Ana Sayfa > Siyasət / Seçilənlər-4 > Türkiyə yeni gündə ayıldı
Türkiyə yeni gündə ayıldı17-04-2017, 20:39. Yazar: admin |
Bu gün Türkiyədə yeni gündür. Yeni Türkiyənin ilk günü. Türkiyəni benəlxalq siyasətdə təcrid etmək, Ankaranı Avropa ilə yanaşı, Asiyadakı proseslərdən də uzaqlaşdırmaq, ən əsası - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini zəiflətmək və yeni dövlət çevrilişinə rəvac yaratmaq istəyənlərin ümidləri tükəndi. Türkiyə siyasətinin sürəkli olaraq gərginlik, qarşıdurma, qütbləşmə və düşmənçilik istehsal edən mexanizm təki fəaliyyət göstərdiyi günlər, deyəsən, arxada qaldı. İqtidardakı Ədalət və İnkişaf Partiyasına (AKP) uzun illərdən bəri sərt müxalifətdə duran Milliyətçi Hərəkat Partiyası (MHP) başda olmaqla, bir çox müxalif partiyalar hakimiyyətin təşəbbüsünü dəstəklədilər. Sadəcə, Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referenduma qətiyyətlə "Yox" dedi. Dedi və azlıqda qaldı. Referendumun sonucu "Hə" oldu və Türkiyənin daha da güclənməsi istiqamətində ilk addım atdı. 80 milyon türk, kürd, ərəb və digər etnik kökənlilər: sünnilər, ələvilər, modernlər, mühafizəkarlar bütün fərqlərə rəğmən yeni, indikindən daha güclü Türkiyə üçün "Hə" dedilər. Türkiyə bu gün yeni üfüqlərə açılan sabahla oyandı. Bu Türkiyədə terrora yer yox. Yeni Türkiənin heç bir dövlətin himayəsinə, qayğısına, "böyük qardaş"a ehtiyacı yox. Müxtəlif qruplaşmalar, dövlət içində dövlət qurmaq istəyənlər, xaricdən dəstəklənənlər, səlahiyyətlərini, habelə söz və əməl haqlarını millətdən almayanlar ən ağır məğlubiyyətlərinə düçar oldular. Gələk referendumun nəticələrinə. Sonuclar birmənalı olaraq Türkiyə üçün Avropa Birliyi illüziyasının bitməsi deməkdir. Rəsmi Ankara indi Brüsselə hesablanmış yox, Avrasiyaya yönəlmiş siyasət yürüdəcək. Konstitusiyaya edilən dəyişikliklərə görə, Türkiyə prezidenti parlamenti buraxmaq, fövqəladə vəziyyət elan etmək, nazirlərlə hakimləri təyin və işdən azad etmək, fərmanlar imzalamaq, büdcəni parlamentə təqdim etmək, habelə ali baş komandanlıq və Baş Qərargah rəisini təyin etmək səlahiyyətlərinə yiyələnib. Bununla yanaşı, hərbçilərə siyasətə müdaxilə imkanları minimuma endirilib. Məsələn, silahlı qüvvələrlə az-çox əlaqəsi olan şəxs parlamentə seçilə bilməyəcək. Baş nazir postu ləğv olunur və hökumətin rəhbəri səlahiyyətləri prezidentə keçir. Üstəlik, prezident həm də iqtidardakı partiyanın sədri postunda qalır. Dəyişikliklərə görə, hər hansı qanun layihəsinə prezident tərəfindən qoyulan vetonu bundan sonra yalnız deputatların absolyut çoxluğunun səsi ilə ləğv etmək mümkün ola bilər. Prezidentə impiçment elan edərək onu vəzifəsindən kənarlaşdırmaq üçünsə deputatların 2/3-nin səsi gərəkdir. Bu səslər toplansa belə, Konstitusiya Məhkəməsinin qərarı gərəkdir. Konstitiusiya Məhkəməsində 15 hakimdən 12-ni isə prezident təyin edəcək. ... Dünən 80 milyon türkiyəli qazandı, Türkyə qalib gəldi. Milli iradə, millət sözünü dedi. İstiqbalının, inkişafının, iradəsinin daha güclü olması üçün. Bu gün yeni Türkiyənin bayramı olmaqla bahəm, ölkənin bütün vətəndaşlarının enerjilərini, imkanlarını və biliklərini Türkiyəni daha da böyük etmək üçün səfərbər olacaqları ilk mərhələdir. PKK və FETÖ kimi terror şəbəkələrinin köklərinin kəsilməsi üçün daha səbatlı, daha fəal, daha iradəli addımlar atılmalı, Türkiyənin hər vətəndaşının təhlükəsizliyi, rahatlığı, əmin-amanlığı təmin olunmalıdır. Türkiyədə siyasətin də lüğəti və dili dəyişəcək, çünki artıq siyasət ittifaqlar, uzlaşmala, birlik kimi məqamları önə çıxarmaq məcburiyyətindədir. Siyasətin dəyişən kəlmələri Türkiyədəki ab-havanı da dəyişməlidir. 1960-cı ilin mayın 27-dəki çevrilişlə Türkiyə siyasətindəki kəlmələrin arasına pərçimlənən qanlı, mötərizələr indi bağlanmalıdır. Adnan Menderesin ruhu şad oldu bu gün. Türkiyə Respublikasının siyasi sistemində ən önəmli gün dünənki referendum idi. Prezident üsul-idarəsinə keçmək üçün Konstitusiyaya dəyişikliklərə seçicilərin çoxu "hə" dedi, sistemin daha fərqli olmasının lehinə çıxış etdi. Aprelin 16-dakı referendum, sadəcə, siyasi iqtidara, Rəcəb Tayyib Ərdoğanın seçiminə, kursuna və qərarına dəstəklə məhdudlaşmadı. Türkiyə vətəndaşları ölkənin inkişafının qarşısını kəsməyə çalışanların planlarını alt-üst etdilər. Ölkənin daxilindəki güclərlə birləşən xarici qüvvələrin Türkiyəni hədəfə almış genişmiqşyaslı kampaniyasına dəqiq, sərrast cavab verildi. Çünki Türkiyənin çağdaş siyasi tarixinin heç bir dönəmində, heç bir səsvermədə ölkə bu qədər miqyaslı, aqressiv, maniakal təsirlərə, təzyiqlərə və pressinqə məruz qalmamışdı. Türkiyənin daxili siyasətinə müdaxilə cəhdlərini aşaraq açıq hücuma, təzyiqə, aşağılamalara çevrilən "Ərdoğanı daynadırmaq" layihəsinin çərçivəsində Avropa Birliyi və Ankara arasındakı münasibətlər tarixində ilk dəfə olaraq türk nazirlər, dövlət adamları belə açıq-aşkar təhqir olunmuşdular. Referendumun nəticələri məhz bu səbəbdən türk insanının bütün təzyiqlərə, siyasi əxlaqsızlıqlara və tərbiyəsizlərə cavabı, Türkiyəni "ram etmək", marionetkaya döndərmək istəyənlərə meydan oxumaqdır. Almaniyada, Fransada, Hollandiyada, Belçikada və digər ölkələrdə deputatların, nazirlərin PKK-lılarla ortaq açıqlamaları; Türkiyə daxilindəki kollabrisionistlərin bu bəyantları sözbəsöz təkrarlayaraq tirajlamaları; ötən ilin iyulun 15-dəki hərbi çevriliş ssenirisini hazırlayan və ölkədə az qala qətliam törətməyə çalışan FETÖ üzvləri vasitəsilə yeni cinayətlər Türkiyəni çağdaş tarixində əsla qarşılaşmadığı çirkablarla, təhlükələrlə, təhdidlərlə üzləşdirdi. Avropa Birliyi ölkələrində yaşayan türklər hücumlara məruz qaldı, diplomatiyanın ən təməl qaydaları və qanunları heçə sayıldı, Türkiyəyə qarşı terrorçularla birgə savaş açıldı. 70 ildən bəri Avroatlantika meyarlarına sadiq qalıb NATO-nun ən etibarlı üzvlərindən biri sayılan Türkiyə elə Şimali Atlantika Alyansının hazırladığı plan çərçivəsində hədəfə döndü. Çünki Türkiyə NATO-dan tam asılılıqdan qurtulmaq niyyətindədir. İndi Türkiyəyə qarşı daha azğın, daha qəddar hücumlar olacaq. Referendumun sonucları "Baxın, Türkiyə vətədaşlarının 49 faizi Ərdoğanın islahatlarını dəstəkləmədi" deyəcəklər. Aldanmayın. Ən azı ona görə ki, Britaniya 51,9 faizlik "hə" ilə "Brexit"i gerçəkləşdirib Avropa Birliyini tərk etməyə qərar verdi. Ən azı ona görə ki, Donald Tramp rəqibi Hillari Klintonu 0,4 faiz səslə üstələyib ABŞ prezidenti seçildi. Ən azı ona görə ki, 16 aprel referendumundan əvvəl Avropa Birliyi, PKK, FETÖ, sanki, birləşərək eyni cəbhədən çıxış edirdilər. Ən azı ona görə ki, dünyanın çox az ölkəsi 14 iyul çevriliş cəhdi kimi ağır travmadan sonra qısa müddətdə özünə gəlib yoluna davam edə bilərdi. Türkiyə bunu etdi və bacardı. Anadolu insanı indi ona qarşı yönələcək yeni psixoloji oyunlara alətə çevrilməməlidir. Referendumun sonuclarını bayram etməklə yanaşı, daha böyük mübarizəyə hazır olmaq gərəkdir. Güclü Türkiyə güclü Azərbaycan deməkdir - bir millət, iki dövlət olduğumuz üçün. Bu səhər yeni gündə ayılan Türkiyədə vətəndaşlar referendumda "hə" deməklə qəflətdə olanları da ayıltdılar. Elçin Alıoğlu Geri dön |