Ana Sayfa > Ölkə > Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu

Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu


Bu gün, 21:34. Yazar: vasif
Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu


Azərbaycanda LGBT mövzusu ilə bağlı mümkün qanunvericilik məhdudiyyətləri, xüsusilə internetdə, sosial şəbəkələrdə və digər informasiya platformalarında yayılan məzmunun tənzimlənməsi məsələsi müzakirə olunur. Bəs bu istiqamətdə hansı qadağalar tətbiq edilə bilər və mümkün məhdudiyyətlər nələri əhatə etməlidir?

Milli Məclisin deputatı Vüqar İskəndərov Modern.az-a açıqlamasında bildirib ki, LGBT mövzusuna emosional yanaşmaq əvəzinə, məsələyə dövlətçilik, hüquq və ictimai məsuliyyət prizmasından baxmaq lazımdır.

“Cəmiyyətin mənəvi dəyərlərini qorumaqla müasir dünyanın çağırışlarına açıq olmaq bir-birini istisna etmir. Azərbaycan ailə institutuna, milli-mənəvi ənənələrinə xüsusi önəm verən dövlətdir. Bu dəyərlərin qorunması bizim üçün prinsipial məsələdir. Lakin düşünürəm ki, LGBT mövzusu ətrafında aparılan müzakirələrə emosiyalarla deyil, dövlətçilik, hüquq və ictimai məsuliyyət prizmasından yanaşmaq lazımdır”.

Deputatın sözlərinə görə, ilk növbədə insanların şəxsi həyatı ilə ictimai informasiya məkanının tənzimlənməsi arasında fərq qoyulmalıdır.

“Əvvəla, bir məqamı dəqiqləşdirək: insanların şəxsi həyatı ilə ictimai informasiya məkanının tənzimlənməsi fərqli məsələlərdir. Dövlətin məqsədi kiminsə şəxsi həyatını mühakimə etmək deyil, xüsusilə uşaqların yaşına uyğun informasiya mühitinin formalaşmasına, ailə institutunun möhkəmlənməsinə və cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına şərait yaratmaq olmalıdır”.

Vüqar İskəndərov hesab edir ki, bu məsələdə əsas diqqət rəqəmsal platformalarda yayılan məzmunun xarakterinə yönəldilməlidir.

“Bu gün əsas çağırışlardan biri rəqəmsal informasiya mühitidir. Uşaqlar bəzən valideynlərindən və müəllimlərindən daha çox sosial şəbəkələrin təsiri altında formalaşırlar. Ona görə də internetdə, reklamda, kino və digər informasiya platformalarında azyaşlılar üçün uyğun olmayan məzmunun tənzimlənməsi məsələsinə kompleks yanaşılmalıdır.

Burada əsas meyar hər hansı insan qrupunun kimliyi deyil, məzmunun xarakteri və uşağın inkişafına mümkün təsiri olmalıdır”.

Deputat vurğulayıb ki, ailə institutunun qorunması və möhkəmləndirilməsi yalnız inzibati qadağalarla mümkün deyil. Bunun üçün sosial və maarifləndirici tədbirlər də həyata keçirilməlidir.

“Ailə institutu gücləndirilməlidir. Ailəni yalnız qadağalarla qorumaq mümkün deyil. Bunun üçün sosial siyasət, sağlam ailə münasibətlərinin təşviqi, valideyn məsuliyyəti və gənclərin maarifləndirilməsi daha effektiv vasitələrdir”.

Vüqar İskəndərov LGBT mövzusu ilə bağlı gələcəkdə qanunvericilik təşəbbüsünün mümkünlüyünə də münasibət bildirib.

Onun sözlərinə görə, belə bir təşəbbüs gündəmə gələrsə, mümkün məhdudiyyətlərin hüquqi əsasları və tətbiq dairəsi dəqiq müəyyənləşdirilməlidir.

“Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə hər hansı qanunvericilik təşəbbüsü gündəmə gələrsə, onun müddəaları aydın, hüquqi baxımdan əsaslandırılmış və Konstitusiyanın təmin etdiyi hüquqlara uyğun olmalıdır.

Xüsusilə ‘təbliğat’ anlayışı elə müəyyənləşdirilməlidir ki, bu, ayrı-seçkiliyə, insanların şəxsi həyatına əsassız müdaxiləyə və ya fərqli fikirlərin avtomatik olaraq qanun pozuntusu sayılmasına yol açmasın”.

Deputat əlavə edib ki, dövlət siyasətində əsas məqsəd gənc nəslin təhsili, tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması olmalıdır.

“Bizim üçün əsas məsələ sağlam, savadlı, milli kimliyinə bağlı və məsuliyyətli gənc nəslin yetişdirilməsidir.

Unutmayaq ki, cəmiyyətin mənəvi immuniteti təkcə qadağalarla deyil, güclü ailə, keyfiyyətli təhsil və düzgün tərbiyə ilə formalaşır. Dövlətin gücü də məhz dəyərləri qoruyarkən hüququn aliliyini təmin etməsindədir”.
Geri dön