Ana Sayfa > Dünya > “Biz hər an vurulub ölə bilərik” – Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?
“Biz hər an vurulub ölə bilərik” – Rostovda qalan 12 dənizçimizi kim xilas edəcək?Bu gün, 12:46. Yazar: vasif |
![]() “Yanımızdakı gəmiləri, yanacaq çənlərini, saxlama anbarlarını gecələr vururlar. Bizim üçün çox ciddi təhlükə var”. Rusiyanın Rostov şəhərində qalan 12 azərbaycanlı dənizçinin həyatı təhlükə altındadır. Dron hücumlarından qorunmaq üçün gəminin zirzəmisində gecələyən dənizçilər aylardır Azərbaycana qayıda bilmir, yeddi aydan artıqdır əməkhaqlarını ala bilmirlər. Gəminin ətrafındakı obyektlərin hədəfə çevrildiyini deyən ekipaj üzvləri hər an hücuma məruz qalacaqlarından ehtiyat edirlər. Bəs müharibə təhlükəsi ilə üz-üzə qalan vətəndaşlarımızın təxliyəsi üçün hansı addımlar atıla bilər? Azərbaycan dövləti onların təhlükəsizliyini necə təmin edə bilər? Musavat.com xəbər verir ki, Rusiyanın Rostov şəhərində qalan “CONSUL” gəmisinin kapitanı Səbuhi Salahov məsələ ilə bağlı açıqlamasında dənizçilərin düşdüyü vəziyyəti belə təsvir edib: “Gəminin ən aşağı hissəsində, zirzəmisində yatırıq ki, dronla vurulanda ölməyək, heç olmasa yaralanaq. Gəmidən çıxıb getməyə yerimiz yoxdur. Eyni zamanda, gəmidən bizi daşıyacaq balaca katerlər Azərbaycan pulu ilə 70-80 manatdır. Biz buradan çıxıb haraya gedək?”. Kapitanın sözlərinə görə, gəminin mənsub olduğu “ADLER” şirkətinin sahibləri iki gün əvvəl onunla əlaqə saxlayıblar. Onlar yük boşaldıldıqdan sonra ekipaj üzvlərinin aparılacağını və əməkhaqlarının ödəniləcəyini bildiriblər. Ancaq bu vədin nə vaxt yerinə yetiriləcəyi məlum deyil. “Bizə bildirdilər ki, gəmidəki yükü boşaldacaqlar, ondan sonra bizi aparacaqlar və ödənişlərimizi edəcəklər. Ancaq bu, verilmiş vəddir. Bunun nə zaman olacağı bəlli deyil. Biz hər an vurula və ölə bilərik”, – Səbuhi Salahov bildirib. Qeyd edək ki, Rostovda qalan 12 dənizçinin 11-i Azərbaycan, biri isə Rusiya vətəndaşıdır. Onlar təxminən dörd aydır gəmidə qalır, yeddi aydan artıqdır əməkhaqqı ala bilmirlər. Kapitanın sözlərinə görə, özəl şirkət olan “ADLER”in İstanbulda ofisi var, sahibləri isə Türkiyə və Azərbaycan vətəndaşlarıdır. Bəs Azərbaycan dövləti təhlükəli vəziyyətdə qalan vətəndaşlarına necə kömək edə bilər? Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, müharibə zonalarında işləməyin yaratdığı risklər barədə vətəndaşların maarifləndirilməsi vacibdir. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi kimi ağır qarşıdurmalar zamanı gəmilərin və digər obyektlərin vurulması, insan tələfatı ciddi təhlükəyə çevrilib. Belə şəraitdə Azərbaycan vətəndaşlarının həmin ərazilərdə işləməyə getməsinin əsas səbəbi pul qazanmaqdır. Hüquqşünas qeyd edib ki, ölkədə normal dolanışığın təmin edilməsinin çətinləşməsi də bəzi vətəndaşları riskli işlərə üz tutmağa vadar edir. “Azərbaycan dövləti də bunu qadağan eləyə bilmir. Bəli, döyüşlərdə iştirakı qadağan edir, yəni bizim vətəndaş gedib hansısa bir dövlətin ordusunda vuruşa bilməz. Amma bu fəaliyyət iqtisadi fəaliyyətdir, gəmidə fəaliyyət göstərir, biz onu qadağan edə bilmirik”, – Əkrəm Həsənov vurğulayıb. Onun fikrincə, bu məsələdə əsas vasitələrdən biri maarifləndirmədir. Həmçinin təhlükəli ərazilərdə işləməyə gedən şəxslərin ailələri də mümkün risklər barədə məlumatlandırılmalıdır. “Bu maarifləndirmə də ilk növbədə həmin vətəndaşın özünə yox, ailələrinə təsir etməlidir. Azyaşlı uşaqları, arvadı başa düşməlidir ki, bu adam gedir və hər an orada belə bir hadisə baş verə bilər”, – hüquqşünas bildirib. Əkrəm Həsənovun sözlərinə görə, söhbət qanuni əmək fəaliyyətindən getdiyi üçün belə işlərə ümumi qadağa qoymaq mümkün deyil: “Qadağa da qoya bilməzlər, qadağa qoya bilmərik. Çünki o fəaliyyətin özü qanuni fəaliyyətdir də. Yəni sən hansısa bir gəmidə işləyirsən, gəmi təhlükəli zonadan keçir, indi keçir-keçir də. Amma fəaliyyətin özü qanunidir axı”. Hüquqşünasın açıqlamasında əsas diqqət təhlükəli bölgələrdə işləməyin risklərinin izah edilməsinə yönəlsə də, Rostovda qalan dənizçilərin hazırkı vəziyyəti təxirəsalınmaz tədbirləri zəruri edir. Onların təhlükəsiz əraziyə çıxarılması, Azərbaycana qayıdışının təşkili və ödənilməyən əməkhaqlarının təmin olunması məsələləri həllini gözləyir. Şirkətin verdiyi vədin nə vaxt yerinə yetiriləcəyi bəlli olmadığından, dənizçilərin taleyinin yalnız bu vədə bağlanması ciddi narahatlıq doğurur. Geri dön |