Ana Sayfa > Parlament > Azərbaycan və Qırğızıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlir -
Azərbaycan və Qırğızıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlir -Bu gün, 11:32. Yazar: Subhan |
![]() “Bu, sadəcə olaraq iki dövlət arasında növbəti beynəlxalq müqavilənin imzalanması deyil. Bu, Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan qarşılıqlı etimadın, siyasi həmrəyliyin, ortaq maraqların və gələcəyə yönəlmiş siyasi baxışın bariz ifadəsidir”. aia.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputatın sözlərinə görə, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan dövlət başçıları tərəfindən imzalanan müqavilə iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənədin əsasını dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi təşkil edir. Səməd Seyidov xatırladıb ki, 2022-ci il aprelin 20-də Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hazırda isə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addım atılır: “Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr də inkişaf edir. Qazaxıstanla münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik, Özbəkistanla əlaqələr isə müttəfiqlik və qardaşlıq prinsipləri əsasında qurulub. Tacikistan və Türkmənistanla strateji tərəfdaşlıq münasibətlərinin də möhkəm hüquqi-siyasi əsasları formalaşıb”. Deputat, həmçinin Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya dövlət başçılarının səkkizinci müşavirə görüşündə iştirakını xatırladaraq bunun Azərbaycanın regionda artan siyasi əhəmiyyətini nümayiş etdirdiyini söyləyib. Səməd Seyidov hesab edir ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirəcək, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yeni mərhələyə yüksəldəcək. O, həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıb. aia.az Geri dön |