Ana Sayfa > Siyasət > Füzuli yenidən doğulur
Füzuli yenidən doğulurBu gün, 13:58. Yazar: azer |
![]() 17 oktyabr Füzuli üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu tarix Azərbaycanın müasir tarixində böyük bir dönüşün rəmzidir. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi 30 ilə yaxın davam edən həsrətə son qoydu. Bu gün Füzuli artıq işğalın deyil, azadlığın, quruculuğun və Böyük Qayıdışın şəhəri kimi yaşayır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli şəhəri günü elan edilməsi də bu tarixi günün əhəmiyyətini dövlət səviyyəsində təsdiqlədi. Füzulinin tarixi daha qədimdir. Şəhərin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli qoyulub. Bu torpaq həm də qədim tarixi və dini abidələri ilə seçilib. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəllidəki Mirəli türbəsi və digər abidələr Füzulinin zəngin keçmişindən xəbər verir. Amma Füzulinin yaddaşında ən ağır səhifələrdən biri 1993-cü ilin avqustunda başladı. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal yüz minlərlə insanın doğma yurdundan didərgin düşməsi ilə nəticələndi. Füzuli rayonundan 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü, yüzlərlə insan müharibə əlili oldu. Azərbaycan Ordusu 1994-cü ilin əvvəlində rayonun 22 yaşayış məntəqəsini azad etsə də, Füzuli şəhərinin tam azadlığı üçün 26 il gözləmək lazım gəldi. 2020-ci ilin Vətən müharibəsi bu həsrətə son qoydu. Füzuli uğrunda döyüşlər müharibənin ən ağır döyüşlərindən idi. Otuz il ərzində yaradılmış müdafiə xətləri və istehkamlar ciddi maneə yaradırdı. Buna baxmayaraq, Azərbaycan Ordusu bu maneələri yararaq irəlilədi və 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini azad etdi. Həmin gün rayonun bir sıra kəndləri də azadlığa qovuşdu. Ümumilikdə Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzulinin azad olunması hərbi qələbə olmaqla yanaşı, böyük quruculuq yolunun başlanğıcı idi. Bu yolun başında isə Cənab Prezident İlham Əliyev dayanır. Füzulinin azad edilməsindən cəmi bir ay sonra, 16 noyabr 2020-ci ildə Cənab Prezident İlham Əliyev Füzuliyə səfər edərək şəhərdə Azərbaycan bayrağını ucaltdı və Füzuli-Şuşa avtomobil yolunun, Zəfər yolunun təməlini qoydu. Bu səfər dağıdılmış şəhərin gələcək taleyinə verilən ilk mühüm mesajlardan biri idi: Füzuli yenidən qurulacaq və öz sakinlərini geri qəbul edəcək. Sonrakı illərdə Cənab Prezidentin Füzuliyə səfərləri ardıcıl xarakter aldı. 2021-ci ilin yanvarında Əhmədbəyli-Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməli qoyuldu. Həmin il Füzuli şəhərinin Baş planı təsdiqləndi, xəstəxananın təməli qoyuldu, Füzuli-Hadrut yolunun tikintisinə başlanıldı. İyunun 14-də “Füzuli” yarımstansiyası istifadəyə verildi, avqustda hava limanında və Zəfər yolunda işlərin gedişi ilə tanışlıq keçirildi. Cənab Prezidentin Füzuliyə diqqəti bununla da məhdudlaşmadı. 26 oktyabr 2021-ci ildə cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Bu hava limanı yeni Füzulinin dünyaya açılan qapılarından birinə çevrildi. Həmin dövrdə Füzuli-Ağdam yolunun, “Ağıllı kənd” layihəsinin, rəqəmsal idarəetmə mərkəzinin və yaşayış məhəllələrinin təməlləri qoyuldu. Füzulinin bərpası illər keçdikcə daha geniş miqyas aldı. Peşə liseyinin, yeni yolların, yaşayış komplekslərinin, məktəblərin, su və kanalizasiya sistemlərinin tikintisinə başlanıldı. 2023-cü ildə Cənab Prezident Füzulidə bir sıra layihələrin gedişi ilə tanış oldu, yeni kəndlərin təməlini qoydu, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, rəqəmsal yarımstansiyanın və digər mühüm obyektlərin yaradılması ilə bağlı işləri yerində qiymətləndirdi. Bu səfərlərin hər biri Füzulinin yenidən qurulmasının konkret bir mərhələsi ilə bağlıdır. 2023-cü il avqustun 23-də Cənab Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Füzulidə Mirzə Uluqbəy adına məktəbin açılışında iştirak etdi. 2024-cü ilin martında isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etdi. Beləliklə, Füzuli yalnız Azərbaycanın bərpa etdiyi şəhər deyil, həm də Türk dünyasının həmrəyliyinin özünü göstərdiyi məkana çevrilir. Cənab Prezidentin Füzuli ilə bağlı fəaliyyətinin əsas istiqamətlərindən biri də Böyük Qayıdışdır. Çünki şəhərin yenidən qurulmasının əsas məqsədi yalnız binalar tikmək deyil, insanların öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. 2023-cü il avqustun 18-dən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Bu gün Füzulidə yeni şəhər formalaşır. Müasir yollar, yaşayış kompleksləri, məktəblər, bağçalar, xəstəxana, idman və yaradıcılıq mərkəzləri, enerji və su infrastrukturu bir-birini tamamlayır. Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi isə bu quruculuğun təsadüfi deyil, uzunmüddətli və düşünülmüş şəhərsalma siyasətinə əsaslandığını göstərir. Bu gün Füzuliyə baxanda keçmişlə gələcək bir şəhərdə görüşür. Dağıntıların yerində yeni binalar ucalır, illərlə həsrət çəkən ailələr doğma evlərinə qayıdır, uşaqlar yeni məktəblərdə təhsil almağa başlayır. Vaxtilə yalnız xatirələrdə yaşadılan şəhər indi yenidən canlı həyatına qayıdır. Füzulinin bugünkü mənzərəsi bir həqiqəti göstərir: torpağı azad etmək böyük Zəfərdirsə, onu yenidən qurmaq və insanlarını doğma yurdlarına qaytarmaq həmin Zəfərin davamıdır. 17 oktyabr buna görə həm qələbənin, həm də yeni həyatın tarixidir. Füzuli yenidən doğulur və bu doğuluşun hər addımında şəhidlərin qanı ilə qazanılmış Zəfərin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışın izləri görünür. İlqar Kərimov YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |