Ana Sayfa > Özəl > Valideynlər diqqətli olsun: Azərbaycanda uşaq oyuncaqları ilə bağlı yeni qaydalar müəyyənləşdi

Valideynlər diqqətli olsun: Azərbaycanda uşaq oyuncaqları ilə bağlı yeni qaydalar müəyyənləşdi


Bu gün, 19:17. Yazar: vasif
Valideynlər diqqətli olsun: Azərbaycanda uşaq oyuncaqları ilə bağlı yeni qaydalar müəyyənləşdi




Azərbaycanda uşaqların sağlamlığının qorunması məqsədilə oyuncaqların istehsalı və təhlükəsizliyinə dair yeni tələblər təsdiqlənib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla qüvvəyə minməsi nəzərdə tutulan “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də xüsusilə azyaşlı uşaqlar üçün təhlükə yarada biləcək məhsullarla bağlı mühüm şərtlər müəyyən edilib.

Yeni qaydalara əsasən, üç yaşınadək uşaqlar üçün hazırlanan oyuncaqlar və onların ayrılan hissələri boğulma təhlükəsi yaratmamalıdır. Qida məhsullarına bərkidilən oyuncaqların ölçüləri də uşağın tənəffüs yollarına düşmə riskinin qarşısını alacaq formada olmalıdır.

Bundan başqa, uşağın başını tam örtən maska və dəbilqələr kifayət qədər hava keçirməlidir. Ağızla birbaşa təmasda olan çınqıldayan və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına isə icazə verilmir.

Reqlamentdə bəzi məhsulların oyuncaq hesab edilmədiyi də göstərilib. Yeni il ağacı bəzəkləri, dekorativ kuklaların müəyyən növləri, kolleksiya modelləri, uşaq meydançası və idman avadanlıqları bu kateqoriyaya daxildir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, oyuncaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, keyfiyyətsiz plastik materiallar, tərkibində zərərli maddələr ola bilən boyalar və asanlıqla qopan kiçik hissələr uşaqların sağlamlığı üçün ciddi risk yarada bilər.

Ekspert valideynlərə oyuncaq alarkən bir neçə mühüm məqama diqqət yetirməyi tövsiyə edib. Kəskin kimyəvi qoxusu olan, boyası asanlıqla çıxan, tükləri qopan və iti kənarları olan məhsullardan uzaq durmaq məsləhət görülür. Oyuncağın uşağın yaşına uyğunluğu və üzərindəki təhlükəsizlik xəbərdarlıqları da yoxlanılmalıdır.

Eyyub Hüseynov yeni qaydaların effektiv tətbiqi üçün laboratoriya yoxlamalarının və bazara nəzarətin şəffaf təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. O hesab edir ki, istehlakçılar oyuncaqların təhlükəsizliyini harada və hansı qaydada yoxlatdıra biləcəkləri barədə məlumatlandırılmalıdır.

Mütəxəssislərin fikrincə, oyuncağın yalnız görünüşü və qiyməti deyil, hazırlandığı material, keyfiyyəti və uşağın yaşına uyğunluğu da seçim zamanı əsas meyar olmalıdır.
Geri dön