Ana Sayfa > Siyasət > Azərbaycanın dövlətçilik modelində milli-mənəvi dəyərlər və ictimai həmrəylik

Azərbaycanın dövlətçilik modelində milli-mənəvi dəyərlər və ictimai həmrəylik


Bu gün, 14:16. Yazar: azer
Azərbaycanın dövlətçilik modelində milli-mənəvi dəyərlər və ictimai həmrəylik

Azərbaycanın müstəqil dövlət kimi davamlı uğurlar əldə etməsində milli birliyin qorunması, dövlətçilik ənənələrinə bağlılıq və milli-mənəvi irsə hörmət mühüm əhəmiyyət daşıyır. Ölkəmiz milli mənafelərə söykənən müstəqil siyasəti, beynəlxalq aləmdə qazandığı nüfuzu, tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyi ilə fərqlənir. Azərbaycanın inkişaf modelinin əsasını milli kimliyin qorunması ilə dünyəvi dövlətçilik prinsiplərinin vəhdəti, eləcə də vətəndaşların hüquq və azadlıqlarına hörmət təşkil edir. Ölkəmizin dövlətçilik təcrübəsi göstərir ki, milli-mənəvi dəyərlərin yaşadılması, dini müxtəlifliyə hörmət və qanunun aliliyinin təmin olunması bir-biri ilə sıx bağlı olan və bir-birini tamamlayan prinsiplərdir.

Hazırkı dövrdə ideoloji təhlükəsizliyin təmin edilməsi dövlət və cəmiyyət qarşısında duran mühüm məsələlərdən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələr vasitəsilə həqiqətə uyğun olmayan məlumatların yayılması və dini amillərdən siyasi məqsədlər naminə istifadə edilməsi cəmiyyətin düşüncə tərzinə təsir göstərmək üçün müəyyən imkanlar yaradır. Belə bir şəraitdə milli maraqların müdafiəsi yalnız ölkənin ərazi bütövlüyünün və fiziki təhlükəsizliyinin qorunması ilə məhdudlaşmır. Əhalinin informasiya savadlılığının yüksəldilməsi, gənclərin zərərli ideoloji təsirlərdən müdafiəsi və cəmiyyətdə milli birliyin daha da möhkəmləndirilməsi də əsas vəzifələr sırasındadır.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi proqram xarakterli fikirlərdə ideoloji təhlükəsizlik məsələsinə xüsusi yer verilməsi bu istiqamətin dövlətçilik üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Milli tarixini, mədəniyyətini və dəyərlərini dərindən mənimsəyən, yüksək təhsil səviyyəsinə və müstəqil düşüncə qabiliyyətinə malik gənclər məlumatları daha obyektiv təhlil etmək, həqiqəti yalanlardan ayırmaq və manipulyativ çağırışların mahiyyətini anlamaq imkanına sahib olurlar. Bu baxımdan ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin qarşılıqlı fəaliyyəti xüsusi önəm daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq: İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir.

Məktəbin cəmiyyət həyatındakı rolu yalnız şagirdlərə bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Təhsil müəssisələri eyni zamanda uşaqların dünyagörüşünün, davranış qaydalarının, mənəvi keyfiyyətlərinin və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm sosial məkanlardır. Şagirdlər məktəbdə birgə fəaliyyət göstərməyi, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, məsuliyyətli davranmağı və müəyyən edilmiş qaydalara əməl etməyi öyrənirlər. Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də məktəbdə ortaq təhsil mühitinin yaradılmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim formasının tətbiqi şagirdlərdə məktəb kollektivinə mənsubluq duyğusunu möhkəmləndirir və ümumi qaydalara uyğun davranışın formalaşmasına kömək edir.

Təhsilverənlərin geyiminə dair işgüzar tələblərin müəyyənləşdirilməsi də məktəbdə peşəkar mühitin yaradılması və müəllim nüfuzunun qorunması baxımından əhəmiyyətlidir. Müəllimin səliqəli, sadə və peşə fəaliyyətinə uyğun geyimi təhsil müəssisəsində formalaşan ümumi mədəniyyətin göstəricilərindən biri hesab olunur. Bu yanaşma geyim məsələsinə yalnız zahiri və formal tələb kimi deyil, məktəbdə intizamın, pedaqoji etikanın və qarşılıqlı ehtiramın qorunmasına töhfə verən amil kimi baxılmasını nəzərdə tutur.

Şagirdlərin və müəllimlərin geyimi ilə bağlı qaydalar müvafiq qanunvericilik normaları əsasında müəyyən edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin başlıca prinsipləri kimi təsbit olunub. Nazirlər Kabinetinin 2026-cı il sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair tələblərdə dəyişiklik aparılıb. Oktyabrın 6-da qəbul edilmiş digər qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiq edilib. Bu normativ sənədlər təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılmasına, müəyyən edilmiş standartların qorunmasına və ümumi qaydalara riayət edilməsinə xidmət edir.

Bu məsələnin cəmiyyətdə müzakirəsi zamanı qəbul edilən hüquqi normaların məzmununun düzgün izah olunması da mühüm əhəmiyyət kəsb edir. Geyim qaydalarının dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsi məsələnin həqiqi mahiyyətinin yanlış anlaşılmasına və ictimai rəydə əsassız təsəvvürlərin yaranmasına səbəb ola bilər. Azərbaycanda vətəndaşların dini etiqad azadlığı qanunla təmin olunur, dini-mədəni irsin qorunmasına, məscidlərin və digər ibadət məkanlarının bərpasına xüsusi diqqət yetirilir. Bununla yanaşı, dövlət ümumi təhsil müəssisələrində uşaqların hüquqlarının qorunması, bütün şagirdlər üçün bərabər imkanların yaradılması və dünyəvi təhsil prinsiplərinin təmin edilməsi də mühüm vəzifələrdəndir. Bu istiqamətlər arasında qarşıdurma yaratmaq əvəzinə, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə uzlaşdırılması əsas götürülməlidir.

Azərbaycanın dini dəyərlərə və tarixi-mədəni irsə göstərdiyi ehtiram məscidlərin yenidən qurulmasında, yeni ibadət ocaqlarının inşasında və dini abidələrin mühafizəsində özünü aydın şəkildə göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası xalqımızın tarixi yaddaşının qorunması, dini-mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm məna daşıyır. Dünyəvilik prinsipi isə dini və milli dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsini təmin edir.

Beləliklə, milli birliyin möhkəmləndirilməsi, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişdirilməsi, dini və mədəni müxtəlifliyə hörmətin qorunması Azərbaycanın ideoloji təhlükəsizliyinin əsas istiqamətlərindəndir. Cəmiyyətdə sağlam düşüncə mühitinin yaradılması, hüquqi maarifləndirmənin genişləndirilməsi və yanlış məlumatlara qarşı obyektiv informasiyanın yayılması bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Milli-mənəvi dəyərlərə sədaqət, dünyəvi dövlətçilik prinsiplərinə bağlılıq və qanunun aliliyinə hörmət əsasında formalaşan ictimai münasibətlər Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və gələcək nəsillərin sağlam dünyagörüşü ilə yetişməsinə xidmət edir.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Geri dön