Ana Sayfa > Siyasət > Prezidentin köməkçisi: "Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var”

Prezidentin köməkçisi: "Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var”


17-04-2017, 15:39. Yazar: admin
Prezidentin köməkçisi: "Dəmir yolu ilə daxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var”



Sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. "Azərbaycan Dəmir Yolları" QSC-nin parkı çox köhnəlib. Buna görə, xammalın ixracı zamanı şirkətlər problemlərlə üzləşir.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının Elçin Mədətov deyib.

O bildirib ki, Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin parkında olan sisternalar olduqca azdır: "İxracatçılar da təsdiqləyər ki, onlar əllərində olan ixrac müqavilələrinin tələblərini yerinə yetirə bilmir. Ən böyük problem odur ki, sisternalar olmadığı üçün ümumiyyətlə müqavilə imzalanmayıb. Dəmir yolunda daşıma tarifləri məntiqə uyğun deyil. Çox maraqlıdır ki, dəmir yolunda daşınma avtomobil yolu ilə daşınmadan baha başa gəlir. Bizim xammal idxala bağlıdır. Məsələn, şüşə idxalımız Rusiyadan həyata keçirilir. Lakin hazırda Dağıstanda sürücülər tətil elan edib. Bunu nəzərə alaraq, biz "Azərbaycan Dəmir Yolları" QSC-yə müraciət etdik. 50 tonluq yükün Yalama-Biləcəri marşrutu üzrə 200 kilometrlik daşınması üçün 1300 manat, Yalama-Ləki-Ağdaş üzrə isə 1900 manat tələb olundu. Qeyd edim ki, 50 tonluq yükü iki ədəd TIR-la daşımaq mümkündür . 1 TIR-la daşınma 300-400 manata başa gəlir. Amma biz 1300 manat xərcə düşürük. Bilirik ki, dəmir yolu nəqliyyatında daşımanın tarifi İsveçrə frankının məzənnəsinə uyğun hesablanır. Başa düşürük ki, manat devalvasiyaya uğrayıb. Lakin daxili daşımalarda bu amil nəzərə alınmalıdır".

Sahibkara cavab olaraq prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC ölkədaxili daşımalarda inhisarçı mövqeyə malikdir: "Bunu nəzərə alaraq, ölkədaxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var. Daxili daşımalarda bu cür problemlər varsa, tariflərin dövlət tərəfindən tənzimlənməsinin tam hüquqi əsasları var. O ki qaldı dəmir yolu parkının yenilənməsinə, ölkə başçısının bununla bağlı müvafiq göstərişi var. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. "Azərbaycan Dəmir Yolları" QSC parkın yenilənməsi istiqamətində müvafiq işlər görür, müxtəlif təyinatlı vaqonlar alır".

AİA.az
Geri dön