “Sülhü gecikdirmək Ermənistanın özünə zərər verə bilər”

Paşinyanın 2031-ci il planı suallar doğurdu: “Sülhü gecikdirmək Ermənistanın özünə zərər verə bilər”


Dünən, 21:37. Yazar: vasif
Paşinyanın 2031-ci il planı suallar doğurdu: “Sülhü gecikdirmək Ermənistanın özünə zərər verə bilər”




Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasını 2031-ci ilə qədər yekunlaşdırmağı hədəflədiyini açıqlaması siyasi müzakirələrə səbəb olub. İrəvan rəhbərinin bu qədər uzun müddətdən danışması sülh prosesinin gələcəyi və Ermənistan hökumətinin qarşıdakı addımları ilə bağlı sualları artırıb.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması yalnız sülh müqaviləsinin imzalanması ilə məhdudlaşmır. Sərhədlərin delimitasiyası və demarkasiyası, regional nəqliyyat əlaqələrinin bərpası, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması da prosesin mühüm istiqamətləridir.

Politoloq Elxan Şahinoğlu Paşinyanın 2031-ci ili hədəf göstərməsini anlaşılmaz hesab edir. Onun fikrincə, Ermənistanın hazırkı siyasi şəraiti sülh sazişinin daha tez imzalanması üçün imkan yaradır.

Ekspert bildirib ki, Paşinyanın mövqeyi hazırda nisbətən güclüdür, radikal müxalifətin imkanları isə məhduddur. Bu səbəbdən Ermənistan rəhbərliyi konstitusiya referendumu keçirərək Azərbaycanın narahatlıq doğuran hesab etdiyi müddəalarla bağlı məsələni həll edə və sülh sazişinin imzalanmasını sürətləndirə bilər.

“Paşinyan faktiki olaraq oturduğu budağı özü kəsir. Belə bir şəraitdə niyə sülh sazişinin 2027-ci ildə deyil, dörd il sonra imzalana biləcəyini söyləyir? Bu, anlaşılmazdır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Politoloqun sözlərinə görə, qarşıdakı illərdə Ermənistanın daxili siyasi vəziyyətində dəyişikliklər baş verə bilər. Bu baxımdan sülh prosesinin uzun müddətə hesablanması Paşinyan hökuməti üçün əlavə siyasi risklər yarada bilər.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanla sülh müqaviləsinin daha tez imzalanması Ermənistanın iqtisadi və siyasi imkanlarını genişləndirə bilər. Onun fikrincə, münasibətlərin normallaşması Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına, regional əlaqələrin genişlənməsinə və Ermənistanın Rusiyadan asılılığının azalmasına şərait yarada bilər.

Ekspert gələcəkdə Azərbaycanla Ermənistan arasında enerji sahəsində əməkdaşlığın da mümkünlüyünü istisna etməyib. O bildirib ki, münasibətlərin tam normallaşması halında Azərbaycanın Ermənistana təbii qaz ixracı kimi məsələlər də gündəmə gələ bilər.

Politoloqun qənaətinə görə, sülh müqaviləsinin gecikdirilməsi Azərbaycan üçün Ermənistanla müqayisədə daha az problem yaradır. O, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini və sülh sazişi imzalanmadan da inkişafını davam etdirə biləcəyini vurğulayıb.

Elxan Şahinoğlu hesab edir ki, uzunmüddətli qeyri-müəyyənlik Ermənistan daxilində radikal siyasi qüvvələrin fəallaşmasına və hökumətə təzyiqlərin artmasına səbəb ola bilər.

Ekspertin fikrincə, Paşinyan sülh sazişinin imzalanması ilə bağlı mövqeyinə yenidən baxmalı və mövcud imkanlardan istifadə etməlidir.

Qeyd edək ki, Paşinyanın 2031-ci ili hədəf kimi göstərməsi müqavilənin mütləq həmin tarixdə imzalanacağı və ya o vaxta qədər təxirə salındığı anlamına gəlmir. Bununla belə, açıqlama sülh prosesinin hansı müddətdə yekunlaşacağı barədə müzakirələri yenidən aktuallaşdırıb.
Geri dön