Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan regional güc mərkəzi kimi Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşıdır
Azərbaycan regional güc mərkəzi kimi Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşıdırBu gün, 12:25. Yazar: azer |
![]() Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin region dövlətləri ilə münasibətlərinin strateji əhəmiyyətini və əməkdaşlığın gələcək istiqamətlərini bird aha nümayiş etdirir. Azərbaycanın ötən ilin noyabrında Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi regional əlaqələrin genişlənməsi, ortaq təşəbbüslərin həyata keçirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaranması baxımından mühüm hadisədir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsinə, Xəzər hövzəsində qarşılıqlı fəaliyyətin güclənməsinə və regionlararası bağlantıların inkişafına əlavə imkanlar yaradır. Bu, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycanın regional əməkdaşlıq platformasında iştirakı həm də ölkəmizin iqtisadi, nəqliyyat və enerji imkanlarının daha geniş coğrafiyada reallaşdırılması üçün əlverişli şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri fəal siyasi dialoqla yanaşı, iqtisadi-ticari əlaqələrin və qarşılıqlı investisiyaların genişlənməsi ilə də səciyyələnir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə bu dövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradaraq iqtisadi əməkdaşlığın yeni mərhələsinə zəmin hazırlayıb. Bu fondların imkanlarından istifadə etməklə birgə istehsal müəssisələrinin yaradılması, sənaye əlaqələrinin genişləndirilməsi və məhsulların beynəlxalq bazarlara çıxarılması qarşılıqlı tərəfdaşlığın səmərəsini daha da artıra bilər. Nəqliyyat və logistika sahəsi Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Xəzər dənizinin hər iki sahilində infrastrukturun inkişafı, limanların, dəmir və avtomobil yollarının imkanlarının genişləndirilməsi regionun beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Bu baxımdan, Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı məlumata görə, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu göstəricilər marşrutun inkişafı üçün görülən işlərin və region ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini nümayiş etdirir. Əməkdaşlığın digər mühüm istiqaməti energetikadır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli ölkəmizin regional enerji əlaqələrində rolunu artırır. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər gələcək üçün yeni perspektivlər açır. Ənənəvi enerji resurslarının daşınması ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın paralel inkişafı regionun enerji imkanlarından daha səmərəli istifadəyə xidmət edir. Prezident İlham Əliyevin çıxışında qardaş ölkələrin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək də xüsusi qeyd olunub. Türkmənistanın Füzulidə məscid inşa etməsi, Özbəkistanın burada Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaratması, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb tikməsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın bariz nümunəsidir. Bu layihələr azad edilmiş ərazilərin bərpasına töhfə verməklə yanaşı, gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir. Mövcud reallıqlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin çoxşaxəli xarakterini və gələcək əməkdaşlıq üçün mövcud imkanları bir daha təsdiqləyib. Siyasi etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin inkişafı regional tərəfdaşlığın əsas istiqamətləridir. Prezident İlham Əliyevin çıxışında vurğulanan sülh, təhlükəsizlik və sabitlik prinsipləri isə bu əməkdaşlığın davamlı inkişafı üçün vacib şərtlər kimi çıxış edir. Azərbaycanın regional proseslərdə fəal iştirakı və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin ardıcıl inkişafı həm ölkəmizin milli maraqlarına, həm də daha geniş coğrafiyada qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |