Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: Azərbaycan–Laos münasibətləri siyasi etimaddan strateji əməkdaşlığın yeni üfüqlərinə
Səttar Möhbalıyev: Azərbaycan–Laos münasibətləri siyasi etimaddan strateji əməkdaşlığın yeni üfüqlərinəBu gün, 08:51. Yazar: azer |
![]() Beynəlxalq münasibətlərdə etimadın möhkəmliyi dövlətlər arasında əlaqələrin inkişafı üçün nə qədər vacibdirsə, bu etimadı real əməkdaşlıq imkanlarına çevirmək də bir o qədər əhəmiyyətlidir. Azərbaycan ilə Laos arasında münasibətlərin bugünkü mənzərəsi məhz bu yanaşmanın əhəmiyyətini bir daha ortaya qoyur. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkənin dostluq münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq niyyətini, qarşılıqlı maraqlarını və gələcək əməkdaşlığın əsas istiqamətlərini aydın şəkildə ifadə etdi. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Dövlət başçısının vurğuladığı kimi, qəbul edilmiş Birgə Bəyanat gələcək əməkdaşlığın məzmununu müəyyənləşdirir və qarşıda duran əsas vəzifələrə istiqamət verir. Sənədin əhəmiyyəti yalnız mövcud münasibətlərin təsdiqi ilə məhdudlaşmır. Əsas məsələ siyasi müstəvidə formalaşmış qarşılıqlı anlaşmanı iqtisadiyyat, təhsil, nəqliyyat, energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməli addımlarla möhkəmləndirməkdir. Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması bu əlaqələrin davamlılığını və qarşılıqlı hörmətə əsaslandığını göstərir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə həmrəylik və dəstək nümayiş etdirir. Belə münasibətlər dövlətlərin beynəlxalq mövqelərinin uzlaşdırılması, qarşılıqlı maraqlarının qorunması və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Parlamentlərarası əlaqələrin genişlənməsi, hər iki ölkədə dostluq qruplarının yaradılması, hakim partiyalar arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması da siyasi dialoqun müxtəlif səviyyələrdə inkişaf etdiyini təsdiqləyir. Bu mexanizmlər dövlətlər arasında münasibətlərin yalnız ali rəhbərlərin görüşləri ilə məhdudlaşmadığını, müxtəlif institutlar vasitəsilə də davamlı xarakter aldığını göstərir. Cənab Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla tamamlanması zərurətidir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, hazırkı ticarət dövriyyəsi nə iki ölkənin potensialını, nə də onların niyyətini əks etdirir. Bu fikir münasibətlərin inkişafında yeni mərhələyə keçidin vacibliyini göstərir. Çünki siyasi dostluğun dayanıqlı iqtisadi tərəfdaşlığa çevrilməsi üçün qarşılıqlı maraqların müəyyənləşdirilməsi, biznes əlaqələrinin qurulması və konkret layihələrin həyata keçirilməsi tələb olunur. Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Forum sahibkarların birbaşa təmaslarına, qarşılıqlı məlumat mübadiləsinə və yeni investisiya imkanlarının araşdırılmasına şərait yarada bilər. Cənab Prezident İlham Əliyevin Laos tərəfindən təqdim ediləcək konkret investisiya layihələrinə Azərbaycanın maraqla yanaşmağa hazır olduğunu bildirməsi ölkəmizin əməkdaşlığa açıq mövqeyini nümayiş etdirir. Millət vəkili onu da deyib ki, Azərbaycanın xarici ölkələrə sərmayə yatırmaq imkanlarının genişlənməsi bu təşəbbüs üçün mühüm iqtisadi zəmin yaradır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizin investisiyalarının həm maliyyə həcmi, həm də coğrafiyası artır. Belə sərmayələr tərəfdaş ölkələrdə yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına, iqtisadi fəallığın yüksəlməsinə töhfə verir. Bu təcrübənin Azərbaycan–Laos münasibətlərində tətbiqi də qarşılıqlı fayda üçün yeni imkanlar aça bilər. Bəyanatın humanitar məzmunu da xüsusi diqqətə layiqdir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud əlaqələrin tarixi əsaslarından biridir. Cənab Prezident İlham Əliyevin bu ənənənin bərpasını təklif etməsi, laoslu tələbələr üçün təqaüd mexanizminin nəzərdə tutulduğunu bildirməsi gələcəyə yönəlmiş mühüm təşəbbüsdür. Təhsil əməkdaşlığı yalnız mütəxəssis hazırlığı deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluğun və mədəni yaxınlığın möhkəmləndirilməsi deməkdir. Dövlət başçılarının müzakirə etdiyi mina problemi isə iki ölkəni birləşdirən ağrılı təcrübənin ortaq əməkdaşlıq imkanına çevrilə biləcəyini göstərir. Cənab Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını, son 5–6 ildə 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını diqqətə çatdırdı. Laosun da müharibədən onilliklər keçməsinə baxmayaraq, mina təhlükəsi ilə üzləşməsi bu sahədə təcrübə mübadiləsini, müasir texnologiyaların tətbiqini və mütəxəssis hazırlığını əhəmiyyətli edir. Thonqlun Sisulitin Azərbaycana səfəri və oktyabrın 15-də nəzərdə tutulan Zirvə görüşündə iştirakı da münasibətlərin inkişafına verilən önəmi göstərir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Laos Prezidentinin ölkəmizə ilk rəsmi səfəridir. Beləliklə, uzun illər ərzində formalaşmış diplomatik əlaqələr yeni məzmun qazanır. Bütün bunlar göstərir ki, Azərbaycan–Laos münasibətlərinin qarşısında geniş imkanlar açılır. Siyasi etimad, qarşılıqlı hörmət və əməkdaşlıq iradəsi mövcuddur. İndi əsas vəzifə həmin imkanları konkret layihələrə, iqtisadi nəticələrə və xalqlarımızın rifahına xidmət edən təşəbbüslərə çevirməkdir. Cənab Prezident İlham Əliyevin bəyanatının başlıca mesajı da məhz budur: möhkəm siyasi münasibətlər real əməkdaşlıqla zənginləşdikcə dostluq daha davamlı, tərəfdaşlıq isə daha səmərəli olur-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. Geri dön |