Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-1 > Eldar Quliyev: “Türk dövlətlərində daxili sabitliyinin qorunmasının vacibliyi, müxtəlif xarici təsirlərin cəmiyyətlərimizin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir”

Eldar Quliyev: “Türk dövlətlərində daxili sabitliyinin qorunmasının vacibliyi, müxtəlif xarici təsirlərin cəmiyyətlərimizin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir”


Bu gün, 09:37. Yazar: azer
Eldar Quliyev: “Türk dövlətlərində daxili sabitliyinin qorunmasının vacibliyi, müxtəlif xarici təsirlərin cəmiyyətlərimizin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir”

ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Bakının mühüm beynəlxalq tədbilərə ev sahibliyi etməsinin əhəmiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Bu il Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən biri də sentyabrın 15-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı oldu. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiz?

- Qeyd edim ki, mən özüm də həmin toplantıda bilavasitə iştirak etmişəm və orada müzakirə olunan məsələlər barədə birbaşa məlumatlıyam. Bu əlamətdar hadisə ilk növbədə Azərbaycanın mənəvi dəyərlərə, tarixi irsə və sivilizasiyalararası dialoqa münasibətini nümayiş etdirir. Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər də bu yanaşmanın məzmununu aydın şəkildə ortaya qoydu. Azərbaycan həm Qərb, həm də Şərq mədəniyyətlərini təmsil edən dövlətlərlə sıx münasibətlər quran ölkədir. Qədim Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi və bu gün Azərbaycanın TDT-dəki fəal mövqeyi ölkəmizin regional əlaqələndirici rolunun əsaslarını göstərir. Prezident İlham Əliyevin çıxışında sülh, əməkdaşlıq və həmrəyliyin xüsusi yer tutması Azərbaycanın İslam dünyasına münasibətində ardıcıllığı göstərir. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də ölkəmizə göstərilən etimadın ifadəsidir. Azərbaycanın müxtəlif platformalarda birləşdirici mövqe nümayiş etdirməsi bu etimadın mühüm səbəblərindəndir. Görüşdə dini liderlərin sülhün təşviqində məsuliyyətinə diqqət yönəldilməsi də mühüm mesajdır. Dini liderlərin barışıq və əmin-amanlıq çağırışları böyük təsir gücünə malikdir. İslam həmrəyliyinin yalnız sözlə deyil, əməli addımlarla möhkəmləndirilməsi Prezident İlham Əliyevin yanaşmasının əsas cəhətlərindəndir. Bakıda keçirilən tədbirlər Azərbaycanın öz tarixi-mədəni irsinə sahib çıxan, Türk dünyasını və İslam aləmini birləşdirən, Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsinə töhfə verən dövlət kimi mövqeyini daha aydın göstərir.

- Eldar müəllim, qeyd etdiyiniz kimi, Azərbaycan öz münasibətlərini həm Qərb ölkələri ilə də səmimi tərəfdaşlıq əlaqələri əsasında qurur. Bu baxımdan Azərbaycan-Almaniya münasibətlərinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Sizin bu sualınıza daha dolğun cavab vermək üçün Prezident İlham Əliyevin iyulun 21-də Berlində mətbuata bəyanatın səsləndirdiyi fikirlərə istinad etmək ən doğrusu olar. Həmin bəyanat Azərbaycan–Almaniya münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiq etdi. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə arasında strateji dialoqun başlanması və ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisədir. Bu addımlar təkcə ikitərəfli əməkdaşlığın genişlənməsinə deyil, həm də Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bəyanatda qeyd olunduğu kimi, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi olaraq regionda təsirini artırır və bu reallıq Azərbaycan–Almaniya əlaqələrinin strateji əhəmiyyətini daha da yüksəldir. İkitərəfli gündəliyin geniş olması, əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrini əhatə etməsi əlaqələrin uzunmüddətli perspektivə hesablandığını göstərir. İmzalanmış sənədlərin icrasını təmin etmək üçün işçi qruplarının yaradılması barədə razılıq əldə olunması isə qəbul edilən qərarların praktik nəticələrə yönəldiyini təsdiqləyir.

