Ana Sayfa > Siyasət > Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi

Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi


Bu gün, 14:05. Yazar: azer
Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi

Azərbaycanın Qlobal Cənub ölkələri ilə siyasi əməkdaşlığının əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli dialoqun genişləndirilməsidir. Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan inkişaf etməkdə olan dövlətlərin maraqlarının beynəlxalq gündəlikdə daha geniş təmsil olunmasına, çoxtərəfli diplomatiyanın inkişafına və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə xüsusi diqqət yetirib. Bu əməkdaşlığın davam etdirilməsi üçün BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar əhəmiyyətli imkanlar yaradır. Azərbaycan üçün belə platformalarda iştirak həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də beynəlxalq məsələlər üzrə tərəfdaşlarla ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məsələlər dövlətimizin başçısı İlham Əliyevin ölkəmizə rəsmi səfər edən Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında xüsusi qeyd edildi. Cənab İlham Əliyev vurğuladı ki, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Azərbaycan ilə Qlobal Cənub ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətin artırılması və qeyri-neft sektorunun ixrac imkanlarının inkişaf etdirilməsidir.  Dövlətimizin başçısı İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manetin mətbuata bəyanatlarında ölkə Prezidenti “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur” söyləyərək bildirdi ki, yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq: “Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək. Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq”.

Azərbaycanın əlverişli coğrafi mövqeyi Asiya ilə Avropa arasında yükdaşımalar və tranzit əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz, Xəzər dənizi üzərindən daşımalar, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu ölkənin beynəlxalq nəqliyyat sistemindəki rolunu genişləndirmək üçün imkanlar yaradır. Sözügedən səfər zamanı əlaqələrin inkişafında nəqliyyatın rolu xüsusi qeyd edildi. Cənab İlham Əliyev bildirdi ki, nəqliyyat və rəqəmsal transformasiya  müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir. Kamboca Krallığının Baş naziri Hun Manet isə  bunun davamı olaraq qeyd etdi  ki, növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.

Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanı əldə edən Hun Manet, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət etdi. Özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Geri dön