Ana Sayfa > Gündəm / Manşet / Karusel > Ziya Məmmədovun qohumları haqda ilginc məlumatlar

Ziya Məmmədovun qohumları haqda ilginc məlumatlar


11-10-2015, 15:33. Yazar: admin


Son aylar Nəqliyyat naziri Ziya Məmmədov ətrafında baş verən müəmmalı proseslərlə bağlı maraqlı məlumatlar yayılmaqdadır

Növbəti sensasion xəbəri "Reytinq" qəzeti yayıb.

Qəzet redaksiyasına daxil olan məlumata görə, şübhəli şəkildə əmək məzuniyyətinə göndərilən nazir Ziya Məmmədovun ətrafında çox ciddi proseslər gedir. Bu proseslər hər an Ziya Məmmədovun vəzifədən azad olunması, hətta həbsi ilə də nəticələnə bilər.

Ciddi mənbələrdən daxil olan məlumata görə, Prezident İlham Əliyevin son müşavirələrin birində nəqliyyat sahəsindəki xaosdan danışmasından sonra səlahiyyətlərini bir-birinin ardınca itirən Ziya Məmmədovun təkcə özü deyil, həm də qohumlarının, o cümlədən qardaşı və bacısı uşaqlarının adına olan əmlaklar və biznes strukturları da ciddi nəzarətə götürülüb. İlkin araşdırma zamanı aydın olub ki, Nəqliyyat Nazirliyindəki zəif idarəetmə və külli məbləğdə yeyinti nəticəsində dövlət büdcəsinə çatmalı olan çox böyük məbləğdə vəsaitlər təyinatından yayındırılıb.

Məsələn, vaxtilə Nəqliyyat Nazirliyi sistemində əsas söz sahibləridən biri olmuş Ziya Məmmədovun qardaşı oğlu, keçmiş gömrük əməkdaşı Rövşən Məmmədovun başçılığı ilə şəhər nəqliyyatından, daha dəqiqi, taksi və sahibkarlardan yığılan vəsaitlərin böyük hissəsi rəsmiləşdirilməyərək mənimsənilib. Bu, o qardaşoğludur ki, Ziya Məmmədov nəqliyyat sektorunda ona müstəsna səlahiyyətlər verib. Belə ki, yükdaşımadan savayı, bütün avtomobil xidmətləri (marşrut xətlərinin uzadılması, bir addan başqa ada keçirilməsi, yeni marşrut xətlərinin açılması, taksi, avtobus və s. sərnişindaşıma xidmətləri, həmçinin lisenziya və fərqlənmə nişanlarının verilməsi və s.) üzərində söz sahibi olan Rövşən Məmmədov bu sahələrdən yığılan pulların maksimum 25-30 faizini kassaya daxil edib. Yerdə qalan milyonlarla manat vəsait isə şəxsi biznes və əmlakların alınmasına yönəldilib.

Mənbə bildirib ki, Rövşən Məmmədov bu məsələdə tək olmayıb: "Nəqliyyat sektorunda hamı bilir ki, Rövşən Məmmədov bu qanunsuzluqları nazirin bacısı oğlu Davud Əfəndiyev, eləcə də Qasım Qasımov, Sənan İmanov, Nurəddin İsmayılov və digər şəxslərlə əlbir həyata keçirib. Təsadüfi deyil ki, bu "kruq"un yarıtmaz fəaliyyəti dəfələrlə sürücülərin də haqlı narazılığına səbəb olub".

Nazirin qardaşı oğlu və dəstəsinin "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun başına açdıqları oyuna da diqqəti çəkən mənbə deyib ki, "Bağlan" qrupa bağlı olan "Transqeyt" şirkətinə məxsus, böyük kreditlə alınmış 500 ədəd avtobusun yararsız vəziyyətə salınmasında da onların müstəsna "xidmətləri" var: "Bu işdə Rövşən Məmmədovla, Davud Əfəndiyevlə yanaşı, onlara bağlı olan Sənan İmanov, Nurəddin İsmayılov və başqa şəxslərin hansı rol oynadıqları da sirr deyil.

Bakının Zığ ərazisində istifadə müddətini vaxtsız başa vurmuş "avto-məzarlıq"da qısa araşdırma aparsanız, Ziya Məmmədovun bu dəstəsinin dövlətə və iş adamı Hafiz Məmmədova hansı həcmdə zərər vurduqlarınını aydın şəkildə oxucularınıza çatdıra bilərsiniz. Bəli, bu adamlar avtobuslara qarşı belə bir "soyqırım" törətməklə, digər bir mərkli planı həyata keçirmək istəyiblər. Belə ki, həmin nəqliyyat vasitələri iş adamı Hafiz Məmmədovun Azərbaycan Beynəlxalq Bankı, digər nəqliyyat şirkətləri və s. mənbələrdən kredit və borc müqaviləsi ilə aldığı avtobuslar olub. Burada məqsəd Ziya Məmmədovun rəqibi olan "Hafka"nı kredit "məngənəsi"ndə sıxmaqla, onun "büdrədilməsi"nə nail olmaq idi. Düzdür, onlar "Hafka" ilə bağlı məqsədlərinə nail olsalar da, ancaq nəticəsi Ziya Məmmədov üçün də müsbət bitmədi. Çünki Nəqliyyat nazirini də bu zərərə şərik olmaq məcburiyyətində qoyan şəxslər tapıldı".

