Ana Sayfa > Siyasət > Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlıq yeni mərhələdə

Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlıq yeni mərhələdə


Bu gün, 11:10. Yazar: azer
Azərbaycan və Mərkəzi Asiya arasında strateji tərəfdaşlıq yeni mərhələdə

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu üzv statusunda iştirakı region ölkələri ilə əlaqələrdə yaranmış yeni siyasi və iqtisadi reallığın göstəricisidir. Ötən ilin noyabrında bu barədə qəbul olunan qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın sözügedən platformada ortaq maraqların uzlaşdırılmasına töhfə verən etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Məsələnin ötən ilin avqustunda Türkmənistanın təşəbbüsü ilə Avazada keçirilən görüşdə müzakirəyə çıxarılması isə tərəflər arasında mövcud olan qarşılıqlı etimadın əhəmiyyətini ortaya qoyur.

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın regionla əməkdaşlığa yanaşması ayrı-ayrı ikitərəfli əlaqələrlə məhdudlaşmır. Bu münasibətlər siyasi, iqtisadi və strateji maraqları özündə birləşdirən geniş əməkdaşlıq məkanının formalaşdırılmasına xidmət edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 50 faizdən çox artması, Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı əsasında yaradılmış 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın konkret iqtisadi nəticələrini əks etdirir.

Mövcud münasibətlərin yeni mərhələsi qarşılıqlı ticarətin genişləndirilməsi ilə yanaşı, birgə istehsalın, investisiya fəaliyyətinin və sənaye əməkdaşlığının inkişafını da nəzərdə tutur. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması bu istiqamətdə atılmış mühüm addımlardandır. Həmin fondların imkanlarından səmərəli istifadə edilməsi yeni istehsal müəssisələrinin qurulmasına, sənaye sahəsində əməkdaşlığın dərinləşməsinə və birgə istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxarılmasına şərait yarada bilər. Belə yanaşma iqtisadi əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına və region ölkələri arasında qarşılıqlı asılılığın faydalı əməkdaşlıq formasına çevrilməsinə imkan verir.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində nəqliyyat və logistika imkanlarının inkişafı xüsusi yer tutur. Xəzər dənizi bu münasibətlərdə coğrafi sərhəd olmaqdan daha çox, ölkələri bir-birinə bağlayan mühüm iqtisadi və nəqliyyat məkanı kimi çıxış edir. Azərbaycanın son illərdə nəqliyyat infrastrukturunun inkişafına yönəltdiyi investisiyalar Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarını artırır və regionun tranzit potensialının reallaşdırılmasına kömək edir. Orta Dəhliz üzrə yükdaşımaların ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması bu marşrutun regional və beynəlxalq əhəmiyyətinin yüksəldiyini göstərir. Bununla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsi ölkələr arasında əlaqələrin yalnız fiziki infrastrukturla deyil, müasir rəqəmsal texnologiyalar vasitəsilə də genişləndirilməsinə imkan yaradır. Nəticədə Azərbaycan Şərq ilə Qərb arasında nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında mühüm rol oynayır.

Energetika sahəsində əməkdaşlıq da Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin əsas istiqamətlərindən biridir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəql olunması ölkəmizin regional enerji marşrutlarındakı rolunu artırır. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər gələcək enerji əməkdaşlığının yeni perspektivlərini müəyyənləşdirir. Bu təşəbbüslər Azərbaycanın ənənəvi enerji resurslarının daşınmasında iştirak etməklə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına və regionlararası enerji bağlantılarının genişləndirilməsinə də diqqət yetirdiyini göstərir. Beləliklə, ölkəmizin enerji sahəsindəki fəaliyyəti mövcud imkanların istifadəsi ilə məhdudlaşmır, eyni zamanda gələcəyin enerji sisteminin formalaşmasına yönələn təşəbbüsləri də əhatə edir.

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin möhkəmlənməsi yalnız iqtisadi maraqlarla deyil, həm də siyasi etimad, tarixi yaxınlıq və mənəvi bağlılıqla şərtlənir. Qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması tərəflər arasında siyasi dialoqun genişləndiyini göstərir. Humanitar sahədə həyata keçirilən layihələr isə əməkdaşlığın cəmiyyətlər arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini nümayiş etdirir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılmasına dəstək verməsi, Qırğızıstanın Ağdamda Manas adına məktəbin tikintisində iştirakı və Türkmənistanın Füzulidə məscid tikintisinə töhfə verməsi qardaş ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesinə verdiyi dəstəyin nümunələridir. Bu layihələr həm də xalqlar arasında dostluğun, ortaq dəyərlərin və qarşılıqlı həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Türkmənbaşı şəhərində keçirilən görüş çərçivəsində Birgə Bəyanatın və tənzimləyici sənədlərlə bağlı Qərarın qəbul edilməsi əməkdaşlığın institusional əsaslarının inkişafı baxımından əhəmiyyət daşıyır. Bu sənədlər tərəflərin siyasi razılaşmalarını konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirmək niyyətini əks etdirir. Siyasi dialoqun müvafiq təşkilati çərçivə ilə tamamlanması birgə təşəbbüslərin ardıcıl şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Beləliklə, tərəfdaşlığın inkişafı yalnız yüksək səviyyəli görüşlər və bəyanatlarla məhdudlaşmır, həm də gələcək fəaliyyətin əlaqələndirilməsinə xidmət edən mexanizmlərlə dəstəklənir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Mərkəzi Asiya münasibətləri nəqliyyat, enerji, investisiya, rəqəmsal texnologiyalar və humanitar əməkdaşlıq istiqamətlərini əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın bu əməkdaşlıq platformasında iştirakının genişlənməsini və regional proseslərdə rolunun artmasını gündəmə gətirir. Azərbaycanın geoiqtisadi imkanlarının Mərkəzi Asiya ölkələrinin resursları və inkişaf potensialı ilə əlaqələndirilməsi qarşılıqlı fayda əsasında yeni layihələrin reallaşdırılması üçün zəmin yaradır. Bu baxımdan, Türkmənbaşı görüşü Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni məzmun qazandığını və əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Qarşıdakı mərhələdə əsas vəzifələr əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsi, birgə investisiya layihələrinin genişləndirilməsi, nəqliyyat və enerji bağlantılarının inkişaf etdirilməsi, eləcə də regionda sabitlik və davamlı iqtisadi tərəqqi naminə səylərin birləşdirilməsidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön