Ana Sayfa > Gündəm / Manşet > Azərbaycan İrandan dağıdıcı silahlar alır?

Azərbaycan İrandan dağıdıcı silahlar alır?


18-04-2017, 17:08. Yazar: admin
Azərbaycan İrandan dağıdıcı silahlar alır?



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən həftə İrana səfər edib. Zakir Həsənovun İranın siyasi və hərbi rəhbərliyi ilə keçirdiyi görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşlərdə Dağlıq Qarabağ probleminə də toxunulub.

İran rəsmiləri bəyan ediblər ki, rəsmi Tehran münaqişənin sülh yolu ilə həlli variantını dəstəkləyir. Bundan əlavə İranın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməsi haqda fikirlər səsləndirilib.

Azərbaycanla İran arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran regional, qlobal və digər məsələlər də müzakirə olunub.

Azərbaycan-İran hərbi əməkdaşlığı nə vəd edir?

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan İranla müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilər: “İranın inkişaf etmiş hərbi sənaye kompleksi var. Bu hərbi sənaye kompleksləri dünya standartlarına yaxın deyil. Amma, günü-gündən inkişaf edir, təkmilləşir. Hesab edirəm ki, İranla müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilərik. İrandan hazır hərbi ləvazimatlar ala bilərik. Məsələn artileriya qurğuları, daha təkmil minaatanlar. Eyni zamanda hərbi məmulatların birgə istehsalını təşkil etmək mümkündür. Bunun üçün İranın razılığı lazımdır”.

Q.Hüseynli hesab edir ki, Azərbaycan İrandan raket texnikası ala bilər: “Bu raket texnikası İranda müxtəlif istiqamətlərdə inkişaf edib. Hesab edirəm ki, bu sahədə Azərbaycan İranla əməkdaşlıq edə bilər. İrandan yaxın və orta mənzilli raketlər ala, həm də onları birgə istehsal edə bilərik. Bu, çətin məsələdir. Amma, İran buna razılıq versə, Azərbaycan üçün yaxşı olar”.

Hərbi ekspert Rəşad Süleymanov isə qeyd edib ki, Azərbaycan və İran arasında hərbi sferanın müxtəlif sahələrində əməkdaşlıq mövcuddur: “Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığı var. Azərbaycan və İran arasındakı hərbi-texniki sahədə əməkdaşlıq ötən əsrin 90-cı illərinin əvvəllərindən, dövlətimizin müstəqilliyini elan etməsinin ilk illərində, Qarabağ müharibəsi dönəminə təsadüf edir. Bu gün Azərbaycan və İran Silahlı Qüvvələrinin rəhbərlikləri arasında hərbi-siyasi dialoqlar keçirilir. Eyni zamanda son iki ildə müşahidə edirik ki, İran Hərbi Dəniz Qüvvələrinə aid gəmilər Azərbaycana dostluq səfərlərinə gəlirlər. Yaxın perspektivdə Azərbaycan gəmilərinin də İrana dostluq səfərləri etməsi gözlənilir. Həmçinin Azərbaycan və İran arasında sərhəd təhlükəsizliyi sahəsində də əməkdaşlıq mövcuddur”.

R.Süleymanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrində İran istehsalı olan müəyyən silahlardan istifadə olunur: “Hazırda D-30 toplarından, 107 millimetrlik reaktiv yaylım atəş sistemlərindən istifadə olunur. Bunlar iki ölkə arasında hərbi ticarətin olduğunu göstərir. İran hərbi sənayesi kifayət qədər inkişaf etmiş və etməkdə olan ölkədir. Müdafiə naziri Zakir Həsənovun sonuncu İran səfəri zamanı İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olması və bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanışlığı, iki ölkə arasında bu sahədə gələcəkdə əməkdaşlığın inkişaf edəcəyinə işarədir”.

Hərbi ekspert deyib ki, İran və Azərbaycan arasındakı hərbi əməkdaşlıq fonunda gələcəkdə birgə hərbi təlimlər keçirilə bilər: “Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Qazaxıstan formatında keçirilən ikitərəfli və çoxtərəfli təlimlərin bəzilərinin İranla, eləcə də Azərbaycan-Türkiyə-İran, yaxud Xəzər sahili ölkələrinin iştirakı ilə üçlük və dördlük formatına keçirilmə ehtimalları böyükdür. Hətta, İran ordu rəsmiləri çıxışlarında dəfələrlə bəyan ediblər ki, buna hazırdırlar”.

AİA.az
Geri dön