İddia edilir ki, nazir bu iş üçün 800 milyon manat ödəmək məcburiyyətində qalıb. Bu məbləğə "Baku Bus"un istifadəsində olan müasir avtobusların alınması və ona görə yaranan kredit faizləri də daxildir.

Z.Məmmədovun qardaşı oğlu R.Məmmədovun, bacısı oğlu D.Əfəndiyevin və digər qohumlarının korrupsiya əməllərinin izini itirmək üçün tez-tez vəzifələrini dəyişdiyini də sözlərinə əlavə edən nazirlikdəki mənbə bildirib ki, bu yolla milyardların diqqəti çəkməsinin qarşısını almaq istəyiblər. Ancaq nəfs o qədər güclü olub ki, yaradılan digər şirkətlərə təyin edilən bacıoğlu, qardaşoğlu yenə də "əməllərini" tərgidə bilməyiblər. Elə R.Məmmədovun "M.Trans" MMC-nin rəhbəri olarkən böyük pulları "çırpışdırması" haqda deyilənlər də, belə düşünməyə əsas verir:

"M.Trans" MMC-nin keçmiş rəhbəri, eyni zamanda, şəhər nəqliyyatının keçmiş şöbə müdiri vəzifələrində işləyərkən də, Rövşən Məmmədov rayonlar üzrə nəqliyyat idarələri və avtovağzallardan yığılan vəsaitləri büdcədən yayındırmağı bacarıb. Bu sahədən böyük gəlir gəlsə də, Rövşən Məmmədov illər ərzində onun 60-70 faizini büdcədən yayındırıb. Həmin pullar isə şəxsi biznes və əmlakların genişləndirilməsinə, dünyanın müxtəlif istirahət məkanlarında din-cəlməyə xərclənib".

Yeri gəlmişkən, onu da qeyd edək ki, "M.Trans" MMC və onun harada qeydiyyatdan keçirilməsi də cəmiyyət üçün maraqlı sayıla bilər. Bu şirkətin təsisçisi Britaniyanın Vircin adalarında yaradılan və fəaliyyət göstərən 07.12.2004-cü il tarixdə, 628941 sayla "Evro-Amerikan Trust and Management Servise Limited", "Road Tovn", "Tortola", British Virgin İslands ünvanında qeydiyyatda olan "Notex İnternational Group"dur. Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən isə ölkəmizdə fəaliyyət göstərməsi üçün 0103-P31-38580 saylı şəhadətnamə ilə 14 oktyabr 2003-cü ildə qeydiyyata alınıb.

Məlumatda həm də bildirilir ki, Məmmədovlar "M.Trans" MMC ilə yanaşı, "Trans-Kontrol" MMC vasitəsi ilə də çox böyük korrupsiyaya yol veriblər. Mənbə deyib ki, Nəqliyyat Nazirliyindəki maliyyə fırıldaqları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) də diqqətini çəkib: "Bu yöndə baş verən cinayəti araşdırmaq üçün MTN müəyyən araşdırma aparıb, müəyyən şəxsləri sorğu-sual etməyə başlayıb. Yəqin ki, Ziya Məmmədovun öz qohumlarından bəzilərini ətrafından kənarlaşdırması da belə yoxlamalardan irəli gəlir. Nazir bununla qohumlarını məsuliyyətdən yayındırmaq istəyir. Ancaq onun belə manevrlərinin bəhrə verəcəyinə inanmıram. O və qohumları barədə "düymə" basılıb. Əminəm ki, Məmmədovlar dövlətə vurduqları zərərin hesabını verəcəklər".

Məlumatda bildirilir ki, Z.Məmmədov və onun qohum-əqrəbasının hər birinin dəyəri milyonu aşan çoxsaylı villa və obyektləri var: "Əgər təkcə qardaşı oğlu Rövşən Məmmədovun Badamdar, Mərdəkan, Hövsan və digər yerlərdəki villalarının, onlarla obyektlərinin qiymətini hesablasaq, Məmmədovların dövləti necə talan etmələri aydın görünər. Düşünürəm ki, Ziya Məmmədovun özü və qardaşlarının əmlakı ilə bərabər, qardaşı və bacısı uşaqlarının da qazandıqları varidatın mənbəyi köklü araşdırmaya məruz qalacaq". (qafqazinfo.az)
Geri dön