Ana Sayfa > Siyasət > Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!


Bu gün, 13:15. Yazar: vasif
Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!


Avropa Parlamenti hər kvartalın əvvəli (ya da axırı) yatıb yuxuda görür ki, Azərbaycanda insan hüquq və azadlıqları pozulub. Ardınca isə həmin yuxudan hövlanək oyanır, yuxuyozmaya belə ehtiyac duymadan “əməlisaleh” deputatlarını (hansı ki, bəlli qisminin adı korrupsiya cinayətlərində keçib) bir araya yığır, dərhal iclas keçirir və öz aləmində bizə barmaq silkələyir!

Ən qəribəsi də bilirsinizmi nədir? Sadəcə silkələyir. Vəssalam. Üstəlik, öz təpərinə (oxu: təpərsizliyinə), kəramətinə (oxu: kəramətsizliyinə), hörmətinə (oxu: hörmətsizliyinə) bələd ola - ola! Özünü tanıya - tanıya! Özünüifşanı və özünürəzilliyi gözə alaraq!

O boyda “həşəmətli” qurumu rişxənd obyektinə çevirərək!

Avropa Parlamenti sanki öz üzərinə kvota öhdəliyi götürüb ki, maksimum 2-3 aydan bir Azərbaycanı hədəf alacaq və əleyhimizə qətnamə qəbul edəcək. Çünki bunun başqa adı yoxdur: Davamlı iftiraların, hüdudsuz sərsəmləmələrin, açıq qərəzin və aşırı hədsizliyin gerçəkdən başqa adı yoxdur!

Bekar adamlar! Maskalı demokratlar! Saxta carçılar!

1 milyon qaçqın və köçkün 30 il ərzində min cür zülmə məhkum oldu, cınqırığınız belə çıxmadı. Ukraynaya (guya) bu tərəfdən dəstək verib, o biri tərəfdən Rusiya ilə 8 milyard avroluq qaz müqaviləsi bağladınız - utanıb yerə girmək yadınıza belə düşmədi. Qardaş Türkiyəni sırf siyasi səbəblərdən təşkilat kandarında qoydunuz, 50 cür saxta bəhanə ilə qurumdan kənar saxladınız - abırınıza kor olmaq xəyalınızın ucundan belə keçmədi!

Ən nəhayət: 15 dekabr 2022-ci il tarixində özünüz öz daxilinizdəki (və rəhbərlik səviyyəsində reallaşan!!!) korrupsiyanı ifşa edən qətnaməni çıxardınız - amma buna görə kimdənsə üzr istəmək, günahı, yerində olmadığınızı, ucuz mahiyyətinizi etiraf etmək ağlınıza belə gəlmədi!

Qayıdaq bizimlə bağlı qətnaməyə...

Sənəddə prioritet ismlərdən biri kimi Anar Abdullayevdən bəhs edilir.

Daha doğrusu, onun da adı əsas paraqrafda “siyasi məhbus” kimi keçir...

İndi isə hər kəsə sadə və tək sual ünvanlayım: Bu zamana qədər - ha siyasət sferası olsun, ha jurnalistika, ha da qeyri ixtiyari sahə - qarşınıza Anar Abdullayev adında birisi çıxıbmı? Demirəm son 10 il, lap 20 il, 30 il, 40 il - nə vaxtsa belə bir imzaya rastlamısınızmı? Tanıyırsınızmı onu?!

Şəxsən mən tanımıram. Rastlamamışam. Və əminəm ki, hər kəs də eyni qənaəti (cavabı) bölüşür...

Yaxşı, bəs bizim tanımadığımızı görəsən Avropa Parlamenti haradan tanıyır?! Necə tanıyır? Kim(lər)in, nə(lər) in vasitəsi ilə tanıyır?

Sualımı tam dəqiqləşdirsəm: Görəsən yenə hansı ciblərə ötürülən hansı “material”lar, hansı əskinazlardır, bu mindilliləri, minsifətliləri danışdıran?!

Deyirlər, Əli Kərimli qeyd-şərtsiz azad edilməlidir. Xeyir ola? Niyə?

Sən axı bədbəxt və urvatsız bir siyasi təşkilatsan, niyə özünü Nürnberq məhkəməsi kimi aparırsan?

Sən axı divarları korrupsiya suvağı ilə hörülən şeytan üçbucağısan, niyə özündən (saxta) Femida obrazı yaratmağa çalışırsan?

Sən axı, müharibə cinayətkarlarından “hərbi əsir” düzəldən, qərarlaşdığın inzibati binanın 100-cə addımlığında misilsiz cinayətlər törədən mehmanhüseynov, turalsadıqlı, qənimətzahid, orduxanorduxanlı, məhəmmədmirzəli kimi anti-milli ünsürlərin yaramaz əməllərinə, onların bəslənməsinə, cəzasız qalmasına göz yuman qurumsan, niyə özünü demokratiyanın allahı, insan hüquq və azadlıqlarının qibləsi kimi təqdim etmək, göstərmək çabasındasan?

Hər şey bir yana qalsın e... Sən ümumiyyətlə kimsən ki, bizə başından - boyundan yekə məsləhətlər verirsən, əmrlər verirsən, hökmlər verirsən?

***

Avropa Parlamenti 1952-ci ildə yaranıb və onun ilk adı belə olub: “Avropa Kömür və Polad Birliyi İnstitutu”

Məncə siz köhnə işinizə qayıdın, cənablar... Kömür işinə.

Ən azından əliniz və üzünüz qara rəngə (işlərə) bulaşanda, malalamaq üçün bir səbəbiniz olsun. Ona görə!

Elşən Musayev

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri


Geri dön