Ana Sayfa > Manşet / Siyasət > “Laos bizim üçün dost ölkədir”
“Laos bizim üçün dost ölkədir”Bu gün, 08:55. Yazar: azer |
![]() İkitərəfli əlaqələr dövlətlərarası münasibətlərin mahiyyəti ilə müəyyənləşir. Belə münasibətlər siyasi mahiyyət daşısa da konkret sahələri əhatə edən əlaqələrin istiqaməti müxtəlif olur. Əlaqələr hər dövlətlə ayrı-ayrı istiqamətlərdə aparılır. Azərbaycanla Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər də bu tezislərlə səsləşir. Bu iki dövlət arasında münasibətlər genişlənməkdədir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana səfəri də bu qənaətin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfərlə əlaqədar mətbuata bəyanatında bu iki dövlətin başçılarının bir neçə dəfə beynəlxalq tədbirdə görüşdüyünü, bu səfərdə həm təkbətək, həm də geniştərkibli görüş olduğunu, hər iki ölkədə dostluq qrupları yaradıldığını, bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq etdiyimizi xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda geniş ali təhsil şəbəkəsinin mövcudluğunu xatırladaraq əminliklə bildirdi ki, Azərbaycanda müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Azərbaycan bu potensialından istifadəni Laos Xalq Demokratik Respublikasına da təklif edə bilər: “...vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik”. İşğala məruz qalmış bütün dövlətlər müharibənin ağrı-acılarını müharibədən sonrakı illərdə də çəkir. İşğalçı dövlət müharibə apardığı müddətdə əraziləri minalayır. Müharibədən sonra onun ağrılarını minalanmış sahələrə yaxın ərazilərin əhalisi, bu anlamda dövlət çəkir. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istər Laosun, istərsə də Azərbaycanın mina problemləri olduğunu da vurğuladı. Bu fikir bilavasitə Laosla Azərbaycana şamil edilsə də dünyəvi problem kimi təqdim edildi: “Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır”. Dövlət başçımız bəyanatında ikitərəfli əlaqələrin müasir konturları haqqında da məlumat verdi. Gələcək fəaliyyətin nəzərdə tutulan istiqamətlərindən də söz açdı: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”... Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin sabahlarının istiqamətlərini də müəyyənləşdirdi, bu istiqamətlərin siyasi münasibətlərdən qaynaqlandığı da deyildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında əminliklə bildirdi ki, Laos bizim üçün dost ölkədir. Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |