Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan – Kamboca münasibətləri qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üzərində qurulub
Azərbaycan – Kamboca münasibətləri qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üzərində qurulubBu gün, 12:41. Yazar: azer |
![]() Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı, siyasi dialoqun genişləndirilməsi və iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə qurulması qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini artırır. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkənin münasibətlərə strateji yanaşmasını, mövcud imkanlardan səmərəli istifadə etmək niyyətini və gələcək əməkdaşlığın əsas istiqamətlərini nümayiş etdirir. Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində formalaşan siyasi əlaqələr ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün əlverişli zəmin yaradır. Parlamentlərarası əlaqələr, dostluq qruplarının fəaliyyəti və Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə Kambocanın dəstəyi də bu əməkdaşlığın siyasi və institusional əsaslarını gücləndirir. Səfərin diqqətçəkən istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi olub. Mövcud vəziyyət əməkdaşlıq imkanlarının məhdudluğunu deyil, reallaşdırılmamış iqtisadi potensialın böyüklüyünün göstəricisidir. Ticarət və investisiya sahələrində praktiki məsələləri araşdıracaq birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi şirkətlər arasında əlaqələrin qurulmasına, qarşılıqlı bazar imkanlarının öyrənilməsinə və yeni layihələrin müəyyənləşdirilməsinə xidmət edir. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq da perspektivli istiqamətlər sırasındadır. Azərbaycanın beynəlxalq təcrübəyə açıq yanaşması dövlət xidmətləri sahəsində də özünü göstərir. Nəqliyyat və rəqəmsal transformasiya sahələrinin də müzakirə olunması tərəfdaşlığın yalnız ənənəvi əlaqələrlə məhdudlaşmadığını, müasir çağırışlara uyğun istiqamətləri əhatə etdiyini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur: “Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”. Humanitar əlaqələrin genişləndirilməsi də münasibətlərin mühüm tərkib hissəsidir. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması xalqlarımız arasında mövcud tarixi bağların göstəricisidir. Qarşılıqlı təhsil imkanlarının yaradılması bu ənənənin bərpasına, gənclər arasında əlaqələrin möhkəmlənməsinə və ölkələrimizin bir-birini daha yaxından tanımasına töhfə verəcəkdir. Prezident İlham Əliyevin bəyanatında mina problemi və regional təhlükəsizlik məsələlərinə də toxunub. Hər iki ölkənin mina təhlükəsi ilə üzləşməsi təcrübə və bilik mübadiləsini, mütəxəssislərin hazırlanmasını və praktiki əməkdaşlığı zəruri edir. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin nə qədər ağır olduğunu sübut edir. Dövlət başçısının sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğu barədə fikirləri Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini əks etdirir. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini və Böyük Qayıdış Proqramını həyata keçirir. Bu təcrübə sülhün, təhlükəsizliyin və sabitliyin insanların rifahı, iqtisadi fəallıq və davamlı inkişaf üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Beləliklə, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından əhəmiyyətli addımdır. Siyasi dialoqun iqtisadi, humanitar və texnoloji əməkdaşlıqla tamamlanması əlaqələrin daha dinamik xarakter almasına şərait yaradır. Mövcud razılaşmaların konkret layihələrə çevrilməsi isə Azərbaycan-Kamboca tərəfdaşlığının gələcək inkişafını müəyyən edən əsas amillərdən biri olacaqdır. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |