Ana Sayfa > Siyasət > AZƏRBAYCAN VƏ MƏRKƏZİ ASİYA: STRATEJİ TƏRƏFDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ
AZƏRBAYCAN VƏ MƏRKƏZİ ASİYA: STRATEJİ TƏRƏFDAŞLIĞIN YENİ MƏRHƏLƏSİBu gün, 11:13. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və nəqliyyat-kommunikasiya imkanlarından səmərəli istifadə dövlətlərin qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 8 oktyabr 2026-cı il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşündəki çıxışı bu əməkdaşlığın strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha nümayiş etdirdi. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv kimi qoşulması regionlararası münasibətlərin tarixində mühüm hadisədir. Bu qərar Azərbaycanın artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş mövqeyinin və regional proseslərdə fəal iştirakının göstəricisidir. Eyni zamanda, bu addım Xəzər dənizinin hər iki sahilində yerləşən dövlətlər arasında əməkdaşlığın daha geniş siyasi və iqtisadi müstəvidə inkişafına yeni imkanlar yaradır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artmış, region ölkələrinin kapitalı əsasında fəaliyyət göstərən 400-dən artıq şirkət Azərbaycanda iş aparmağa başlamışdır. Bu göstəricilər əməkdaşlığın artıq siyasi dialoq çərçivəsindən çıxaraq real iqtisadi nəticələr verdiyini təsdiqləyir. Münasibətlərin növbəti mərhələsində əsas məqsəd qarşılıqlı ticarəti artırmaqla yanaşı, birgə investisiyaları, istehsal müəssisələrinin yaradılmasını və sənaye kooperasiyasını genişləndirməkdir. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondları bu istiqamətdə mühüm vasitədir. Mövcud imkanlardan səmərəli istifadə edilməsi yeni iş yerlərinin açılmasına, müasir texnologiyaların tətbiqinə və regional iqtisadiyyatların rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verə bilər. Nəqliyyat və logistika sahəsi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş liman, dəmir yolu və avtomobil yolları infrastrukturu Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması regionun beynəlxalq ticarətdə mövqelərini gücləndirir. Bu marşrutun imkanlarının genişləndirilməsi daşımaların sürətinin artırılması, tranzit xərclərinin optimallaşdırılması və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Rəqəmsal bağlantıların inkişafı da bu prosesin ayrılmaz hissəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kabellərin çəkilməsi və “Digital Silk Way” layihəsinin həyata keçirilməsi region ölkələrinin informasiya-kommunikasiya imkanlarını genişləndirir. Belə təşəbbüslər təkcə texnoloji inkişafı deyil, həm də gələcəkdə rəqəmsal iqtisadiyyatın və innovativ əməkdaşlığın güclənməsini təmin edə bilər. Enerji sahəsində əməkdaşlıq da Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin mühüm istiqamətidir. Azərbaycan Mərkəzi Asiyada istehsal olunan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında əhəmiyyətli tranzit imkanlarına malikdir. Bununla yanaşı, bərpaolunan enerji sahəsində Qazaxıstan və Özbəkistanla əməkdaşlıq, yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər regionun enerji gələcəyi üçün yeni perspektivlər açır. Ənənəvi enerji resursları ilə yanaşı, təmiz enerji mənbələrinin inkişafı həm iqtisadi, həm də ekoloji baxımdan mühüm nəticələr vəd edir. Prezident İlham Əliyevin çıxışında azad edilmiş ərazilərin bərpasına Mərkəzi Asiya ölkələrinin verdiyi töhfələrə də xüsusi diqqət yetirilməsi qarşılıqlı münasibətlərin mənəvi və humanitar tərəflərini ön plana çıxarır. Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini, Ağdamda isə Qırğızıstanın Manas adına məktəbi inşa etməsi qardaş xalqlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin konkret təzahürüdür. Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yalnız iqtisadi maraqlara söykənmir. Tarixi və mədəni yaxınlıq, qarşılıqlı etimad, suverenliyə hörmət və ortaq inkişaf məqsədləri bu münasibətlərin möhkəm təməlini təşkil edir. Əminə Ağazadə Milli Məclisin deputatı Geri dön |