Ana Sayfa > Manşet / Siyasət / Ölkə / Özəl / Seçilənlər-4 > "Məktəb şəxsi mübahisələrin deyil, milli gələcəyin formalaşdığı məkandır"

"Məktəb şəxsi mübahisələrin deyil, milli gələcəyin formalaşdığı məkandır"


Bu gün, 15:54. Yazar: azer
"Məktəb şəxsi mübahisələrin deyil, milli gələcəyin formalaşdığı məkandır"

Vahid məktəbli forması, müəllimin peşəkar görünüşü və təhsil mühitində intizam məsələsi cəmiyyətin münasibətini, valideyn məsuliyyətini və məktəbə baxışını müəyyən edən mühüm amillərdəndir.
Məktəb haqqında danışarkən ilk növbədə bir həqiqəti qəbul etməliyik ki, məktəb sadəcə uşaqların dərsə gəldiyi, müəllimlərin bilik verdiyi və dərs cədvəlinin icra olunduğu məkan deyil. Məktəb insanın dünyagörüşünün formalaşdığı, şəxsiyyət kimi yetişdiyi, başqalarına hörmət etməyi, qaydalara əməl göstərməyi, məsuliyyət daşımağı və cəmiyyət içində yaşamağı öyrəndiyi mühüm tərbiyə ocağıdır.

Son dövrlərdə vahid məktəbli forması, müəllimlərin geyim üslubu və təhsil müəssisələrində müəyyən edilmiş qaydalar ətrafında müzakirələrin aparılması da məsələyə məhz bu baxımdan yanaşmağı zəruri edir. Fikir bildirmək, mövcud tələbləri müzakirə etmək, onların tətbiqi ilə bağlı suallar qaldırmaq təbii haldır. Lakin müzakirə şəxsi narazılıqların, əsassız iddiaların və emosional yanaşmaların təsiri altına düşəndə əsas məqsəd arxa plana keçir. Ən təhlükəlisi isə budur ki, uşaqların təhsili və tərbiyəsi ilə bağlı məsələlərdə böyüklərin mübahisələri məktəbin nüfuzuna və sağlam təhsil mühitinə zərər vura bilir. Bu səbəbdən mövqe aydın olmalıdır. Məktəbdə qayda-qanun, qarşılıqlı hörmət və peşəkar davranış təsadüfi seçim deyil, sağlam təhsil mühitinin zəruri şərtlərindəndir.
Vahid məktəbli formasına yalnız geyim məsələsi kimi baxmaq mövzunun mahiyyətini daraltmaq deməkdir.

Bu forma ilk növbədə məktəbdə sosial bərabərliyin qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni məktəbdə təhsil alan uşaqlar müxtəlif ailələrdə böyüyürlər. Onların valideynlərinin maddi imkanları, həyat şəraiti, geyimə ayıra bildikləri vəsait eyni deyil. Bir ailə övladına bahalı geyimlər ala bilər, digəri isə gündəlik ehtiyaclarını ödəmək üçün ciddi çətinliklərlə üzləşə bilər. Bu fərqlər həyatın reallığıdır. Ancaq həmin fərqlərin uşaqlar arasında üstünlük və ya aşağılıq hissinə çevrilməsinə imkan verməmək məktəbin vəzifələrindən biridir. Məktəbli formasının əsas üstünlüyü də məhz burada üzə çıxır. Eyni geyim uşaqların ailə imkanlarını tamamilə görünməz etmir, lakin geyim üzərindən müqayisələrin, nümayişkarlığın və sosial fərqləndirmənin təsirini azaltmağa kömək edir. Şagird məktəbə hansı markanın geyimini geyindiyini göstərmək üçün deyil, öyrənmək, bilik qazanmaq, dostluq etmək və özünü inkişaf etdirmək üçün gəlməlidir. Uşaqların bir-birini geyimin qiymətinə, dəbinə və ailəsinin maddi vəziyyətinə görə qiymətləndirməsi arzuolunmazdır. Belə yanaşmaların qarşısını almaq üçün ailədə də, məktəbdə də ardıcıl tərbiyə işi aparılmalıdır. Vahid forma isə bu istiqamətdə atılan praktik addımlardan biridir. Əlbəttə, forma öz-özlüyündə bütün sosial problemləri həll etmir. Uşaqlar arasında ayrı-seçkiliyin aradan qaldırılması üçün müəllimin münasibəti, valideynin tərbiyəsi, məktəbin psixoloji mühiti və qarşılıqlı hörmət mədəniyyəti də vacibdir. Ancaq bu amillərin mövcudluğu vahid geyimin əhəmiyyətini azaltmır. Əksinə, onun digər tərbiyəvi vasitələrlə birlikdə daha səmərəli nəticə verməsinə şərait yaradır. Burada başqa bir məqam da var. Məktəbli forması şagirdə özünü yalnız fərd kimi deyil, müəyyən kollektivin üzvü kimi hiss etməyə kömək edir. Uşaq anlayır ki, məktəbin qaydaları var, həmin qaydalar hamıya aiddir və ümumi mühitdə hər kəsin öz məsuliyyəti mövcuddur. Bu, onun gələcəkdə kollektivdə işləməsi, ictimai münasibətlərə qoşulması və ümumi qaydalara hörmətlə yanaşması baxımından da əhəmiyyətlidir. Deməli, vahid məktəbli forması uşağın fərdiliyini inkar etmək üçün deyil, məktəb daxilində bərabərliyi, nizamı və ortaq mənsubiyyət hissini gücləndirmək üçün nəzərdə tutulan vasitədir.

