Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi də tam bərpa olundu”

Azər Kərimli: “Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi də tam bərpa olundu”


Bu gün, 15:21. Yazar: azer
Azər Kərimli: “Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi də tam bərpa olundu”

“Zəngilan rayonu 1993-cü ilin 30 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Xüsusilə diqqəti cəlb edən bir məqam da budur ki, Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu olmuşdur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmən ordusunun hücumlarına şiddətli müqavimət göstərən, yüzlərlə şəhid verən Zəngilanın əhalisi yalnız qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşdükdən sonra Araz çayından İran ərazisinə keçməklə öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı.”

Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin 20 oktyabr – Zəngilan Şəhəri Günü ilə bağlı aia.az-a açıqlamasında yer alıb.

Fikirlərini davam etdirən millət vəkili Vətən müharibəsinin gedişində Zəngilanın azad edilməsilə əldə olunmuş ən önəmli nailiyyətlərdən birinin məhz Azərbaycan-İran sərhədinin yenidən ölkəmizin nəzarətinə keçməsi olduğunu vurğulayıb: “Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Artıq oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilan əməliyyatının ən mühüm cəhətlərindən biri də bu oldu ki, məhz bu rayonun işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi də tam bərpa olundu. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Zəngilanda da möhtəşəm bərpa-quruculuq işləri aparılır. Əlbəttə ki, yenidənqurma işlərinin getdiyi rayon və bölgələrə cənab Prezident İlham Əliyevin mütəmadi səfərləri bu işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən, Vətən müharibəsinin başa çatmasından sonra keçən dövr ərzində dövlətimizin başçısının Zəngilana etdiyi səfərlərin hər biri mühüm infrastruktur obyektlərinin, yaşayış komplekslərinin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2022-ci ildə Azərbaycn və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı olmuş Zəngilan Beynəlxalq Hava Limanı bölgənin inkişafı baxımından böyük önəm kəsb edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.
Geri dön