- Bəli, həmin səfərin diqqət çəkən özəlliklərindən biri də bu idi ki, aparılan müzakirələrdə məhz iqtisadi əməkdaşlığın inkişafı məsələsi əsas prioritetlərdən biri idi...

- Bu da təbiidir. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Buna baxmayaraq Alman şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsi üçün yeni konkret təkliflər irəli sürülüb, qarşılıqlı sərmayələrin artırılması istiqamətində müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması biznes dairələri arasında əlaqələrin institusional əsasda inkişafına yeni imkanlar açacaq. Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı da xüsusi yer tutdu. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması, artıq Avropa İttifaqının on ölkəsinin Azərbaycan qazı ilə təmin olunması ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını bir daha nümayiş etdirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çatdırılması planları əməkdaşlığın daha geniş strateji məzmun qazandığını göstərir. Bütövlükdə, Berlində keçirilən görüş və imzalanan sənədlər göstərdi ki, Azərbaycan–Almaniya münasibətləri artıq yeni strateji gündəlik əsasında inkişaf edəcək. Bu gündəlik qarşılıqlı siyasi etimadı, iqtisadi tərəfdaşlığı, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sülhü vahid əməkdaşlıq platformasında birləşdirərək hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edən möhkəm təməl formalaşdırır.

- Eldar müəllim, sentyabr ayında Azərbaycan cəmiyyətində müzakirələrə səbəb olmuş məsələlərdən biri də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura etdikləri səfərə Ermənistanın qeyri-adekvat reaksiya verməsi ilə bağlı idi. Bununla bağlı hansı fikirlərinizi paylaşmaq istərdiz?

- Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri çox mühüm siyasi məzmun daşıyır. Bu səfər uzun illər ərzində formalaşdırılmış təbliğatın mahiyyətini üzə çıxararaq onun puçluğunu bir daha nümayiş etdirdi. Hər kəs gördü ki, mövcud reallıq Ermənistanın illərlə yaydığı təhrif olunmuş təsəvvürlərlə üst-üstə düşmür. Məhz buna görə də diplomatik nümayəndələrin bölgədəki vəziyyətlə tanış olması, aparılan genişmiqyaslı quruculuq işlərini görməsi və tarixi-mədəni irslə bağlı real mənzərəni müşahidə etməsi Ermənistanın bəzi dairələrində ciddi narahatlıq yaratdı. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra burada həyatın bərpa olunması, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıtması artıq danılmaz gerçəklikdir. Xarici diplomatların bu prosesi birbaşa müşahidə etməsi isə saxta təbliğatın təsir imkanlarını daha da məhdudlaşdırır. Məhz buna görə Ermənistan cəmiyyətinin müəyyən təbəqələrində səfərə qarşı aqressiv reaksiyanın ortaya çıxması təsadüfi görünmür.

- Bəs xarici diplomatları Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə qınamağın ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil etmirmi?

- Əlbəttə ki, edir. Həm də böyük miqyasda. Qarabağın Azərbaycana məxsusluğu beynəlxalq səviyyədə qəbul olunmuş həqiqətdir. Deməli, Ermənistan daxilində hansısa qrupların diplomatların hərəkət azadlığına münasibət bildirmək adı altında təzyiq göstərməsi yolverilməzdir. Məsələnin başqa bir tərəfi tarixi irslə bağlı manipulyasiyalardır. Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi yaşayış məskənləri, qəbiristanlıqları, məscidləri və digər mədəni izləri uzun illər ərzində dağıdılıb və ya silinib. Yalnız Qarabağdakı abidələr ətrafında iddialar irəli sürmək obyektiv yanaşma sayıla bilməz. Bütün bunların fonunda Ermənistan parlamenti sədrinin açıqlaması da xüsusi diqqət çəkir. Xarici diplomatların Azərbaycanın ərazisindəki səfərinə münasibət bildirmək Ermənistanın səlahiyyət dairəsinə aid deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa proqramı bölgənin gələcəyini müəyyənləşdirən əsas reallığa çevrilib. Xarici diplomatların səfərləri bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidəsinə imkan verir.

- Eldar müəllim, necə bilirsiniz, Ermənistanda revanşist qüvvələrin hələ də yenidən baş qaldırmaq cəhdlərini müşahidə etdiyimiz bir şəraitdə Naxçıvanın təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımlar kifayət qədər effektivmidir?

- Əlbəttə ki, Naxçıvanın gələcəyi haqqında danışarkən ilk növbədə Muxtar Respublikanın təhlükəsizliyi etibarlı şəkildə təmin olunmalıdır. Cənab Prezident İlham Əliyevin cari ilin avqust ayının 11-də Naxçıvanda səfərdə olarkən Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Dövlət başçısının Naxçıvana səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi potensialının gücləndirilməsi ilə bağlı görülən işlər Azərbaycanın milli təhlükəsizlik siyasətinin bu istiqamətdə ardıcıl xarakter daşıdığını göstərir. Naxçıvanın coğrafi mövqeyi burada müdafiə məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Azərbaycan ərazisinin əsas hissəsindən ayrı yerləşən muxtar respublikanın təhlükəsizliyinin təmin olunması yalnız yerli əhəmiyyətli məsələ deyil, bütövlükdə dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunması ilə bağlı strateji istiqamətdir. Məhz buna görə burada yaradılan hərbi infrastrukturun müasir tələblərə uyğunlaşdırılması dövlət siyasətinin mühüm hissəsidir...

- Tamamilə Sizinlə razıyam. Həqiqətən də son illərdə Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni komando hərbi hissələrinin yaradılması və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi Naxçıvanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artırıb...

- Bir vacib məqama da diqqət yetirək ki, bu prosesin mahiyyəti yalnız daha çox silah və texnikaya malik olmaqdan ibarət deyil. Müasir ordu çevik qərar qəbul etmək, müxtəlif şəraitlərdə əməliyyat aparmaq və yeni texnologiyalardan səmərəli istifadə etmək imkanına malik olmalıdır. Naxçıvanda aparılan hərbi quruculuq da məhz bu prinsiplərə əsaslanır. Burada diqqət çəkən digər məqam Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra qazandığı yeni təcrübənin bütün hərbi strukturların inkişafına təsir göstərməsidir. 44 günlük müharibə müasir döyüş meydanında texnologiyanın, peşəkarlığın, koordinasiyanın və düzgün strategiyanın nə qədər mühüm olduğunu nümayiş etdirdi. Azərbaycanın hərbi quruculuq siyasəti də həmin təcrübədən nəticə çıxararaq ordunun gələcək çağırışlara hazır vəziyyətdə saxlanılmasını nəzərdə tutur. Naxçıvanın təhlükəsizliyinin gücləndirilməsi iqtisadi inkişafla da birbaşa bağlıdır. Çünki sərhədləri etibarlı qorunan, sabitliyi təmin edilən ərazi investor üçün də, sahibkar üçün də, turist üçün də daha cəlbedici olur. Bu baxımdan Prezidentin səfəri zamanı həm hərbi, həm də iqtisadi və sosial layihələrin paralel şəkildə gündəmə gəlməsi vahid dövlət strategiyasının məntiqini nümayiş etdirir. Dövlətin siyasi iradəsi, ordunun peşəkarlığı və müasir hərbi imkanların vəhdəti muxtar respublikanın təhlükəsizliyini daha yüksək səviyyəyə qaldırır. Məhz bu möhkəm təməl üzərində Naxçıvanın iqtisadi yüksəlişi, sosial tərəqqisi və regional əhəmiyyətinin artması üçün daha geniş imkanlar yaranır.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

Geri dön