Ana Sayfa > Manşet / Siyasət > Davamlı siyasi təmaslardan çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığa
Davamlı siyasi təmaslardan çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığaBu gün, 16:11. Yazar: azer |
![]() Beynəlxalq münasibətlərdə dövlətlər arasında davamlı tərəfdaşlığın qurulması qarşılıqlı maraqların müəyyənləşdirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi ilə mümkün olur. Azərbaycan bu istiqamətdə müxtəlif regionların dövlətləri ilə əlaqələrini genişləndirir, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq imkanlarını dəyərləndirir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri də ölkəmizin Asiya dövlətləri ilə münasibətlərinin inkişafı baxımından təqdirəlayiqdir. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək hədəflərini nümayiş etdirir. 30 ildən artıqdır davam edən diplomatik əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası əməkdaşlıq Azərbaycanla Laos arasında siyasi dialoqun möhkəm əsaslara söykəndiyinin göstəricisidir. Tərəflər arasında qəbul edilmiş Birgə Bəyanatın gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirməsi isə siyasi iradənin konkret fəaliyyətlə tamamlanması üçün imkanlar yaradır. Bu sənədin yaratdığı çərçivə əlaqələrin müxtəlif sahələrdə ardıcıl inkişafına xidmət edir. İkitərəfli münasibətlərin daha geniş məzmun qazanması üçün iqtisadi əməkdaşlığın mövcud səviyyəsinin yüksəldilməsi vacibdir. Biznes əlaqələrinin canlandırılması, sahibkarlar arasında birbaşa təmasların artırılması və qarşılıqlı investisiya imkanlarının araşdırılması qarşıda duran əsas məsələlərdəndir. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu iqtisadi əməkdaşlığın praktiki istiqamətlərini müəyyənləşdirmək, tərəflərin maraqlarına uyğun layihələri müzakirə etmək baxımından faydalı platforma olacaqdır. İqtisadi münasibətlərin genişləndirilməsi üçün energetika, mədənçilik, kənd təsərrüfatı və istehsal sahələrində mövcud imkanların öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın investisiya fəaliyyəti sahəsində qazandığı təcrübə və beynəlxalq iqtisadi əlaqələri Laosla tərəfdaşlıq üçün də yeni perspektivlər yaradır. Konkret layihələrin müəyyənləşdirilməsi, investisiya təkliflərinin qarşılıqlı qiymətləndirilməsi və biznes dairələrinin əməkdaşlığa cəlb edilməsi iqtisadi əlaqələrin davamlı inkişafına kömək edəcəkdir. Əsas məqsəd qarşılıqlı maraqları real nəticələrə çevirən təşəbbüslərin həyata keçirilməsidir. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir: “Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”. Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində iştirakı, formalaşdırdığı infrastruktur və tranzit imkanları ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə mövqeyini möhkəmləndirir. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi iki ölkə arasında bu sahədə əməkdaşlıq perspektivlərini artırır. Nəqliyyat əlaqələrinin əlaqələndirilməsi və yükdaşımaların genişləndirilməsi ticarət münasibətlərinin inkişafına da müsbət təsir göstərəcəkdir. Səfərin diqqətçəkən məqamlarından biri humanitar əlaqələrin inkişafına verilən önəmdir. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr arasında tarixi təhsil əlaqələrinin mövcudluğunun göstəricisidir. Təqaüd proqramları vasitəsilə bu ənənənin bərpası gənclər arasında ünsiyyətin genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə şərait yarada bilər. Təhsil əlaqələri ilə yanaşı, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq da praktiki baxımdan əhəmiyyətlidir. Bu istiqamətdə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycanla Laos arasında əməkdaşlığın inkişafı üçün mövcud siyasi etimadın iqtisadi və humanitar sahələrdə konkret nəticələrlə möhkəmləndirilməsi vacibdir. Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin münasibətlərində yeni imkanların müəyyənləşdirilməsi baxımından xüsusi yer tutur. Səfər çərçivəsində əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsi, birgə layihələrin təşviqi və qarşılıqlı təmasların davam etdirilməsi dostluq əlaqələrinin daha geniş tərəfdaşlığa çevrilməsinə zəmin yarada bilər. Bu proses Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsinə, Laosla münasibətlərin isə yeni istiqamətlər üzrə inkişafına töhfə verəcəkdir. Asif Əsgərov Milli Məclisin deputatı Geri dön |