Ana Sayfa > Siyasət > Anar Nəbiyev Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır

Anar Nəbiyev Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır


Bu gün, 14:18. Yazar: azer
Anar Nəbiyev Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır

Ölkəmizdə ideoloji təhlükəsizliyin təməl daşı Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya multikulturalizmi, tolerantlığı və vətənpərvərliyi aşılayır. Tarixi yaddaşın qorunması, gənc nəslə tariximizin, zəfərlərimizin və milli adət-ənənələrin düzgün ötürülməsi əsas çağırışlardandır. Həmçinin əsas hədəflər sırasında cəmiyyətə daxildən və ya xaricdən sırımağa çalışılan radikal dini cərəyanların və ekstremist ideologiyaların neytrallaşdırılması dayanır. Qloballaşma adı altında milli kimliyi aşındıran, əxlaqi dəyərlərə zidd olan yad mədəni modellərin kütləvi şəkildə yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Maarifləndirmə və təhsil əsas prioritetlər sırasındadır. Təhsil sistemində gənclərə informasiyanı analiz etmək və manipulyasiyaları ayırd etmək bacarıqları  öyrədilir. Ölkəmizdə aparılan uğurlu gənclər siyasəti diqqətdən kənarda qalmır.  İdeoloji təhlükəsizlik təkcə dövlət qurumlarının deyil, həm də medianın, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və hər bir fərdin birgə fəaliyyətini tələb edən kollektiv bir məsuliyyətdir.

Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. Dünyəvi dövlət prinsipi milli-mənəvi dəyərlərin qorunması anlayışı ilə bir-birinə zidd deyil. Əksinə, tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının ən yaxşı qorunduğu cəmiyyətlər məhz dünyəvi dövlətlərdədir. Azərbaycan modeli dini etiqad azadlığının təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin əsas dəyərlərinin qorunması arasında hüquqi tarazlığa əsaslanır. Dini etiqad azadlığı dövlət tərəfindən təmin edilir, lakin dini inanclar və ya dini simvollar hüquq pozuntusuna, ayrı-seçkiliyə və ya digər şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına əsas və bəraət qazandıra bilməz.

Dövlət təhsil siyasətinin ana xəttini təşkil edən bərabərlik, əlçatanlıq və inklüzivlik prinsipləri birbaşa Konstitusiyanın və qanunvericiliyin ali hüquqi müddəalarından qaynaqlanır. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın təhsil hüququnu təmin etməklə yanaşı, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyini hüquqi cəhətdən rəsmiləşdirir. “Təhsil haqqında” Qanunda xüsusi yer ayrılan inklüzivlik və hamı üçün əlçatanlıq prinsipləri də dövlətin hər bir fərdə heç bir ayrı-seçkilik qoymadan eyni keyfiyyətdə təlim-tərbiyə vermək öhdəliyini imperativ norma kimi təsbit edir. Məktəblərdə vahid qaydaların tətbiqi və dünyəvi mühitin qorunması məhz bu ali qanunların real sosial müstəvidə tətbiqidir.

Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından  azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır. Məktəblərdə vahid məktəbli geyim formasının tətbiqi dini ayrı-seçkilik deyil, təhsilin dünyəvi xarakterinin və şagirdlər arasında bərabərliyin qorunmasına xidmət edir. Məktəb uşaqların sosial status, ailənin dini baxışları və maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etdikləri məkandır. Vahid məktəbli forması bu baxımdan sosial bərabərlik funksiyası daşıyır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri

Geri dön