Ana Sayfa > Parlament > İcradakı işlərin 40 faizini kredit və maliyyə məsələləri təşkil edir -

İcradakı işlərin 40 faizini kredit və maliyyə məsələləri təşkil edir -


Bu gün, 12:38. Yazar: Subhan
İcradakı işlərin 40 faizini kredit və maliyyə məsələləri təşkil edir -

“Dövlət adından çıxarılan qərar icra olunmursa, təkcə bank sektoru və ya vətəndaşlar ziyan çəkmir, eyni zamanda məhkəmə sisteminin hüquqi mexanizmlərinin təsiri də zəifləyir”.

aia.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin 13 oktyabr tarixli iclasında “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təklif olunan dəyişiklik qiymətli kağızların icra prosesinə cəlb olunmasına və icra məmurlarının səlahiyyətlərinin hüquqi əsaslarının gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, məhkəmə qərarlarının icrası sahəsində son illər həyata keçirilən tədbirlər real problemlərin həllinə yönəlib.

Zahid Oruc qeyd edib ki, 2021-ci ildən etibarən hər il icra xidmətinə 300 mindən çox sənəd daxil olub. 2024-cü ildə bu göstərici 25,7 faiz artaraq 387 mini ötüb.

Deputatın sözlərinə görə, xüsusilə bank kreditləri ilə bağlı icra işlərinin sayında ciddi artım qeydə alınıb. 2023-cü ildə bank kreditləri üzrə 74 min yeni iş icraya daxil olduğu halda, 2024-cü ildə bu rəqəm 112 minə çatıb. Bu, bir il ərzində təxminən 50 faiz artım deməkdir.

O bildirib ki, ümumi icra prosesində təxminən 1,2 milyon işin olduğu barədə məlumatlar mövcuddur. Deputatın təqdim etdiyi rəqəmlərə əsasən, kredit və maliyyə məsələləri həmin işlərin əhəmiyyətli hissəsini təşkil edir.

Zahid Oruc vurğulayıb ki, problemin həlli yalnız qanunvericilik dəyişiklikləri ilə məhdudlaşmamalı, müvafiq dövlət qurumlarının kompleks tədbirlərini də əhatə etməlidir. O, Mərkəzi Bankın məlumatlarına istinadən, 2026-cı ilin iyun ayının sonuna bank sektorunda 90 gündən artıq gecikdirilmiş kreditlərin həcminin 932,3 milyon manata çatdığını və bunun ümumi kredit portfelinin təxminən 3 faizini təşkil etdiyini söyləyib:

“Təminatsız kreditlər məsələsinə də xüsusi diqqət yetirilməlidir. Borcalan işini itirdikdə, gəliri azaldıqda və adına yönəldilə biləcək əmlak olmadıqda, məhkəmə qərarının mövcudluğu borcun faktiki ödənilməsini təmin etməyə bilər.

Vətəndaşın sabit işi və davamlı gəliri azalırsa, onun adına yönəldilə bilən əmlak qeydə alınmayıbsa, hüquqi mexanizm nə qədər təkmilləşsə də, icra məmuru olmayan vəsaiti təmin edə bilməyəcək”, – deyə Zahid Oruc bildirib.

O, əhalinin məşğulluğunun və real gəlirlərinin artırılmasının, sabit iş yerlərinin yaradılmasının həm də məhkəmə və icra sisteminin yükünü azalda biləcəyini diqqətə çatdırıb. Deputat, həmçinin onlayn kreditlərin əlçatanlığının artdığı şəraitdə bankların borcalanların yalnız maaşını deyil, ümumi borc yükünü, sabit xərclərini və real ödəmə imkanlarını da qiymətləndirməsinin vacibliyini vurğulayıb.

Qanun layihəsinin mahiyyətinə toxunan Zahid Oruc bildirib ki, yeni mexanizm icra məmuruna borclunun qiymətli kağızlarına tələb yönəltmək imkanı verəcək. Sənədli qiymətli kağızların götürülməsi, sənədsiz qiymətli kağızların isə mərkəzi depozitarda saxlanması ilə bağlı qərar qəbul edilə biləcək.

Deputat layihəni dəstəklədiyini bildirib və problemin həlli üçün qanunvericilik tədbirləri ilə yanaşı, iqtisadi və sosial addımların da vacibliyini qeyd edib.

aia.az
Geri dön