Məsələnin digər mühüm tərəfi məktəbin dünyəvi xarakteri ilə bağlıdır. Dünyəvi təhsil dini etiqada qarşı münasibət deyil. Bu anlayışın mahiyyəti dövlət təhsilinin dini və siyasi təbliğatdan uzaq, müxtəlif baxışlara malik insanların hüquqlarına hörmət edən, hamı üçün bərabər və neytral mühit yaratmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit edilir. Bu prinsip təhsilin dünyagörüşü və etiqad baxımından fərqli olan bütün vətəndaşlar üçün açıq və bərabər imkanlar əsasında təşkilinin hüquqi əsaslarından biridir. Məktəb uşaqların dini, etnik və sosial mənsubiyyətindən asılı olmayaraq hər birinin özünü təhlükəsiz, hörmətli və bərabərhüquqlu hiss etməli olduğu məkandır. Burada nə bir uşağın etiqadı alçaldılmalı, nə də hər hansı şəxsin fərdi baxışı bütün məktəb mühitinin ümumi qaydasına çevrilməlidir. Bu iki prinsip arasında düzgün tarazlıq qorunmalıdır. Heç bir müzakirədə dini inanclı insanları ümumiləşdirərək ittiham etmək, onların mənəvi dəyərlərini aşağılamaq və ya fərdi etiqadı avtomatik olaraq intizamsızlıqla əlaqələndirmək olmaz. Eyni zamanda, dini və ya dünyəvi baxışından asılı olmayaraq hər kəs başa düşməlidir ki, dövlət məktəbində ümumi qaydalar şəxsi istəyin deyil, qanunvericiliyin və səlahiyyətli qurumların müəyyən etdiyi çərçivənin əsasında tətbiq olunur. Şəxsi inancın mövcudluğu məktəbin ümumi qaydalarını özbaşına müəyyən etmək hüququ yaratmadığı kimi, dünyəvilik prinsipi də insanın ləyaqətinə və qanunla qorunan hüquqlarına etinasız yanaşmağa əsas vermir. Hər iki istiqamətdə ölçü qanun, hüquq və qarşılıqlı hörmət olmalıdır. Məhz bu yanaşma cəmiyyətdə süni qarşıdurmaların qarşısını alır və uşaqlara mühüm bir həqiqəti öyrədir. Yəni, fərqli düşünmək mümkündür, lakin birgə yaşamaq üçün hamının hörmət etməli olduğu ortaq qaydalar da var. İstənilən təhsil müəssisəsinin öz daxili nizam-intizam qaydaları mövcuddur. Bu qaydalar tədrisin təşkilinə, təhlükəsizliyə, davranışa, geyimə və məktəb həyatının digər sahələrinə aid ola bilər. Onların məqsədi kiminsə şəxsi seçimini məhdudlaşdırmaq naminə məhdudiyyət yaratmaq deyil, təhsil prosesinin normal və səmərəli təşkilini təmin etməkdir. Əgər səlahiyyətli qurum tərəfindən qanunvericiliyə uyğun qayda müəyyən edilibsə, həmin qaydaya əməl olunması ümumi məsuliyyətin bir hissəsidir. Məktəb rəhbərliyi, müəllim, valideyn və şagird öz üzərinə düşən vəzifələri bilməli və yerinə yetirməlidir. Burada bir həqiqəti xüsusi vurğulamaq lazımdır. Qaydalara münasibət yalnız onları bəyənib-bəyənməmək məsələsi deyil. İnsan müəyyən edilmiş tələblərlə razılaşmaya bilər, onların təkmilləşdirilməsini təklif edə bilər, qanuni qaydada şikayət və müraciət ünvanlaya bilər. Bunlar hüquqi cəmiyyətin normal imkanlarıdır. Lakin qaydanın müzakirəsi ilə onun özbaşına pozulmasını eyniləşdirmək olmaz. Mübahisə doğuran məsələ varsa, onun həlli hüquqi prosedurlar, əsaslandırılmış təkliflər və səlahiyyətli qurumlarla dialoq vasitəsilə axtarılmalıdır. Sosial şəbəkələrdə emosional çağırışlar, qarşılıqlı ittihamlar və şəxsi münaqişələr isə problemi həll etmək əvəzinə daha da mürəkkəbləşdirə bilər. Bu, o demək deyil ki, məktəbdə müəyyən edilmiş bütün tələblər tənqiddən kənardır. Əksinə, hər bir qaydanın aydın, əsaslandırılmış, hüquqa uyğun və praktikada tətbiq edilə bilən olması vacibdir. Valideynlərin suallarına cavab verilməli, maddi çətinliklər nəzərə alınmalı, tətbiq zamanı uşaqların ləyaqəti qorunmalıdır. Ancaq qanuni qaydaların mövcudluğu ilə bağlı müzakirə aparmaq başqa, ümumi nizam-intizamı şəxsi mülahizələrə tabe etmək başqadır. Bu fərq aydın dərk edilməlidir.

Məktəbdə intizamdan danışarkən diqqəti yalnız şagirdlərin geyiminə yönəltmək düzgün olmazdı. Müəllimin peşəkar görünüşü, davranışı və şəxsi nümunəsi də təhsil mühitinin mühüm hissəsidir. Müəllim sadəcə fənn tədris edən şəxs deyil. O, uşaqların davranışına, ünsiyyətinə, həyata münasibətinə və mənəvi inkişafına təsir göstərən nüfuz sahibidir. Bəzən müəllimin bir cümləsi, bir davranışı və ya bir nümunəsi şagirdin yaddaşında uzun illər qalır. Buna görə də müəllimin peşəkarlığı yalnız dərs biliyi ilə ölçülmür; onun ünsiyyət mədəniyyəti, məsuliyyəti, ədaləti, xarici görünüşü və kollektivdə davranışı da bu anlayışın tərkib hissəsidir. Şagirdə səliqə, məsuliyyət və qaydalara hörmət aşılayan müəllimin özünün də bu dəyərləri davranışı ilə nümayiş etdirməsi vacibdir. Müəllimin görünüşü şagirdlərin diqqətini dərsdən yayındırmamalı, onun hərəkət imkanlarını məhdudlaşdırmamalı, gündəlik pedaqoji fəaliyyətinə mane olmamalıdır. İşgüzar üslub həm rahatlığı, həm də peşəkarlığı təmin etməlidir. Bununla belə, müəllimin peşəkar nüfuzunu yalnız geyimlə ölçmək olmaz. Ən bahalı və ya ən vahid geyim belə zəif biliyi, məsuliyyətsizliyi, ədalətsiz münasibəti və pedaqoji səriştəsizliyi ört-basdır edə bilməz. Müəllimin əsas nüfuzu onun biliyindən, zəhmətindən, davranışından və şagirdlərinə münasibətindən yaranır. Geyim isə həmin peşəkarlığı tamamlayan amillərdən biridir. Ona görə də müəllimlərin geyimi ilə bağlı tələblər müəyyən edilərkən onların rahatlığı, sağlamlığı, iş şəraiti, iqtisadi imkanları və pedaqoji fəaliyyətin xüsusiyyətləri nəzərə alınmalıdır. Vahid üslub zəruri hallarda peşəkar mühiti gücləndirə bilər, lakin onun tətbiqi formal görüntüyə çevrilməməli, müəllimin ləyaqətinə və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.

Məktəbdə sağlam mühitin formalaşması təkcə direktorun, müəllimin və ya təhsil qurumunun üzərinə düşən vəzifə deyil. Burada valideynlərin də üzərinə ciddi məsuliyyət düşür. Valideyn övladını məktəbə göndərməklə yalnız onun təhsil almasını təmin etmir. O, eyni zamanda uşağın cəmiyyətin qaydalarını öyrənməsinə, müəllimə hörmət etməsinə, sinif yoldaşları ilə sağlam münasibət qurmasına və ümumi məsuliyyət hissinin formalaşmasına dəstək verməlidir. Məktəbdə müəyyən edilmiş qanuni tələblərin evdə də izah olunması uşağın davranışına müsbət təsir göstərir. Əgər valideyn uşağa bir tərəfdən intizamın vacibliyini deyir, digər tərəfdən isə onun hər hansı qaydaya yalnız öz istəyi ilə əməl edə biləcəyini aşılayırsa, bu, tərbiyədə ziddiyyət yaradır. Uşaq öyrənməlidir ki, onun hüquqları olduğu kimi, vəzifələri də var. Beləki şəxsi seçimləri ilə ümumi məsuliyyət arasında tarazlıq qorunmalıdır. Digər tərəfdən, məktəb rəhbərliyi və müəllimlər də valideynlərlə ünsiyyətdə anlayışlı, səbirli və izahlı mövqe tutmalıdırlar. Maddi imkanları məhdud olan ailələrə münasibətdə həssaslıq göstərilməli, geyim tələbləri uşağın təhsildən kənarda qalmasına, alçaldılmasına və ya ayrı-seçkiliyə məruz qalmasına səbəb olmamalıdır. Məktəbin qaydaları uşağı cəzalandırmaq və ya utandırmaq vasitəsinə çevrilməməlidir. Məsələnin ən ciddi tərəfi, bəlkə də, məhz budur. Biz bu gün uşaqlara yalnız dərsliklərdə yazılanları öyrətmirik. Onlar böyüklərin davranışına baxır, mübahisələri necə apardığını izləyir, qaydalara münasibətindən nəticə çıxarırlar. Əgər böyüklər hər hansı narazılıq zamanı qarşı tərəfi dinləmədən ittiham edir, hüquqi prosedurları nəzərə almır, təhqir və qarşıdurma dilinə üstünlük verirlərsə, uşaqlar da belə davranışın adi olduğunu düşünə bilərlər. Əgər böyüklər qaydaları yalnız özlərinə sərf etdiyi zaman qəbul edir, başqa hallarda isə onları əhəmiyyətsiz sayırlarsa, uşağa məsuliyyətli vətəndaş olmağı öyrətmək çətinləşir. Əksinə, fikir ayrılığına baxmayaraq qarşılıqlı hörmətin qorunması, arqumentlə danışmaq, qanuni yollardan istifadə etmək və ümumi maraqları şəxsi narazılıqlardan üstün tutmaq uşaqlar üçün dəyərli həyat dərsidir. Vahid məktəbli forması da, müəllimin işgüzar görünüşü də, məktəbdaxili nizam-intizam qaydaları da bu geniş tərbiyə prosesinin bir hissəsi kimi dəyərləndirilməlidir. Onların heç biri təhsilin əsas məqsədini əvəz etmir, lakin düzgün və ölçülü tətbiq olunduqda həmin məqsədə xidmət edə bilər.
Bu gün məktəb ətrafında aparılan hər bir müzakirədə bir məsələ yaddan çıxarılmamalıdır. Uşaqlar böyüklərin şəxsi mübahisələrinin iştirakçısına çevrilməməlidirlər. Məktəbin nüfuzuna xələl gətirən, müəllimlə valideyni qarşı-qarşıya qoyan, uşaqları isə bu qarşıdurmanın ortasında saxlayan yanaşmalar heç kimə fayda vermir. Hər bir valideynin sual vermək, fikir bildirmək, qanuni maraqlarını müdafiə etmək hüququ var. Müəllimin də peşəkar fəaliyyətinə hörmət edilməsini, məktəbin isə müəyyən olunmuş qaydalar çərçivəsində işləməsini tələb etmək haqqı var. Lakin bu hüquqların həyata keçirilməsi qarşı tərəfin hüquqlarını inkar etməklə deyil, qanunun müəyyən etdiyi çərçivədə mümkün olmalıdır. Dövlət qurumlarının qəbul etdiyi qaydalar aydın izah edilməli, tətbiq mexanizmləri şəffaf olmalı, ortaya çıxan problemlər vaxtında həll edilməlidir. Eyni zamanda, cəmiyyət də başa düşməlidir ki, qanuni qaydaların mövcudluğu özbaşına davranışa haqq qazandırmır. Məktəb şəxsi iddiaların və fərdi iradələrin hökm sürdüyü məkan deyil. Vahid məktəbli forması məsələsində də, müəllimlərin işgüzar geyim üslubuna münasibətdə də əsas meyarlar hüquqa uyğunluq, pedaqoji məqsədəuyğunluq, bərabərlik, rahatlıq və insan ləyaqətinə hörmət olmalıdır. Mövqeyimizi sərt və aydın ifadə etməyin zamanı çatıb. Məktəbdə qayda-qanun şəxsi zövqün predmetinə çevrilə bilməz, müəllimin nüfuzu məsuliyyətsiz müzakirələrin hədəfinə qoyulmamalıdır, uşaqların gələcəyi isə böyüklərin emosional qarşıdurmalarına qurban verilməməlidir. Bununla yanaşı, qayda tətbiq edən hər kəs də bilməlidir ki, səlahiyyət məsuliyyət tələb edir, intizam insan ləyaqətini alçaltmaq demək deyil, hüququ qorumaq isə qarşı tərəfin hüquqlarına hörmətlə mümkündür.

Son olaraq demək istəyirəm. Əziz valideynlər, müəllimlər və həmvətənlərimiz! Gəlin məktəb məsələlərinə şəxsi narazılıqların deyil, uşaqlarımızın gələcəyinin mövqeyindən yanaşaq. Övladlarımıza öyrədək ki, hüquq və vəzifə bir-birindən ayrılmazdır, azadlıq məsuliyyəti aradan qaldırmır, fərqli düşünmək isə ümumi qaydalara hörmətsizlik üçün əsas yaratmır. Müəllimə hörmət edək, valideynin haqlı narahatlığını dinləyək, uşağın ləyaqətini qoruyaq və mübahisələri qanuni, mədəni yollarla həll edək. Məktəbi qarşıdurma meydanına deyil, bilik, tərbiyə və qarşılıqlı etimad ocağına çevirək. Çünki məktəbdə bu gün yaratdığımız mühit sabah cəmiyyətimizin necə olacağını müəyyənləşdirir. Uşaqlarımıza yalnız düzgün geyinməyi deyil, düzgün davranmağı, qaydalara əməl etməyi deyil, onların mahiyyətini anlamağı, hüquqlarını bilməyi deyil, başqalarının hüquqlarına hörmət etməyi də öyrətməliyik. Unutmayaq ki, məktəb bizim hamımızın ortaq məsuliyyətidir. Onun nüfuzunu qorumaq, müəllimin əməyinə hörmət etmək və uşaqların sağlam gələcəyinə xidmət edən mühit yaratmaq hər birimizin borcudur.

Azər Məmmədov
aia.az

Geri dön