Ana Sayfa > Manşet / Siyasət > Təhsil ideoloji təxribatlara qarşı mübarizədə aparıcı amildir

Təhsil ideoloji təxribatlara qarşı mübarizədə aparıcı amildir


Bu gün, 16:08. Yazar: azer
Təhsil ideoloji təxribatlara qarşı mübarizədə aparıcı amildir

Milli həmrəylik, mənəvi dəyərlərə bağlılıq və qanunun aliliyinə hörmət Azərbaycanın dövlətçilik modelinin əsas xüsusiyyətlərindəndir. Müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirən ölkəmiz tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir. Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlər boyu qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu ənənələrin qorunması, milli kimliyin gələcək nəsillərə ötürülməsi və cəmiyyətdə birliyin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsinə toxunması müasir dövrün reallıqları ilə bağlıdır. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişlənməsi, müxtəlif təbliğat vasitələrinin sərhəd tanımaması dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Belə şəraitdə milli maraqların qorunması yalnız fiziki təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. Cəmiyyətin dezinformasiyaya, radikal çağırışlara və manipulyativ ideoloji təsirlərə qarşı dayanıqlığının artırılması da xüsusi əhəmiyyət daşıyır.

İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsil və maarifləndirmə aparıcı yer tutur. Savadlı, müstəqil düşünən, hadisələrə tənqidi yanaşmağı bacaran gənclər yanlış məlumatları daha asan müəyyənləşdirir, müxtəlif təsir vasitələrinin mahiyyətini daha düzgün qiymətləndirirlər. Bununla yanaşı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik şüurunun formalaşdırılması gənc nəslin sağlam dünyagörüşünün inkişafına xidmət edir. Bu işdə ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti mühüm rol oynayır.

Məktəb yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, ictimai davranış normalarını mənimsədiyi və başqalarının hüquqlarına hörmət etməyi öyrəndiyi mühüm sosial mühitdir. Buna görə məktəbdaxili nizam-intizamın qorunması, şagirdlər arasında bərabər münasibətlərin formalaşdırılması və vahid qaydaların tətbiqi təhsil prosesinin ayrılmaz hissəsidir. Təhsilalanlar üçün müəyyən edilmiş məktəbli forması tələbləri də bu məqsədlərə xidmət edir. Vahid geyim şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin ön plana çıxmasını məhdudlaşdırır, kollektivə aidlik hissini gücləndirir və diqqətin tədris prosesinə yönəlməsinə kömək edir.

Təhsilverənlərin geyiminə dair tələblər də məktəbdə peşəkar mühitin formalaşdırılması baxımından əhəmiyyətlidir. Müəllimin sadə, səliqəli və işgüzar görünüşü onun pedaqoji fəaliyyətinin xarakterinə uyğun olmaqla yanaşı, şagirdlər üçün davranış və ünsiyyət mədəniyyəti nümunəsi yaradır. Burada əsas məqsəd geyimi özlüyündə müzakirə predmetinə çevirmək deyil, təhsil müəssisəsində ümumi qaydalara, peşə etikasına və qarşılıqlı hörmətə əsaslanan mühitin qorunmasıdır.

Şagirdlərin və təhsilverənlərin geyimi ilə bağlı tələblər qanunvericilik əsasında tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alır. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul olunmuş qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu qaydaların tətbiqi məktəblərdə vahid yanaşmanın və nizam-intizamın təmin olunmasını nəzərdə tutur.

Məsələnin ictimai müzakirəsində hüquqi normaların mahiyyətinin düzgün izah edilməsi xüsusi əhəmiyyət daşıyır. Ayrı-ayrı qaydaların dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi cəmiyyətdə yanlış təsəvvürlər yarada bilər. Halbuki təhsil müəssisələrində müəyyən edilmiş geyim tələbləri ilə vətəndaşların dini etiqad azadlığı məsələsi hüquqi baxımdan fərqli müstəvilərdə qiymətləndirilməlidir. Əsas prinsip həm qanunla müəyyən edilmiş təhsil qaydalarına riayət olunması, həm də hər bir şəxsin hüquq və azadlıqlarının qorunmasıdır.

Azərbaycanın dini dəyərlərə münasibəti ölkədə həyata keçirilən bərpa və quruculuq işlərində də aydın görünür. Məscidlərin təmiri, tarixi ibadət ocaqlarının bərpası, yeni məscidlərin inşası, dini-mədəni irsin qorunması milli-mənəvi dəyərlərə göstərilən diqqətin ifadəsidir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası isə xalqımızın tarixi yaddaşının və dini irsinin qorunması baxımından xüsusi məna daşıyır. Bütün bunlar göstərir ki, dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlət və cəmiyyət həyatının qanunlar əsasında təşkil olunması, hər kəsin hüquqlarına hörmət edilməsi prinsipidir.

Digər tərəfdən, dini amildən siyasi məqsədlərlə istifadə edilməsi, müxtəlif dini baxışlar arasında qarşıdurma yaradılması və uşaqların ideoloji təsirlərə məruz qalması cəmiyyət üçün arzuolunmaz hallardır. Belə cəhdlərə qarşı ən təsirli vasitə hüquqi maarifləndirmə, obyektiv məlumatlandırma və sağlam ictimai düşüncənin formalaşdırılmasıdır. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, uşaqların hüquqlarının, təhsil maraqlarının və sərbəst inkişaf imkanlarının qorunması da daim diqqətdə saxlanılmalıdır.

Nəticə etibarilə, Azərbaycanın ideoloji təhlükəsizliyi milli-mənəvi dəyərlərin yaşadılması, keyfiyyətli təhsil, hüquqi düşüncə və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Gənc nəslin savadlı, vətənpərvər, müstəqil düşüncəli və qanunlara hörmət edən vətəndaşlar kimi yetişməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Milli birlik, dini və mədəni müxtəlifliyə hörmət, dünyəvi dövlətçilik prinsiplərinə sədaqət bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərlərin qorunması cəmiyyətin sağlam inkişafına, ölkənin ideoloji dayanıqlığına və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön