Ana Sayfa > Siyasət > Qarabağda təcəssüm edən Türk dünyasının həmrəyliyi
Qarabağda təcəssüm edən Türk dünyasının həmrəyliyiBu gün, 11:46. Yazar: azer |
![]() Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin dərinliyi yalnız siyasi bəyanatlarda və iqtisadi göstəricilərdə deyil, ortaq dəyərlərin konkret əməllərdə ifadəsində də özünü göstərir. Bu yaxınlığın ən təsirli nümunələrindən biri işğaldan azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin fəal iştirakıdır. Zəfərdən sonra Azərbaycanın qarşısında yeni və mühüm vəzifələr dayanırdı: dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və Qarabağla Şərqi Zəngəzurun iqtisadi potensialını yenidən həyata qaytarmaq. Bu genişmiqyaslı prosesdə Mərkəzi Asiya ölkələrinin iştirakı xüsusi siyasi və mənəvi məna daşıyır. Qardaş dövlətlərin dəstəyi Azərbaycanın Zəfərinə verilən mənəvi qiymətlə yanaşı, regionun gələcəyinə olan inamın və Azərbaycanla həmrəyliyin konkret ifadəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi bu baxımdan xüsusi rəmzi əhəmiyyət daşıyır. Bu məktəb yalnız yeni nəslin təhsil alacağı müasir təhsil ocağı deyil, eyni zamanda iki xalqın tarixi, mədəni və mənəvi bağlarının gələcək nəsillərə ötürülməsinin simvoludur. Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaratması, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi də eyni həmrəylik məntiqinin davamıdır. Türkmənistanın Füzulidə məscid tikintisinə verdiyi töhfə isə münasibətlərin mənəvi qatını daha da gücləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşəbbüs xalqlarımız arasında dostluğun, qardaşlığın və mənəvi yaxınlığın ifadəsidir. Belə layihələr göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yalnız diplomatik və iqtisadi əlaqələrlə məhdudlaşmır, xalqların tarixi yaddaşında və mənəvi dünyasında da möhkəmlənir. Azərbaycan–Mərkəzi Asiya münasibətlərində siyasi dialoqun intensivləşməsi də yeni mərhələnin mühüm göstəricisidir. Xüsusilə Azərbaycan–Türkmənistan münasibətlərində son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması iki ölkə arasında siyasi iradənin və qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi əlaqələrin dinamik inkişafının göstəricisidir. Eyni dinamika Azərbaycanın digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində də müşahidə olunur. Qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi təmaslar artıq regional əməkdaşlığın mühüm mexanizminə çevrilib. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv olması isə münasibətlərin institusional inkişafında mühüm siyasi nəticədir. Ötən ilin noyabrında qəbul edilən yekdil qərar Azərbaycanın region dövlətləri ilə qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurduğu münasibətlərə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər. Türkmənistanın təşəbbüsü ilə başlayan bu proses Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının institusional əsaslarını daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi əlaqələrin genişlənməsi ilə də paralel şəkildə inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artması, ölkəmizdə bu dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın real iqtisadi məzmununu ortaya qoyur. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə münasibətlərin növbəti mərhələdə keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün geniş imkanlar yaradır. Burada əsas məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil. Birgə investisiyaların həyata keçirilməsi, yeni istehsal sahələrinin yaradılması, qarşılıqlı iqtisadi layihələrin genişləndirilməsi və məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması əməkdaşlığın daha strateji xarakter aldığını göstərir. Türkmənbaşı görüşündə imzalanan Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar da bu əməkdaşlığın siyasi və institusional çərçivəsini daha da möhkəmləndirib. Belə sənədlər ortaq siyasi iradənin və qarşılıqlı etimadın institusional müstəvidə ifadəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan–Mərkəzi Asiya münasibətləri artıq ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə daxil olur. Qarabağda ucaldılan məktəblər, yaradıcılıq mərkəzi və məscid isə bu münasibətlərin ən canlı və təsirli nümunələridir. Onlar Azərbaycanın Zəfərdən sonra qurduğu yeni həyatın Mərkəzi Asiyadan gələn qardaşlıq və həmrəylik mesajları ilə müşayiət olunduğunu göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında formalaşan tərəfdaşlıq siyasi etimadı konkret layihələrə, iqtisadi imkanları birgə təşəbbüslərə, tarixi və mənəvi yaxınlığı isə real həmrəyliyə çevirir. Bu baxımdan Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişafı təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə Türk dünyasının və regionun gələcək əməkdaşlıq modelinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |